Putin Ermənistanı tələyə salacaq Dünya

Putin Ermənistanı tələyə salacaq

"Rusiya Ermənistana yeni Qarabağ sürprizi hazırlayır". Bu barədə Ermənistanın "Aravot" qəzeti yazıb.
Qəzet qeyd edib ki, Rusiya və Ermənistanın vahid ordusunun yaradılması Ermənistan üçün tələdir: "Vahid ordu sülh vaxtı Ermənistan hərbi rəhbərliyinə, müharibə vaxtı isə birbaşa Rusiya hərbi rəhbərliyinə tabe olacaq. Bu, ilk şübhəli məqamdır. Digər tərəfdən, sənəddə göstərilir ki, bu ordu üçüncü ölkəyə qarşı yönləndirilməyib. Lakin vahid ordunun hansı təhlükəyə qarşı duracağı dəqiq açıqlanmır. Əgər razılaşmada "Üçüncü dövlətə qarşı yönəlməyib" qeydi varsa, deməli bu ordu Azərbaycan və Türkiyəyə qarşı heç nə etməyəcək. Ümumiyyətlə, açıq qalan suallar var və Ermənistan rəhbərliyi buna cavab vermir. Yalnız müəyyən ehtimallar irəli sürmək mümkündür".
Qəzetin əsas ehtimalı odur ki, Moskva İrəvan üçün sürpriz hazırlayır və bu sürprizdə Qarabağın ayrıca yeri var.
"Azərbaycan və Rusiya münasibətlərinin səviyyəsi deməyə əsas verir ki, Qarabağda hansısa hərbi toqquşma zamanı Rusiya Ermənistanı dəstəkləməyəcək. Ehtimal ki, Moskvanın bu layihəsi erməni ordusunun üzərində nəzarəti tamamilə ələ almağa hesablanıb. Həmçinin, mümkündür ki, Moskva Qarabağ münaqişəsi ətrafında hadisələrin müəyyən inkişafı halında rus sülhməramlılarının daxil olmasına yaşıl işıq yandırılmasına çalışır".
Rusiyalı politoloq Sergey Markov deyib ki, Dağlıq Qarabağ münaqişəsi tərəfləri problemi sülh yolu ilə həll etməlidirlər və yalnız belə olan halda uzun müddətdir davam edən bu münaqişənin nizamlanmasında irəliləyişə nail olmaq mümkündür. O bildirib ki, münaqişənin mövcudluğu təhdid və eskalasiya mənbəyidir: "Bu gün faktiki olaraq danışıqlar prosesi dayandırılıb, tərəflər siyasi iradə nümayiş etdirmirlər. Azərbaycan və Ermənistan Kazan formuluna qayıtmalıdırlar. Əgər bu baş verməsə, tərəflər razılığa gəlməsə, münaqişə başqa bir miqyasda yenidən alovlana bilər".
Markovun sözlərinə görə, Azərbaycanın hərbi potensialı aydın şəkildə göstərir ki, ölkə danışıqlar prosesində heç bir irəliləyişin olmaması ilə barışmaq niyyətində deyil: "Buna görə də Azərbaycan hər zaman özünün hərbi gücünü artırır. Qüvvələr balansı hər dəfə Azərbaycanın xeyrinə dəyişir və vaxt bu ölkəyə işləyir. Azərbaycan Minsk qrupunun həmsədrlərinin daha çox səy göstərməli olduğunu, Ermənistan hakimiyyətinin kompromisə doğru addım atmasını istəyir".
Politoloqun sözlərinə görə, Rusiya Ermənistan və Azərbaycana silah satışında balansı qorumağa çalışır: "Rusiya dəfələrlə qeyd edib ki, münaqişə sülh yolu ilə həll edilməlidir. Rusiya bir tərəfdən Ermənistan rəhbrliyinə kompromisə getmək üçün təzyiq göstərir, digər tərəfdən isə bu ölkəni silahla təmin edir. Moskva bununla Azərbaycana işarə verir ki, o hərbi qarşıdurmaların alovlanması istəmir. Çünki bu qarşıdurmanın ağır nəticələrə gətirəcəyindən ehtiyat edir".
Markov Azərbaycan və Ermənistan XİN rəhbərlərinin dekabrın 8-də Almaniyanın Hamburq şəhərində gözlənilən görüşünə də toxunub. Onun sözlərinə görə, bu görüşün münaqişənin nizamlanmasında hansı müsbət təsirinin olacağını, prezidentlərin sammitinin təşkilinə doğru bir də adım ola biləcəyini söyləmək tezdir: "Aprel qarşıdurmasınan sonra bir sıra görüşlər baş tutub, amma heç bir uğurlu olmayıb. Çox insanlar bu uğuru gözləyir, əgər buna nail olunsa, böyük bir uğur olacaq".