Böyük neft razılaşması və ya heç bir şans yoxdur! Dünya

Böyük neft razılaşması və ya heç bir şans yoxdur!

"Rusiya ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq sadəcə mümkün deyil"

Enerji məsələləri üzrə ekspertlər Rusiya və Səudiyyə Ərəbistanının neft bazarının sabitləşməsi ilə bağlı qarşılıqlı fəaliyyətlərinin perspektivinə kinayəli təbəssümlə yanaşırlar. KİV-lərin məlumatına görə, bu iki iri neft ixracatçısı ölkəsinin nümayəndələri, bazarın monitorinq olunması və qiymətlərin sabitləşdirilməsi məsələsində tövsiyyələrin verilməsi məqsədi ilə qrup yaratmaq niyyətində olduqları barəsində bəyanatla çıxış ediblər. Rusiyanın enerji naziri Aleksandr Novak bunu "tarixi an" adlandırmaqla, geniş müzakirə olunan, lakin həyata keçirilməyən neft hasilatının dondurulması məsələsinin mümkünlüyünü tirajlayıb.
Xammal bazarı üzrə analitiklər "CNBC"-yə verdikləri müsahibələrində bildiriblər ki, bu bəyanat qısa müddətli perspektivdə neftin qiymətini bir barel üçün 50 dollara qədər qaldıra bilər. Lakin analitiklərin fikrinə görə, əməkdaşlığın dərinləşməsi ehtimalı azdır.
"CNBC"yə verdiyi müsahibəsində "Commerzbank"-ın xammal məhsulları üzrə şöbəsinin rəhbəri Oyqen Vaynberq deyib: "Dondurulma barəsində səsləndirilən bəyanatın heç bir mənası yoxdur. O ki qaldı Rusiya ilə Səudiyyə Ərəbistanının əməkdaşlığına, burada şans yoxdur! Bütün söylənənlər boş sözlərdir. Çünki bu iki rəqib arasında əməkdaşlıq sadəcə mümkün deyil". Bu bəyanatın verilməsinə hazırlıq görüləndə xam neftin qiyməti qaxdı, amma bəyanatdan sonra bir qədər aşağı düşdü.
"CNBC" telekanalına verdiyi müsahibədə "Saxo Bank"-ın xammal bazarında ticarət strategiyası üzrə şöbəsinin rəhbəri Ole Hansen bildirib: "Bütün mətbuat konfransı ərzində heç bir mühüm təşəbbüs barəsində hansısa söz söylənilməyib. Bu bazarın dəstəklənməsi naminə əsas ixracatçıların səs-küylü bəyanatlar verməsidir, lakin buna baxmayaraq, onların konkret heç bir şey etmədikləri bir daha təsdiq olundu. Güman edirəm ki, bazardakı aktivlik tədricən səngiyəcək. Belə ki, bütün bunların hamısı manevrdir və hər hansı nəticə alınmayıb".
Nəzərə alsaq ki, Səudiyyə Ərəbistanı böyük həcmdə neft hasil edir və Rusiyanın da neft hasilatını aşağı salmaq üçün kifayət qədər vəsaiti yoxdur, onda neft həcminin dondurulmasından hansısa nəticə əldə olunmasını söyləmək çətinləşir. Hətta əgər belə bir razılaşmaya gəlinsə də belə.
"Facts Global Energy" konsaltinq kompaniyasının banisi Fereydun Feşeraki Rusiya ilə Səudiyyə Ərəbistanın həmin bəyanatını qiymətin bir neçə gün və ya həftə qalxması üçün həyata keçirilən "fəndgirlik" adlandırıb. O deyib: "Dondurulma zamanı baza göstəriciləri dəyişmir. Səudiyyə Ərəbistanı öz gündəlik hasilatını 10,7 milyon barelə kimi yüksəldib. Ona görə də onların indiki əlavə potensialı gün ərzində 200-300 min barrel edir. Onlar əvvəlcə hasilatı maksimuma qədər qaldırırlar, sonra isə dondurulma barəsində danışırlar. Bazarlar isə o qədər axmaqdır ki, bunu müsbət hal kimi qiymətləndirir".
Hətta Səudiyyə Ərəbistanı OPEK-in üzvü olmayan Rusiya ilə hasilatın dondurulması barədə razılığa gəlsə də, onda bu əməkdaşlığa OPEK-in digər üzvlərinin də cəlb edilməsi məsələsi ortya çıxacaq. Keçmişdəki bir neçə cəhd məhz Səudiyyə Ərəbistanın hasilatı aşağı salmaq istəməməsi üzündən uğursuzluğa düçar olub. Bu cür razılaşmaları təkcə Səudiyyə Ərəbistanı pozmayıb. Belə ki, bu ilin fevralında İran, Rusiya, Səudiyyə Ərəbistanı, Qatar və Venesuela ilə hasilatın dondurulması məsləsində birlikdə hərəkət etməkdən boyun qaçırdı.
"Nordea" bankının aparıcı analitiki Tina Marqareta Saltved deyib: "Ola bilər ki, Səudiyyə Ərəbistanı hasilatın dondurulması və ya azaldılmasının vacibliyini OPEK ölkələrinə inandıra bilməkdə çətinliklər yaşacağını başa düşüb. İran bu cür müqaviləni qəbul etməz, Səudiyyə Ərəbistanı isə hasilatı təkbaşına azaltmaq istəməz. Birləşmiş Ərəb Əmirliklərinin və Qatarın hasilatı azaltması vəziyyəti dəyişməyəcək. Venesuela və Nigeriya kimi ölkələr isə hasilatı azaltmayacaqlar. Çünki hazırda onlar ciddi iqtisadi və siyasi problemlər girdabındadırlar. Ona görə də Rusiya və Səudiyyə Ərəbistanı bugünkü səviyyədə hasilatın həcminin dondurulmasında razılığa gəliblər, lakin mən bunun bazarlara əhəmiyyətli dərəcədə təsir göstərəcəyinə şübhə ilə yanaşıram".