Ərdoğan Qərbə mesajlar verdi Dünya

Ərdoğan Qərbə mesajlar verdi

Elxan Şahinoğlu: "Ümumxalq mitinq Türkiyənin siyasi tarixində yeni səhifə acaçaq"

Cavid

"7 avqust mitinqi Türkiyə prezidenti və ya hakim AK partiyanın mitinqi deyildi. Bu bütün Türk xalqının mitinqi idi. Əgər dünənki mitinq AK partiyanın mitinqi olsaydı, inanmıram ki, 5 milyon adam gələrdi".
Bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu İstanbulda baş tutmuş "Demokratiya və Şəhidlər mitinqi"ni şərh edərkən deyib.
Siyasi ekspert hesab edir ki, 15 iyul tarixli çevrilişə cəhdin qarşısının alınması təkcə Ərdoğanın deyil, bütün Türkiyə xalqının qələbəsi idi.
Elxan Şahinoğlu bildirib ki, Ərdoğan dünənki mitinqdə xaricə və daxilə ciddi mesajlar verdi:
"Qiyamçılar üzərində qələbəni təkcə Ərdoğan və AK partiya qazanmadı. Bu, bütün Türkiyə cəmiyyətinin müxalifətli-iqtidarlı bir yerdə qalibiyyəti idi. Ona görə dünənki mitinqi Türkiyə tarixində xalqın ən böyük və izdihamlı birliyi kimi qiymətləndirmək olar.
Çünki ilk dəfə olaraq ümumxalq mitinqində, xalqın qarşısında müxalifətlə iqtidar əl-ələ verib, bir yerdə çıxış etdilər. Bununla da Türkiyə rəhbərliyi həm ölkə daxilinə və həm də xaricinə bir sıra ciddi mesajlar verdi.
Daxilə verilən mesaj o idi ki, artıq müxalifətlə iqtidar arasındakı qovğalara son qoyulmalıdır. Dialoq əsasında fəaliyyət göstərmək lazımdır. Çünki 15 iyul dövlət çevrilişinə cəhdə qədər müxalifətlə iqtidar arasında çox ciddi və sərt siyasi mübarizə gedirdi.
Hətta bu siyasi mübarizə qarşılıqlı təhqirlər səviyyəsində gedirdi. Düşünürəm ki, bundan sonra Ərdoğanın da çox böyük məsuliyyəti olacaq. Çox təəssüf ki, Ərdoğan da zamanla müxalifətə qarşı çox sərt ritorika ilə çıxış edib.
Hesab edirəm ki, Ərdoğan müxalifətə qarşı bu ritorikasını bir qədər yumşaltmalıdır ki, gələcəkdə müxalifətdən də dəstək ala bilsin".
Politoloq vurğulayıb ki, ümumxalq mitinqi Türkiyənin siyasi tarixində yeni səhifə acaçaq:
"Ümumxalq mitinqi bundan sonra Türkiyə tarixindi yeni siyasi səhifə aça bilər. Düzdür, bundan sonra da Türkiyənin siyasi həyatında iqtidarla müxalifət arasında hər zaman mübarizə olacaq.
Amma bunun hər hansı bir çərçivədə aparılması zərurətdir. Çünki 15 iyul dövlət çevrilişinə cəhddə parlamentin binasının bombalanması onu göstərdi ki, bu təhlükə bütün xalq üçün oldu. Bundan ƏrdoğanŞ AK partiya, CHP, MHP - hamıya zərbə dəydi.
Əgər çevriliş baş tutsaydı Türkiyədə vətəndaş müharibəsi başlayacaq və ölkəni İŞİD, PKK rahat şəkildə girib məhv edəcəkdi. Çevriliş planı reallaşaydı, Türkiyə bu gün Suriyanın gününə düşəcəkdi. Ona görə də bu çevrilişə cəhd üzərində qələbədə hamının payı var".
Elxan Şahinoğlu Ərdoğanın 7 avqust mitinqində Qərbə verdiyi mesajlarını da şərh edib:
"Ərdoğanın dünənki mitinqdə xaricə verdiyi mesajlar Qərbdə heç də müsbət qarşılanmayacaq. Çünki artıq Türkiyə ilə Qərb və ABŞ arasındakı siyasi gərginlik yalnız hakimiyyətlə deyil, həmçinin xalqla Qərb arasında yaranıb.
Bütün Türkiyə cəmiyyəti düşünür ki, çevrilişə cəhdin arxasında Fətullah Gülənin terror şəbəkəsi dayanır.
Amma Amerika Güləni Türkiyəyə ekstradisiya etmək istəmir. Avropa Birliyi ölkələrinin də çevrilişə cəhdə münasibəti birmənalı deyil.
Yəni Avropa sanki bu çevrilişə cəhdi sıradan bir hadisə kimi qiymətləndirir. Ona görə də Türkiyənin Qərblə, ABŞ-la münasibətləri getdikcə soyuyur.
Mitinq sonrası Ərdoğanın baş tutacaq Sankt-Peterburq səfəri böyük siyasi önəm kəsb edir. Çünki Türkiyənin Qərblə münasibətləri belə soyuq davam etdikcə, Rusiya ilə yaxınlaşma davam edəcək və Putin də bundan məharətlə yararlanacaq".