ABŞ-da prezident seçkiləridir Dünya

ABŞ-da prezident seçkiləridir

Tramp və Klinton qərarsız seçicilərin dəstəyinə ümid edir

Respublikaçı Donald Tramp və demokrat Hillari Klinton aralarında fərqin az olduğu həlledici ştatlara üz tutaraq, qərarsız seçicilərin dəstəyini qazanmağa və qələbə əldə etməyə çalışır. Ölkə üzrə keçirilmiş rəy sorğularına əsasən, keçmiş dövlət katibi Klinton daşınmaz əmlak maqnatı Trampdan az fərqlə irəlidədir. Rəy sorğuları üzrə ekspertlər Klintonun çərşənbə axşamı günü qələbəsini proqnozlaşdırsa da, onun Trampdan üstünlüyü mütləq deyil.
Bir neçə sorğunun nəticələri göstərir ki, ölkənin ilk qadın prezidenti olmaq istəyən Klinton Trampdan iki, ya da üç faiz fərqlə irəlidədir. Lakin The Washington Postqəzeti və ABC News tele kanalının birgə sorğusunda bu fərq 48-43 kimi göstərilib. ABŞ seçki sisteminə görə prezident seçkilərinin nəticələri ölkə üzrə ümumi səsvermə əsasında müəyyən edilmir. Seçkinin nəticələri ölkənin 50 ştatı və paytaxt Vaşinqtonunn nümayəndələrinin daxil olduğu Seçki Kollegiyasının səsləri ilə müəyyən edilir. Böyük ştatlarda nümayəndələrin səsləri ümumi nəticədə mühüm rol oynayır.
Hər bir ştatda səsvermənin nəticələrinə əsasən namizəd qələbə çalmaq üçün Seçki Kollegiyasında 538 səsdən 270 səsi özünə təmin etməlidir. Həm Klinton, həm Tramp seçkinin nəticələrinin şübhə altında olduğu bir sıra ştatlarda intensiv kampaniya aparıb. Prezidentliyə namizədlər xüsusilə də Florida və Şimali Karolinada seçicilərin dəstəyini qazanmağa çalışıb. Bazar günü Tramp beş ştatda, Klinton isə iki ştatda kampaniya aparıb.
Prezident Obama Seçki Kollegiyasında 29 səsinə malik Floridada Klintonun xeyrinə kampaniya tədbirində iştirak edib. Prezidentlik yarışlarında qələbə qazanmaq üçün Tramp Floridada qələbəni özünə təmin etməlidir. Klinton Trampın irəliyə çıxdığı Ohayo və Nyu Hempşir ştatlarında kampaniya aparıb. 41 milyondan çox amerikalı artıq erkən səsvermədə səs verib. Çərşənbə gününün sonuna qədər 130 milyon seçicinin səs verəcəyi gözlənilir.
Təhlilçilər Klintonun prezident Obama yanvar ayında vəzifəsindən gedəndən sonra ABŞ-ın 45-ci prezidenti olmaq üçün Seçki Kollegiyasının 270 səsini özünə necə təmin edə biləcəyi yollarını müzakirə edir. Lakin Trampın şansları belə görünür daha məhduddur. Tramp Klintonla gərgin rəqabət apardığı həlledici ştatlarda və eləcə də son altı seçkidə ənənəvi olaraq demokrat namizədi dəstəkləyən 18 ştatda qələbə əldə etməlidir. Bazar günü Tramp bu ştatlardan üçündə - Minnesota, Miçiqan və Pensilvaniyada kampaniya aparıb.

