Moskva “Şərq tərəfdaşlığı”ndan narahatdır Dünya

Moskva “Şərq tərəfdaşlığı”ndan narahatdır

Avropa bu layihə ilə postsovet respublikalarını Kremldən qoruya biləcəkmi?

Cavid

Aprelin 24-25-də Praqada Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının növbəti sammiti keçirilib.
Bu Sammit "Şərq tərəfdaşlığı"nın 2009-cu ildə keçirilən Praqa sammitinin beşinci ildönümünə həsr olunub.
Azərbaycan prezidenti İlham Əliyev də sammitdə iştirak edib.
Sammiti açan Çexiyanın prezidenti Miloş Zeman deyib ki, "Şərq tərəfdaşlığı" proqramı ötən beş ildə böyük inkişaf yolu keçib, bu istiqamətdə görülən tədbirlər iştirakçı ölkələri Avropa dəyərlərinə və meyarlarına daha da yaxınlaşdırıb. Çexiya dövlətinin başçısı qarşıda duran vəzifələrdən danışarkən əmin olduğunu bildirib ki, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq əlaqələri bundan sonra da davam etdiriləcək.
Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle bu görüşün 2013-cü ildə Vilnüsdə keçirilmiş "Şərq tərəfdaşlığı" sammiti ilə gələn il Riqada təşkil ediləcək növbəti zirvə görüşü arasında bir bağlantı olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, "Şərq tərəfdaşlığı" proqramı Avropa İttifaqının yeni layihələrindən biri hesab olunur. Proqram 2008-ci ilin mayında Avropa İttifaqının üzvləri olan Polşa və İsveç tərəfindən irəli sürülüb. Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanı əhatə edən "Şərq tərəfdaşlığı" Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB dövlətləri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. Bu proqram Avropa İttifaqına daha da yaxınlaşmağı, sabitlik, yaxşı idarəçilik və iqtisadi inkişafı təşviq etməyi nəzərdə tutur, demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır.
Amma belə bir sual ortaya çıxır, Rusiyanın imperialist siyasəti fonunda Avropa "Şərq tərəfdaşlıq" layihəsi ilə postsovet məkanında təşəbbüsü ələ ala biləcəkmi? Rusiya Avropanın bu layihəsinin genişlənməsini necə qarşılayacaq?
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramı postsovet məkanında inteqrasiya proseslərinə qarşı olan bir layihə kimi nəzərdə tutulurdu. "Aydın oldu ki, bu proqram sıfır nəticəli oyunların məntiqi əsasında hazırlanıb" - deyə o vurğulayıb.
Lavrov həmçinin qeyd edib ki, antirusiya əhval-ruhiyyəsinin qızışdırılması Avropanın sabitliyi üçün təhlükəlidir.
Onu da bildirək ki, "Şərq Tərəfdaşlığı" daha geniş Avrasiya periferiyasındakı bütün ölkələri əhatə edən və ümumi dəyər və maraqlara söykənən "Avropa qonşuluq siyasəti"nin tərkib hissəsidir. Qeyd edək ki, tərəfdaşlıq proqramına daxil olan 6 ölkənin hər biri üzrə konkret realizə tələb edən mövzular və işbirliyi var. Ukrayna Rusiya tərəfə üz tutmadığından Krımın işğalı və ölkənin şərqində parçalanmalar baş verdi. Təbii ki, Rusiyanın senarisi ilə. Moldova və Gürcüstanla imzalanan assosiasiya sazişi əməkdaşlığın gələcək inkişafı baxımından tarixi əhəmiyyətə malikdir və Avropaya mərhələli siyasi-iqtisadi inteqrasiyanı nəzərdə tutur və bu ölkələrin avropalaşmasını qaçılmaz edir.
Ermənistan isə Rusiyanın patronajlığı altında olan Gömrük İttifaqına girməklə birmənalı seçim etdi. Bununla da ölkə erməni diasporunun müqavimətinə baxmayaraq Avropa İttifaqı ilə yaxınlaşmaq niyyətinin olmadığını ortaya qoydu. Ermənistan Avropaya inteqrasiya kursundan faktiki olaraq uzaqlaşmaqla Belarusun yolunu getdi.
