İranlı general İsfahanda heç bir dağıntının olmadığını bildirib Dünya

İranlı general İsfahanda heç bir dağıntının olmadığını bildirib

İran ordusunun generalı Siyavuş Mihandust İsfahanda heç bir dağıntı və bədbəxt hadisənin olmadığını bildirib.

Trend xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Generalın sözlərinə görə, İsfahan vilayətində eşidilən güclü səslər hava hücumundan müdafiə sistemlərinin işə salınması ilə bağlı olub.

Qeyd edək ki, İranın hava hücumundan müdafiə qüvvələri İsfahan səmasında olan üç pilotsuz uçuş aparatını vurub.

Bildirilib ki, pilotsuz uçuş aparatları cümə günü yerli vaxtla təxminən 03:00-da İsfahan üzərində müşahidə edilib. Bundan sonra hava hücumundan müdafiə sistemi işə salınıb və "onları göydə məhv edib".

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.