Seçkilərin taleyini bir neçə mühüm ştat həll edə bilər

Amerika Birləşmiş Ştatları 50 ştatdan ibarətdir. Lakin prezident seçkilərində qalibin kim olacağını təxmin etmək üçün ölkənin 10-dan çox ştatına diqqət vermək lazımdır. Bunlar "tərəddüd edən" ya da əsas mübarizənin getdiyi ştatlar kimi tanınır, çünki seçkilərin nəticələrinin necə olacağı burada əvvəlcədən məlum olmur və prezidentliyə namizədlər vaxtlarının böyük hissəsini məhz bu ştatlarda keçirir və kampaniya fondlarının əsas qismini burada sərf edir.
Bu vəziyyət bir neçə səbəblə izah olunur. Birincisi, ABŞ seçki sistemində prezident birbaşa səsvermə yolu ilə seçilmir. Bunun yerinə namizədlər ayrı-ayrı ştatlarda səsvermənin nəticələrinə əsasən formalaşan Seçki Kollegiyasının üzvlərinin əksər səslərini almağa çalışır. Ştatda əhalinin sayı nə qədər çoxdursa, həmin ştatda qalib gələn namizəd Seçki Kollegiyasında daha çox səs alır. İkincisi, elektorat demoqrafik və siyasi meyl baxımından seçkilərarası müddətdə bir o qədər dəyişmir. ABŞ-da prezident seçkiləri hər dörd ildən bir keçirilir və bu vaxt ərzində elektoratın tərkibi demək olar dəyişməz qalır, belə ki ştatda yalnız müəyyən sayda adam səsvermə yaşına çatır, ölür və ya da ştatın hüdudularından kənara köçür.
Beləliklə də demokrat Hillari Klinton və respublikaçı Donald Tramp Nyu York, Havay adaları, Vayominq və yaxud da Alabama kimi ştatlarda kampaniya aparmağa çox vaxt sərf etmir. Sonuncu dəfə respublikaçılar bu ştatlardan birinci ikisində 1984-cü ildə qələbə qazanıb, demokratlar isə sonuncu iki ştatda 1964-cü ildə qalib gəlib.
"Seçkiqabağı kampaniya beləliklə bu 12 ştat ətrafında cərəyan edir. Buna görə də adətən hər iki namizəd bu ştatlarda yerlərdə geniş iş aparır, televiziyada saysız reklam videoları yayımlayır, seçicilərə telefon zəngləri edir və robotların köməyindən istifadə edərək seçicilərə telefon mesajları göndərir"-deyə Corc Meyson universitetinin eksperti Ceremi Mayer Amerikanın Səsinə müsahibədə bildirib.
Bu il prezident seçkilərində həlledici ştatlar ABŞ-ın müxtəlif bölgələrində yerləşir. Bunlar Florida, Ohayo, Kolorado, Pensilvaniya, Nevada, Virciniya, Miçiqan, Şimali Karolina, Ayova, Arizona, Viskonsin, Nyu Hempşir və Corciya ştatlarıdır. Çox sayda seçici sayı ilə Florida və Ohayo demək olar bütün seçkilərdə həlledici rola malik olur. 1976-cı ildən başlayaraq respublikaçı namizəd Floridada altı dəfə, demokrat namizəd isə dörd dəfə qələbə çalıb. Ohayoda hər ştatda hər partiyadan namizəd bərabər olaraq beş dəfə qalib olub.
Corciya ştatı göstərilən müddətdən bəri yeddi dəfə respublikaçı namizədə səs verib. Lakin ştatda demoqrafik dəyişikliyə işarə olaraq, Obama 2008-ci və 2012-ci il seçkilərində bu ştatda qələbə əldə edib. Obama bu və ya digər partiyaya meyl göstərən bölgələrə malik Virciniya ştatında da hər iki dəfə qələbə qazanıb. Ştatlarda seçicilərin səslərinin bölünməsi medianın qalibin Tramp, ya da Klinton olduğunu nə zaman təxmin edə bilməsini müəyyən edəcək.
2004-cü ildə Ohayo ştatında namizədlər arasında fərqin çox olduğu zaman ABŞ-ın iki media şəbəkəsi seçki günündən sonra səhər saat 1 olmamış Corc Buşun bu ştatda qələbəsini elan etsə də, o biri media qurumları günortaaya qədər gözləmək qərarı vermişdi.
2000-ci ildə isə Floridada səsvermənin nəticələri Corc Buşun birinci dönəm prezidentliyə seçilməsini təmin etdi. Lakin onun opponenti olan demokrat Al Qor seçki nəticələrini şübhə altına qoydu və hüquqi proses başladı. Proses ABŞ-ın Ali Məhkəməsinin səsvermədən bir aydan çox vaxt keçəndən sonra qərarı ilə başa çatdı.

Trump FTB-nin Klintonu təmiz çıxarmasını "çirkin" adlandırıb

Donald Trump Federal Təhqiqatlar Bürosunun (FTB) onun rəqibi Hillari Klintona şəxsi email-dən istifadəyə dair bəraət verməsindən sonra təşkilatı "nalayiqlikdə" ittiham edib. FBI direktoru deyib ki, yeni araşdırma zamanı demokratların namizədinin məktubları ilə bağlı büronun yayda verdiyi qərarı dəyişməsi üçün heç bir əsas tapılmayıb. Klinton kampaniyası deyib ki, uzun sürən məsələnin həll olunmasına "şaddırlar".
FTB-nin Klintonun elektron məktubları ilə bağlı araşdırmanı yeniləməsinə dair elanından sonra onun rəqibi ilə arasındakı səs faizi fərqi azalmışdı. Detroit yaxınlığında keçirilən mitinqdə cənab Trump israrla deyib ki, FTB-nin elan etdiyi 650 min elektron məktubu bu qədər qısa vaxt ərzində baxışdan keçirməsi qeyri-mümkündür.
"İndi o saxta sistem tərəfindən müdafiə olunur. Bu tamamilə saxta sistemdir. Mən bunu uzun müddətdir deyirəm",- cənab Trump Michigan-da seçiçilərinə deyib. "Hillari Klinton günahkardır, o bunu bilir, FTB bunu bilir, insanlar bunu bilir və indi, noyabrın 8-i seçki qutuları başında ədaləti bərpa etmək Amerika xalqından asılıdır."
Klinton özü FTB-ə məktub ünvanlamasa da, onun kampaniyası deyib ki, Klintonun təmiz çıxacağından əmin idilər. Bazar günü Manchester-də Klinton deyib ki, ölkə "hesablaşma anı ilə" üz-üzə qalıb və amerikalılar "parçalanma və birlik" arasında seçim etməlidir. Komeyin Konqresə ünvanladığı məktubda deyilir ki, oktyabrın əvvəli başqa bir araşdırma zamanı tapılan elektron məktublarla bağlı onun müstəntiqləri "gecə-gündüz çalışıb".
O əlavə edib ki, müstəntiqlər onun elektron məktubları ilə bağlı əvvəlcədən verilən ümumi dəyərləndirməni dəyişdirmək üçün hər hansı səbəb tapmayıb. Prezident seçkilərində əvvəlcədən iştirak etməyə icazə verilən ştatlarda 42 milyona yaxın amerikalı səsvermə hüququndan istifadə edib.