İrəvanın yalanı ifşa edildi Dünya

İrəvanın yalanı ifşa edildi

Bu günlərdə İrəvanın mərkəzində keçirilən hərbi parada hazırlıq məşqləri zamanı nümayiş olunan İsgəndər-M raket sistemlərinin Rusiyaya, yoxsa Ermənistana məxsus olması ilə bağlı məsələ hələ də qarışıq olaraq qalır. Ancaq apardığım araşdırmalara görə, sözügedən raket kompleksi rusların Gümrü hərbi bazasına aiddir. Bu sözləri açıqlamasında BDU-nun erməni araşdırmaları ETL-in böyük elmi işçisi, ermənişünas İsmayıl Tanrıverdi deyib. Onun sözlərinə görə, müxalif yönlü erməni müxbirləri də həmin raketlərin Ermənistana məxsus olmadığını təsdiq edirlər: "Ermənilərin İsgəndər-M raketlərinin guya onlara məxsus olmasını göstərməsi, əslində, onların müharibə qorxusundan xəbər verir. Çünki olmayan hansı raketləri ilə Azərbaycana göz dağı verəcəklər? İrəvanın bu hərəkətinin adı mümkün müharibə ehtimalına qarşı bu cür yalanlarla Azərbaycanı "qorxutmaq"dır. Dünyada həmin raketlərin satışı qadağan olunub. Rus ekspert, hərbi analitik Aleksandr Xramçixin də sözügedən raketlərin Ermənistana məxsus olmadığını deyib. O, eyni zamanda, belə bir cümlə də işlədib ki, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası Azərbaycana və Türkiyəyə qarşı yönəlməyib. Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan hüquqi ərazisində hər hansı əməliyyatlar aparılarsa, ermənilərə bu raketdən istifadəyə icazə verilə bilməz".
Ermənişünas bildirib ki, Sərkisyan belə bir tamaşa düzəltməklə xalqı aldadır və çaşqınlıq içərisində saxlayır: "Ona görə ermənilər də hələ dəqiq bilmirlər ki, bu raketlər onlara aiddir, yoxsa ruslara. Əgər Ermənistanın deyilsə, onda keçirilən hərbi parada hazırlıq məşqləri zamanı niyə həmin silahlar nümayiş olundu? Onları da düşündürən məhz budur. Araşdırmalarıma görə, sözügedən raket sistemləri rusların Gümrü hərbi bazasına aiddir. Əvvəllər də bir neçə dəfə deyiblər ki, guya elə bir silahları var ki, Azərbaycanın ondan hələ də xəbəri yoxdur. Görünür, ermənilər onların olmayanlarla təsəlli tapmağa öyrəşiblər".
Qeyd edək ki, İrəvanın mərkəzində keçirilən hərbi parada hazırlıq məşqləri zamanı İsgəndər-M raket sistemləri nümayiş olunub. Bundan sonra sözügedən raket komplekslərinin Rusiyaya, yoxsa Ermənistana məxsus olması ilə bağlı suallar yaranıb. Tərəflər məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın bu cür davranışını İrəvanın növbəti ciddi təxribatı adlandırıb.