Duqin: “Türkiyədə ABŞ agentləri meydan sulayır” Dünya

Duqin: “Türkiyədə ABŞ agentləri meydan sulayır”

"Türkiyədə Amerika agentləri meydan sulayırlar". Bunu "Aydınlıq" qəzetinə müsahibəsində rusiyalı məşhur politoloq Aleksandr Duqin söyləyib. Onun sözlərinə görə, Türkiyədəki 15 iyul hərbi çevriliş cəhdinin arxasında Mərkəzi Kəşfiyyat İdarəsi dayanır:

"15 iyul çevriliş cəhdi təkcə Türkiyənin daxili məsələsi deyil. Burada təkcə bir güc başqa bir gücü devirməyə çalışmadı. Hərbi çevriliş cəhdinin arxasında geosiyasi güc var. Ona görə ki, FETÖ-nun mərkəzi ABŞ-da yerləşir və arxasında MKİ agentləri var. Bu çevriliş cəhdi ABŞ-ın Ərdoğan hakimiyyətinə qarşı elan etdiyi savaş idi. Fətullah Gülənin ekstradisiyası tələb ediləndə bu məsələ daha da aydınlaşdı. Ona görə ki, ekstradisiya tələbi rədd edilmişdi. Bu çevriliş cəhdinin ABŞ-ın Ərdoğan və Türkiyəyə yönələn addımı olduğu artıq aydındır.

ABŞ bir səbəbdən ötrü Ərdoğandan məmnun deyildi və onu öz oyuncağı ilə dəyişmək istəyirdi. Bu oyuncaq ABŞ-ın Yaxın Şərq siyasətini Ərdoğanın edə bilməyəcəyi tərzdə reallaşdıracaqdı. Yəni artıq qarşımızda geosiyasi çevriliş var. Məhz bu, çevrilişlə bağlı istintaqın aparılmasına Rusiyanın da dəvət edilməsi məsələsini gündəmə gətirir. Bu çevriliş cəhdinin öhdəsindən türk kəşfiyyatı təkbaşına gələ bilməyəcək. NATO üzvü olan Türkiyədə Amerika agentləri meydan sulayır. Türkiyə NATO-nun tərkibində və ABŞ-ın yanında olmaqla bu çevriliş cəhdinin arxasındakı gücləri tapıb, ortaya çıxara bilməz. Ankaranın başqa geosiyasi gücə ehtiyacı var.

O, FETÖ-nun öz vəzifəsini yerinə yetirdiyini və artıq öz missiyasını başa vurduğunu bildirib:

"Mən amerikalıların onlardan gələcəkdə ciddi işlərdə istifadə edəcəyini düşünmürəm. FETÖ artıq öz missiyasını başa çatdırmış vacib amerikaçı terror təşkilatıdır. Ərdoğanı devirmək istədilər və uğursuz oldular. Bu təşkilat artıq Vaşinqtona lazım olmayacaq. ABŞ onun yerinə başqa bir təşkilat yaradacaq. ABŞ terrorçu və anti-amerikan əhval-ruhiyyəsinə malik qüvvələrdən istifadə edə bildiyini sübut edib. Öz maraqlarına xidmət üçün onlar islamdan yenidən istifadə edə bilərlər. ABŞ Taliban və Əl Qaidədən də istifadə etmişdi, amma bir az sonra onların arxasından çəkildilər. İndi isə həmin təşkilatlar ətrafındakı hər şeyi məhv etməyə başladılar. FETÖ bu yolla getməyəcək".