Rusiyanın Ukrayna qərarı: Yeni müharibə başlayır? Dünya

Rusiyanın Ukrayna qərarı: Yeni müharibə başlayır?

Rusiya hələlik Ukraynaya qarşı konkret hansı addımlar atacağını bilmir.
Bu barədə informasiyanı "Vedemosti" qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet Təhlükəsizlik Şurasının iclasında hələlik Krımdakı son terakt ilə bağlı heç bir ortaq nəticə tapılmadığını yazıb:
"Rusiya Ukraynaya hərbi zərbə endirilməsi variantını nəzərdən keçirmir. Bu zərbə başqa vasitə ilə reallaşa bilər. Belə ki, Rusiyanın yerinə Donbasdakı separatçılar Kiyevə başağrısı verə bilərlər".
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının son iclası 11 avqustda olub.
Bundan öncə Rusiya Federal Təhlükəsizlik Xidməti Krımda terrorun qarşısını aldığını bəyan edib. FTX terroru həyata keçirmək istəyən Ukrayna diversantlarını yaxaladığını bildirib. Bundan sonra Prezident Vladimir Putin Ukraynanı tənqid edərək, onu terrorizmdə günahlandırıb. O, Ukraynaya bu hadisəyə görə cavab veriləcəyini deyib.
Ukrayna Prezidenti Pyotr Poroşenko isə ölkədəki bütün ordu birləşmələrinin tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi haqqında əmr verib.