“İslam Dövləti”ni Sirtdən sonra nə gözləyir? Dünya

“İslam Dövləti”ni Sirtdən sonra nə gözləyir?

Sirtdən qaçmağa çalışan bəzi İŞİD liderləri əsir düşüb

BBC yazır ki, İslam Dövləti (İD) adlanan təşkilatın Liviyanın Sirt şəhərindəki istehkamında məğlub olması, hələ təşkilatın bu ölkədə sonu demək deyildir. İD silahlıları hazırda BMT tərəfindən dəstəklənən Liviya Milli Barışıq Hökumətinin qoşunları tərəfindən sahil şəhəri Sirtdən çıxarılmaq üzrədirlər. Lakin bütün diqqətin Sirt üzərinə yönəlməsinə baxmayaraq, İD ölkənin başqa yerlərində də problemlər yaradır və onun başqa bir yerdə təkrar qruplaşa biləcəyi istisna olunmur. Barışıq hökumətinin qoşunları Sirt şəhərini İD-dən geri almaq üçün Solid Structure adlı əməliyyat keçirib.
May ayından bəri hökumət qoşunları cihadçıları ABŞ-ın hava zərbələrinin dəstəyi ilə geri oturtmağa başlayıblar. Qüvvələr nisbəti dəyişdikcə Sirtdən qaçmağa çalışan bəzi İD liderləri əsir düşüb. İD ilk dəfə Liviyanın şərqindəki Derna şəhərində peyda olandan bəri Sirt onun ikinci istehkamı sayılırdı. Ondan əvvəl Liviya torpağımnda vuruşan başqa qruplaşmalar da İD-ə sədaqət bildirmişdilər.
Hazırda İD Liviyanın ikinci şəhəri Benqazinin ərtrafında adda-budda ərazilərə nəzarət edir. Onlar burada hücum edən hökumət qoşunlarına müqavimət göstərirlər. İD Dernadakı mövqelərindən öz rəqibi əl-Qaidənin Derna Mücahidlər Şurası adlı təşkilatının alyansı tərəfindən çıxarılıb. Bundan sonra İD döyüşçüləri Liviyanın neftlə zəngin regionuna yaxın əl-Nəvfaliyyə şəhərinə, oradan da Sirt yaxınlığına çəkilmişdilər.
Bununla belə Sirtin itirilməsi İD üçün ağır zərbə sayılmalıdır, belə ki, bura təşkilatın İraq və Suriya xaricində əsas forpostu kimi reklam edilirdi. Bura həm də Qərbi Avropaya coğrafi baxımdan ən yaxın ərazi idi. İndi qaçmağa məcbur olan qruplaşma köhnə taktikaya əl ata bilər. İD Sirti ələ keçirməzdən əvvəl Liviya boyunca Tripoli və Benqazi kimi şəhərlərə, habelə neft qurğularına, xüsusən də intiharçı bomba basqınları edirdi.
Liviyanın təqaüdə çıxmış generallarından Adel Abdel Kafi avqustin 16-da Əl-Cəzirə telekanalına müsahibəsində deyib ki, İD döyüşçüləri ölkənin cənubundakı "ucqar ərazilərə" qaçmaq üçün yollar hazırlamış ola bilərlər. Əgər bu baş verərsə, onlar Liviya və Əlcəzairin cənubunda, habelə Nigerin şimalındakı ərazilərdə sərbəst fəaliyyət göstərən başqa silahlılarla birləşə bilərlər.
Bu da ola bilər ki, İD-in tərkibindəki tunisli cihadçılar öz vətənlərinə qaçmağa cəhd göstərsinlər. 2015 və 2016-cı illərdə Sus və Ben Qardenə edilmiş basqınları məhz Liviyada təlimdən qayıdan tunisli cihadçılar törətmişdilər. Bununla belə, ekspertlər hesab edirlər ki, çox güman silahlılar təkrar qruplaşmazdan öncə səhra ərazilərdə əriyib itməyə çalışacaqlar. Bu da ehtimal edilir ki, İD döyüşçüləri öz qüvvələrini Benqazi ətrafında nəzarətlərində olan ərazidə gücləndirməyə çalışa bilrələr.
Bu da mümkündür ki, onlar Sabrataya üz tutsunlar, belə ki, əvvəllər orda İD-in təlim düşərgəsi olub. Hərçənd ötən fevralda bu ərazi ABŞ hava zərbələrinə tuş olmuşdu. Başqa bir variant da Sirt və Benqazi arasındakı Əcdəbiyyə şəhəri ola bilər. İD əvvəllər buralarda olub. Lakin indi burada onlar əl-Qaedaya bağlı qruplaşmalar və Tobruk parlamentinə sədaqətli Liviya Milli Ordusu ilə toqquşmalı olacaqlar. Beləliklə İD Liviyada maneələrlə üzləşəcək. Üstəlik də ABŞ hazırda Liviyada İslam Dövlətinə qarşı tammiqyaslı əməliyyata başlayıb.