O Belarusun ki, bir vaxtlar Rusiya rəhbərliyi ilə sırf şəxsi, daxili intriqasına görə Şərq Tərəfdaşlığı layihəsinə qoşulmuşdu. Minsk bununla Rusiyaya təsir-təzyiq nöqtəsi əldə etmək istəyirdi. Sonradan Belarus da Gömrük İttifaqına girərək Avropaya inteqrasiya məsələsinə nöqtə qoydu. Bu da adıçəkilən ölkələrin ikili standartlardan çıxış etdiyinin bir nümunəsidir. Qeyd etməliyik ki, Ermənistanın bu addımı Şərq tərəfdaşlığı ölkələri üçün yeni təhlükə yaratdı. Düşmən qonşumuz bu dəfə də region üçün strateji baxımdan uğurlu olmayan addım ataraq Rusiyanın digər qonşularına təzyiq imkanlarını artırdı. Baxmayaraq ki, bu ittifaqın Avropa Birliyi ilə rəqabət aparmaq imkanı yoxdur. Hesablamalar göstərir ki, MDB üzvü olan bütün ölkələrin qoşulacağı təqdirdə belə Gömrük İttifaqı dünya üzrə ümumi daxili məhsulun 4 faizini təşkil edəcək. Avropa Birliyi üçün bu göstərici 26 faizdir. Üstəlik, Avropa Birliyi vahid bazar prinsipi əsasında fəaliyyət göstərdiyi halda Gömrük İttifaqında bu prinsipi tətbiq etmək mümkün deyil. İttifaqa üzv ölkələrin heç də hamısı Dünya Ticarət Təşkilatına qoşulmayıb, onların ticari qaydaları uyğunlaşdırılmayıb. Azərbaycanla bağlı məsələyə gəlincə isə ölkə başçısının apardığı balanslaşdırılmış siyasət nəticəsində Avropa ilə uğurlu viza rejiminin sadələşdirilməsi müqaviləsinə imza atıldı. Artıq ölkəmizin vətəndaşları Şengen vizasını almaqda maksimum az vaxt və vəsait sərf edəcək.
Politoloq Fikrət Sadıqovun fikrincə, reallıq ondan ibarətdir ki, geosiyasi məkanda təbii ki, Rusiya-Qərb, Rusiya-Avropa Birliyi, Rusiya-ABŞ münasibətlərində müəyyən qarşıdurma var: "Bu qarşıdurma səngimir və getdikcə daha da güclənir. Çünki Rusiya Avrasiya İttifaqını yaratmaq, Avropa postsovet respublikalarını öz sıralarına cəlb etmək istəyir. Belə bir məqamda Azərbaycan ehtiyatlı olmalıdır. Hər halda hazırda bunun öhdəsindən gələ bilərik. Biz kor-təbii şəkildə hər hansı sazişə imza atmamalıyıq. Azərbaycanla bağlı gündəmə gətirilən hər məsələni müzakirə etməliyik. Bu qarşıdurmanın qurbanına çevrilməməliyik. Çünki Azərbaycanın Dağlıq Qarabağ kimi həll olunmayan problemi var. Bu istiqamətdə Rusiya tərəfindən hər hansı təxribatlara yol verilə bilər".
Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozo bildirib ki, Avropa Birliyi Rusiyanın "Şərq tərəfdaşlığı" ölkələrinə təzyiqini pisləyir. "Reuters"in yazdığına görə, Avropa Birliyi rəhbərləri Moskvanın Ukraynaya və AB ilə ticarət əlaqələrini genişləndirməyə çalışan postsovet məkanının digər ölkələrinə qarşı təzyiqini pisləyiblər.
"Biz bu dövlətlərin suveren seçimlərini məhdudlaşdırmaq cəhdlərini qəbul edə bilmərik. Biz onlar üz döndərə bilmərik", - deyə Barrozu bildirib.
Genişlənmə məsələləri üzrə Avropa komissarı Ştefan Füle öz növbəsində deyib ki, Rusiyanın sənədlərin imzalanması ehtimalı ilə bağlı istənilən hədələri yolverilməzdir.
Avropa Parlamentinin də Rusiyanın postsovet ölkələrinə təzyiqini pisləyən qətnaməsi var. Qətnamədə deyilir ki, Aaropa Parlamenti Rusiya tərəfindən AB ilə assosiasiya haqqında ikitərəfli sazişlərin yekunlaşdırılması və imzalanması mərhələsində olan AB-nin "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan bir sıra ölkələrə qarşı (Ermənistan, Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Belarus) "müxtəlif növ" təzyiqləri qəbuledilməz hesab edir.
Politoloq Elşən Həsənovun fikrincə, Rusiya postsovet məkanına daxil olan respublikaları əlindən çıxarmaq istəmir: "Putinin Gömrük İttifaqı və Avrasiya Birliyini yaratmaqda əsas məqsədi budur. Putin razı olmaz ki, kənardan postsovet məkanına müdaxilə olsun və yaxud da postsovet məkana daxil olan hansısa bir müstəqil respublika Avropa ilə əməkdaşlıq etsin. "Şərq tərəfdaşlığı"na daxil olan ölkələr sırasında Ermənistan və Belorus hazırda Rusiyanın təsiri altındadır. Azərbaycan və Gürcüstanda Kremlin müəllifliyi ilə Qarabağ və Cənubi Osetiya, Abxaziya münaqişəsi, Moldovada isə Dnestryanı münaqişə yaşanıb. Ukrayna da rəsmi Moskvaya etiraz edib, Avropaya üz tutduğuna görə cəzalandırılır. Mənə elə gəlir ki, Avropa bu layihə çərçivəsində postsovet respublikalarına yalnız o zaman yaşıl işıq yandıra bilər ki, Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanda Rusiyanın əli ilə yaradılan münaqişələr həll olunsun. Bunun üçün isə Avropaya ABŞ başda olmaqla digər güclər də dəstək verməlidir. Yoxsa hansısa bir paytaxtda bu layihə çərçivəsində görüşlərin keçirilməsi ilə Kremli susdurmaq mümkün deyil".