NATO-Rusiya qarşıdurması artır Dünya

NATO-Rusiya qarşıdurması artır

Rusiya NATO ölkələrinin hava sərhədlərinə də göz dikib

Cavid

May ayının əvvəllərində NATO və ABŞ Rusiya sərhədləri yaxınlığında hərbi təlimlərə başlayacaq. Təlimlər Estoniya və Kalininqrad vilayəti yaxınlıqında - Poşada keçiriləcək. Manevrlərdə ABŞ və NATO ölkələrindən çoxlu sayda hərbi qüvvələr iştirak edəcəklər. Poliqona əlavə 28 ədəd "F-16" təyyarələri və NATO Hərbi Dəniz Donanmasının qüvvələrinin cəlb ediləcəyi bildirilir.
ABŞ prezidenti Barak Obama isə Rusiyanı Ukraynada vəziyyətin sabitləşdirilməsi ilə bağlı Cenevrə razılaşmalarına əməl etməməkdə ittiham edib. Obama bunu Yaponiyaya səfəri zamanı bu ölkənin baş naziri Sindzo Abe ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib: "Ən azı, bu ana qədər biz Rusiyanın Cenevrədə əldə olunmuş razılaşmaların mətninə və ruhuna uyğun addımlar atdığını görmürük".
Obama bəyan edib ki, Rusiya razılaşmalara əməl etməsə, ABŞ bu ölkəyə qarşı əlavə sanksiyalar tətbiq edə bilər. O, Ukraynada yaranmış problemlərin diplomatik yolla həllinə nail olmaq istiqamətində səyləri davam etdirəcəklərini vurğulayıb.
Onu da bildirək ki, Moskvanın Ukraynada gərginliyi artırmayacağı vədinə baxmayaraq, Almaniya öz hərbi hava qüvvələrinin NATO-nun Rusiya ilə sərhəddində təhlükəsizliyi artırmağa hazır olduğunu bildirib.
"Hərbi qüvvələr "Awacs" (kəşfiyyat təyyarələri) vasitəsi ilə Rumıniya və Polşa üzərindən keçərək hava məkanında patrul xidməti aparmağa etməyə hazırdır. NATO-nun Baltik ölkələrində hava keşiyi missiyası çərçivəsində təlim uçuşları da keçirilə bilər", - Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi "Reuters" agentliyinə bildirib.
Bu bəyanatdan əvvəl, Danimarka və ABŞ ötən həftələrdə bölgəyə 12-dən çox əlavə "F-16" qırıcı təyyarələrinin göndərilməsində razılığa gəlib.
HATO nümayəndəsi bildirib ki, bu, Ukraynada hərbi əməliyyatların yaxınlaşmasından xəbər vermir. Bu, Rusiyanın on minlərlə hərbi qüvvəsinin Ukrayna sərhədlərində "qeyri-müəyyən" səfərbərliyinə qarşı ehtiyat tədbiridir.
O da bildirilib ki, Baltikyanı ölkələrdə hava hücumundan müafiə üçün istifadəyə yararlı təyyarələr yoxdur. Ona görə də 2004-cü ilin aprelindən, NATO-ya daxil olduqdan sonra ölkənin hava məkanının mühafizəsilə rotasiya qaydasında - Şimali Atlantika alyansı məşğul olacaq.
Estoniya isə Baltikyanı ölkələrin hava məkanını qorumaq üçün öz aviabazasını NATO-nun əlavə hava qüvvələrinin yerləşdirilməsi üçün təklif edir. Bu barədə ölkənin xarici işlər naziri Urmas Paet dünən Brüsseldə NATO-nun xarici işlər nazirlərinin görüşündə bildirib.
Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, Paet Baltikyanı ölkələrin hava məkanını qoruyan NATO təyyarələrinin sayının artırılmasını dəstəkləyib və əlavə baza kimi Tallindəki Amari hava bazasını təklif edib: "Amari hava bazası Baltikyanı ölkələrdə hava hücumundan müdafiə qüvvələrinin missiyasında daimi iştirak üçün hazırdır". NATO-nun baş katibi Anders Foq Rasmussen isə deyib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Berlin divarının yıxılmasından sonra Avropada ən ciddi böhrandır: "Bizim Avropanı vahid, azad və sülh qitəsi olaraq görməyimiz sual altında qoyulub. Çünki bu hadisənin yeganə belə insident olmadığı ortadadır və bu, artıq davranış modelinə çevrilməkdədir. Dnestryanı, Cənubi Osetiya, Abxaziya və indi də Krım. Bütün bu münaqişələri birləşdirən yeganə məqam budur ki, bir böyük dövlət birtərəfli qaydada beynəlxalq qanunları yenidən yazmağa qərar verir və Avropada 25 il sonra yenidən ayırıcı xətlər yaradır - bir anda və təşbaşına..."
Rasmussen bildirib ki, hazırda Rusiya tərəfindən sərgilənən bu cür təftişçi davranışın XIX əsrdə qaldığı güman olunurdu: "Lakin biz görürük ki, bu davranış XXI əsrdə yenidən qayıdıb. O, əməkdaşlığa yox, konfrontasiyaya əsaslanır və bizim dəyərlərimizə və qaydalarımıza əsaslanan qlobal dünya düzəninə real təhlükə törədir. Ona görə də biz həm indi, həm də gələcəkdə bu təhlükəyə cavab verməliyik. Aydın başa salınmalıdır ki, biz Rusiya ilə işlərimizi əvvəl olduğu kimi apara bilmərik. Bu, bizim seçimimiz deyil, yaranmış vəziyyət bizim Rusiya ilə əməkdaşlığımızın əsaslarını sual altında qoyur və bizi ciddi narahat edir. NATO-nun ən önəmli öhdəliyi bizim ərazilərimizi və xalqlarımızı müdafiə etməkdir. Bunu edə bilmək üçün biz təhlükələri dəf edəcək və qarşı tərəfi çəkindirəcək bütün imkanlara malik olmalıyıq".
Rasmussen qeyd edib ki, mövcud qlobal dünya düzənini qorumaq üçün Avropa və Şimali Amerika birlikdə olmalı, iqtisadi və hərbi əlaqələri gücləndirməli, müdafiə sahəsinə qoyulan investisiyaları artırmalıdır. Baş katib Ukrayna ilə siyasi-hərbi əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin müasir effektiv struktura çevrilməsi, NATO ölkələrinin silahlı qüvvələri ilə bərabər hərəkət etmə qabiliyyətinin yüksəldilməsi üçün Kiyevə dəstək verilməli və Ukrayna ordusunun NATO təlimlərində iştirakı genişləndirilməlidir.
Politoloq Vəfa Quluzadə Rusiyanın aqressiyasının və imperalist siyasətinin onun özünə qarşı çevriləcəyi qənaətindədir: "Putinin bu addımını düzgün başa düşmək lazımdır. Birincisi, Rusiya avtoritar imeriyadır. Putinin adı prezidentdir, əslində o çardır, Rusiyada hər şeyi o təyin edir. Ondan başqa Rusiya çökən imperiya olduğuna görə, iqtisadi vəziyyəti olduqca çətindir, infrastrukturu bərbəd vəziyyətdədir, inkişaf yoxdur. Bu şəraitdə Putin gördü ki, Ukrayna Avropaya inteqrasiya yolunu seçdi. Deməli, Putin ətrafına hesabat verməlidir. Ətrafı kimdir? Güc strukturları. Rusiyanın yiyələri də bunlardır. Onlar da Putini ittiham edəcəklər ki, sən bütöv imperiyanı əldən verdin. Ona görə, o, bu çətin vəziyyətdən çıxmaq üçün Kreml bütün beynəlxalq qanunları tapdalayaraq, Ukraynanın ərazi bütövlüyünü pozub, Krımı işğal etdi. Putin Ukrayna sərhədlərində qoşun saxlayıb Qərbi hədələyir ki, bütün Ukraynanı işğal edə bilər, gərək Qərb Krımı Rusiya ərazisi kimi tanısın".
