Moskva “düşmənsiz qalıb” Dünya

Moskva “düşmənsiz qalıb”

Rusiya Trampın president seçilməsinə sevinir

"The Guardian" yazır ki, ABŞ seçkisinə 2 gün qalanda Rusiyanın dövlət Rossiya 24 kanalı saat və dəqiqələri saymağa başlamışdı. Məqalədə deyilir ki, Moskva heç Rusiya seçkiləri keçiriləndə belə canfəşanlıq etmirdi. "Lakin Vladimir Putin və Donald Tramp arasında bütün qarşılıqlı heyranlıq ifadəsinə baxmayaraq, ABŞ-da president seçkisindən sonra Rusiyada yaranmış əhval-ruhiyyəni "eyforiya" yox, "çaşqınlıq" kimi qiymətləndirmək olar".
Bəzi rəsmilərin Trumpın qələbə xəbərinə reaksiyası sevincli olub. Dövlət Duması nəticənin elan edilməsini ayaq üstündə alqışlayıb. Omsk vilayətinin qubernatoru Viktor Nazarov bəyan edib ki, Vladimir Putinin Vahid Rusiya partiyası Birləşmiş Ştatlarda təntənə çalıb. Russia Today təbliğat telekanalının baş redaktoru Marqaita Simonyan isə deyib ki, onun Moskva boyunca avtomobil sürüb pəncərəsindən Amerika bayrağı dalğalandırmağı gəlir.
Bununla belə, "The Guardian" yazır ki, daha yüksək vəzifəli rəsmilər xəbəri ehtiyatla qarşılayıblar. Baş nazir Dmitri Medvedev deyib ki, Rusiyanın Trampın seçkisindən daha vacib probelmləri var. Xarici işlər naziri Sergey Lavrov isə insanları Trampın ritorikasını unudub əməllərini gözləməyə çağırıb. Putinin sözçüsü Dmitri Peskov deyib ki, hələlik Trampın prezident seçilməsinin Rusiya-ABŞ münasibətlərini yaxşılaşdıracağını söyləmək çox tezdir.
"The Guardian" qəzetinin yazdığına görə kim nə deyirsə desin, Rusiya Hillari Kintonun qələbə xəbərinə daha hazırlıqlı idi. Məqalədə deyilir ki, bu, ABŞ-ın ənənəvi xarici siyasətinin davam etdiriləcəyinin işarəsi olardı. Rusiya sistemi məhz Amerika ilə opponentlik siyasəti üstündə qərar tutub.
"The Guardian" yazır ki, Trampa göstərilən ictimai rəğbətə baxmayaraq Rusiyanın dövlət təbliğat maşını onun qələbəsini gözləmirdi. ABŞ-da seçki məntəqələri təzə açılanda Margarita Simonyan tvit yazmışdı: "Rahat uyu, demokratiya!"
"Amerika sisteminə inanmaq olmaz" təbliğatını Rusiya mediası 2012-ci ildə Putin üçüncü dəfə prezident olandan bəri istehsal edir. Rusiya təbliğatı daim vurğulayırdı ki, ABŞ Liviya və Suriyanı xaosa düçar edib və Rusiyanın da eyni vəziyyətə düşməsini istəyir. Təbliğat deyirdi ki, Putin belə vəziyyətin öhdəsindən gələ biləcək və Rusiyanı fəlakətdən xilas edə biləcək yeganə şəxsdir.
Rusiya ABŞ-ı həm də Ukraynada Avromaydan yaratmaqda, Rusiyadakı müxalif elementlərə rejissorluq etməkdə, Avropanı Moskva üzərinə sanksiyalar qoymağa məcbur etməkdə ittiham edirdi. "The Guardian" yazır ki, "Amerika düşməninin obrazı" rusiyalıların gündəlik həyatlarına daxil olmuşdu. Bir neçə il bundan əvvəl avtomobillərdə "Obama ipləmədir" nakleykalarını görmək olardı, bir sıra kafelərdə isə "Obamanın daxil olması qadağandır" kimi lövhələr asılmışdı.
Klintonun qələbəsi bütün bu sentimentin bundan sonra da davam etməsini təmin edərdi. "The Guardian" yazır ki, Rusiya millət vəkilləri Trumpın qələbəsini ayaq üstündə sürəkli alqışlayanda başa düşmürdülər ki, onların öz sisteminin sonu çatıb. Çünki bu sistem bundan sonra Amerikanın daha düşmən olmadığını elan etməli olacaq. Burada başqa bir problem də var, yazır qəzet, Putin özünü daim qlobal neokonservatizmin carçısı kimi təqdim edirdi, indi, Brexit və Trampdan sonra bunu etmək asan olmayacaq. "Kremlin Trampa qalib yox, məğlub kimi ehtiyacı vardı" - yazıb "The Guardian"