Gürcüstn ikinci tura hazırlaşır Dünya

Gürcüstn ikinci tura hazırlaşır

Gürcüstanın ən böyük müxalifət partiyası olan "Birləşmiş Milli Hərəkat" (BMH) təmsilçiləri daxili fikir ayrılıqlarına baxmayaraq, parlament seçkilərinin ikinci turunda iştirak etmək qərarına gəldiklərini elan ediblər.
İlkin məlumatlara görə ikinci tur 50 majoritar birmandatlı dairədə keçirilməlidir.
"Qeyri-bərabər şərtlərə, saxtalaşdırma və təzyiqlərə, ikinci turun da çox gərgin mübarizə şəraitində keçəcəyinə baxmayaraq, biz bu sınağı qəbul edirik: partiya ikinci turda təmsil olunacaq, parlamentə daxil olacaq və parlament fəaliyyətində iştirak edəcək," deyə BMH-ın proporsional siyahısında birinci olan deputat David Bakradze bildirib.
Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyası səslərin 48,67%-ni toplayaraq proporsional sistemdə qəti qələbə qazanıb.
İkinci turun keçiriləcəyi birmandatlı dairələrin əksəriyyətində hakim partiyadan olan namizədlərin rəqibləri BMH-nin namizədləri olacaq.
MSK artıq bildirib ki, ikinci turun vaxtı birinci turun nəticələrinin tam yekunlaşdırılmasından sonra, ancaq noyabrın 2-dən gec olmayaraq təyin ediləcək.
Qaliblərdən başqa hər kəs birinci turun nəticələrindən narazı qalıb. Keçmiş prezident, hazırda Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili seçkiyə qədər BMH-nin qalib gələcəyini deyirdi. Oktyabrın 10-da o bildirib ki, partiyanın ikinci turda iştirak etməsində heç bir məna görmür.
"Gürcü arzusu"nun icraçı katibi Irakli Kobaxidze hesab edir ki, BMH seçkiləri udacağı barədə bəyanatlarının qurbanı olub. O deyir ki, partiyanın bunun üçün kifayət qədər resursu yoxdur.
"Onlar dəqiq bilirlər ki, ikinci turda bircə dairədə belə qalib gəlməyəcəklər. Ona görə də, onlar üçün qərar qəbul etmək çox çətin idi," deyə o, BMH-nin qərarına şərh verərkən bildirib.
Ancaq Kobaxidze seçki ərəfəsində də BMH-nin nəinki seçkilərdə qalib gəlməyəcəyini, hətta ölkənin siyasi həyatında mühüm amil kimi qalmayacağını iddia edirdi. O deyirdi ki, "bu, Gürcüstanda demokratiyanın qələbəsi olacaq".
Beynəlxalq əlaqələr üzrə mütəxəssis Georgi Qobronidze deyir ki, müşahidəçilər və cəmiyyətin əksər hissəsi seçkiləri legitim saydığına görə, BMH özünün ikinci turda iştirakdan imtina qərarını izah etməyə çətinlik çəkərdi.
"Bununla yanaşı, seçkilərin nəticələri əsas müxalifət partiyası üçün o qədər də acınacaqlı olmadı," o deyir. Hakim partiyanın proqnozlarına rəğmən, BMH nəinki siyasi oyundan çıxmayıb, hətta seçkinin nəticələri partiyaya dəstəyin artdığını göstərir.
"İndi onların liberal dəyərlər və qərbyönlü xarici siyasət kursunun tərəfdarı olan digər partiyaların seçicilərini də cəlb etmək üçün şansı yaranıb," deyə politoloq bildirib.
BMH ümid edir ki, ikinci turda onları təkcə öz tərəfdarları yox, həm də "bir partiyanın konstitusion çoxluğu əldə etməsindən doğan riskləri anlayanlar" dəstəkləyəcək.
Mütəxəssislər də belə risklərdən danışırlar. Konstitusiya üzrə ekspert Vaxuşti Menabde deyir ki, bu gün hakim partiyanın konstitusion çoxluğu, yəni 150 mandatdan 113-nü əldə etməsi ehtimalı çox böyükdür.
O qeyd edir ki, konstitusion çoxluğa malik olan hakim partiya "hakimiyyətin digər strukturlarında qarşısına çıxan maneələri neytrallaşdırmaq üçün konstitusiyanı dəyişdirmək fikrinə düşə bilər".
"Konstitusion çoxluq konstitusiyanın özündə dəyişiklik etmək imkanı verir. Bu isə artıq nəzarət edilməsi çox çətin olan siyasi qüvvə deməkdir. Xüsusən də bizim unitar dövlət olduğumuzu nəzərə almalıyıq. Yəni mərkəzi hakimiyyəti regional, yaxud yerli hökumətlər tarazlamır, çünki onlar zəifdir," ekspert deyir.
Menabde deyir ki, "ikinci problem parlamentin birpalatalı olmasıdır. Bu, fərqli palatalarda siyasi müxtəlifliyi istisna edir."
Onun sözlərinə görə, Gürcüstanda mövcud olan qarışıq seçki sistemi parlamentdə seçicilərin real əhvalını əks etdirmədiyinə görə artıq özü-özlüyündə problem mənbəyidir.
"Səslərin 49%-ni yığmış "Gürcü arzusu" parlamentə deputatlarının 75-80%-ni yerləşdirə bilər. Faktiki olaraq seçicinin səsi 1,5 dəfə artır. Əgər bizim ədalətli seçki sistemimiz olsaydı, "Gürcü arzusu" nəinki konstitusion çoxluğa nail olmazdı, heç hökuməti təklikdə qura da bilməzdi," deyə Menabde qeyd edir.