Politoloq hesab edib ki, bu addım Rusiyaya baha başa gələcək: "Bax, bu cür şantaj, təcavüzkar siyasət Qərbi qəzəbləndirib. Onlar da Putinə seçim veriblər ki, ya səni çökdürəcəyik, ya da bu işlərdən əl çəkəcəksən. Birinci sanksiyalar çox zəif idi. Əgər Putin Şərqi Ukraynaya girsə, onda ölkəyə qarşı çox güclü iqtisadi sanksiyalar tətbiq olunacaq. Cenevrədə guya Rusiya Ukraynadakı təcavüzkarlığdan əl çəkməyə razılaşdı. Lavrov Kerri ilə razılğa gəlib və sənədlər imzalayıblar. Amma Putin sözünə sadiq qalmadı".
V.Quluzadə hesab edib ki, Rusiya çökənə qədər bütün qonşularına təhlükə olaraq qalacaq: "Bütün xalqlar NATO-ya can atır. Ona görə ki, hamı Rusiyadan qorxur. Baxın, Rusiyanın müttəfiqləri olan Şərqi Avropa ölkələri SSRİ çökəndən sonra hamılıqla NATO-ya getdi. Çünki, onlar yenidən işğal olunmaqdan qorxurlar. Buna görə də Gürcüstan da, Ukrayna da, biz də NATO-ya can atırıq. NATO heç kəsə təhlükə deyil, Rusiyadan özünümüdafiə təşkilatıdır".
Politoloq Elçin Xalidbəyli isə bildərib ki, Ukrayna böhranı artıq kuliminasiya mərhələsinə çatıb: "Bundan sonra kimin qalib, kimin məğlub olduğunu da müəyyənləşdirmək mümkün olacaq. Hesab etmək olar ki, bu böhranı törədərək, yönləndirənlər öz hədəflərinə artıq böyük ölçüdə çata biliblər. Sadəcə, geriyə yalnız bütün maraqlı tərəflərin mövcud nəticələrlə barışması qalıb. Və yəqin ki, tezliklə bu da baş verəcək. Ancaq indi ən maraqlı məqam odur ki, əksər müşahidəçilər müəyyən isterik suallarla gündəm üçün yanlış mülahizələr tirajlayırlar. Məsələn, ABŞ və Qərbi ciddi şəkildə qınayırlar. Hesab edirlər ki, ABŞ və Qərb Rusiyanın aqressiv davranışları qarşısında qorxuya düşüb və geri çəkilərək, Ukraynanı yarıyolda buraxıb, hətta qurban verib.
Belə anlaşılır ki, onların inancına görə, Ukraynanın düşdüyü bu ağır vəziyyətin qarşılığı olaraq, ABŞ və Qərb artıq çoxdan Rusiyaya müharibə elan etməliydi. Nəticədə NATO əsgərləri indi Kremlin dəhlizlərində dolaşmalıydılar və yaxud orada qolf oynamalıydılar".
Ekspertin fikrincə, ABŞ və Qərb hazırda öz maraqlarından qaynaqlanan əsas hədəfinə çatıb. Yəni Ukrayna Rusiyanın təsir dairəsindən artıq birdəfəlik qoparılıb. Və Kreml indi nə baş verməsindən asılı olmayaraq, bundan sonra daha heç vaxt Ukrayna çoğrafiyasında siyasi iradə sahibi ola bilməyəcək.
Kremldə də hər kəs bu reallığı artıq çox gözəl anlayır. Əslində, Rusiyanın Ukraynaya yönəlik isterik aqressivliyinin əsas səbəbi də məhz bundan qaynaqlanır. Ancaq bir məqamı da unutmaq olmaz ki, ABŞ və Qərb bəzilərinin düşündükləri kimi, əsla Ukrayna vətəndaşlarının səadəti və ya xoşbəxtliyi uğrunda savaşmır".