Rusiya geri çəkilir? Dünya

Rusiya geri çəkilir?

Putin rus qoşunlarının Ukraynada olması ilə bağlı iddiaları rədd edib
Aleksandr Turçinov: "Rusiyanın gözlənilən hücumu ilə əlaqədar Ukrayna Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib"

Rusiya prezidenti Vladimir Putin Ukraynada Rusiya qoşunlarının olmadığını bəyan edib. APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə Putin ötən gün jurnalistlərə bildirib.
"Hər gün bizim orada xüsusi bölmələrimizin, təlimatçılarımızın olması ilə bağlı iddialar eşidirik. Tam məsuliyyətlə bəyan edirəm ki, orada Rusiyanın nə təlimatçıları, nə xüsusi bölmələri, nədə ki qoşunları var, orada heç kim yoxdur", deyə o qeyd edib.
"Özləri bu qarışıqlığı yaradıblar, indidə bizim vasitəmizlə həll etmək istəyirlər. Həll etmək mümkündürmü? Yəqin ki, mümkündür", deyə Putin bildirib.
Onun sözlərinə görə, bunun üçün bütün tərəflər danışıqlar masası arxasına əyləşməlidir və Cenevrə razılaşmalarına hörmətlə yanaşmalıdır.
Rəsmi Kiyev isə bəyan edir ki, Rusiyanın ölkəyə hücum ehtimalı ilə əlaqədar Ukrayna Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Vilayət dövlət administrasiyalarının rəhbərləri ilə Kiyevdə keçirdiyi müşavirədə Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov Donetskdə vəziyyətə nəzarət edə bilmədiklərini etiraf edib: "Bu gün Donetsk şəhərində hakimiyyət situasiyaya nəzarət edə bilmir. Donetsk vilayətinin bir hissəsində də vəziyyət belədir".
A. Turçinov Luqansk vilayətində Təhlükəsizlik Xidmətinin, vilayət administrasiyasının və prokurorluğun binalarının ələ keçirildiyini, Daxili İşlər İdarəsinə hücumun isə dəf edildiyini bildirib: "Donetsk vilayətində xüsusilə təhlükəli vəziyyət yaranıb. Slavyansk şəhəri Rusiyanın nəzarətindəki terrorçu və təxribatçı qruplar tərəfindən ələ keçirilib".
Yerli güc strukturlarının Donetsk və Luqanskda vəziyyəti nəzarət altına almağa qadir olmadıqlarını söyləyən müvəqqəti prezident qeyd edib ki, təxribatçı qruplar may bayramları zamanı Xarkov, Odessa, Dnepropetrovsk, Zaporojye, Xerson və Nikolayev vilayətlərində də vəziyyəti gərginləşdirmək tapşırığı alıblar: "Mən bu regionların rəhbərlərinə və güc strukturlarına müraciət edirəm ki, işi gücləndirsinlər. Kəşfiyyatın məlumatlarına görə, müxtəlif təxribatlar baş verə bilər. Lakin panikaya düşmək lazım deyil".
Ukrayna hakimiyyətinin ölkənin şərqində separatçılığın qarşısını ala bilməməsi ölkə daxilində ciddi narazılıq və etirazlara səbəb olub. Keçmiş müdafiə naziri, prezidentliyə namizəd, deputat Anatoli Qritsenko Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinovu sərt ifadələrlə tənqid edərək onun vəzifədən uzaqlaşdırılması təklifi ilə çıxış edib.
Xarkovda çıxış edən A. Qritsenko deputat həmkarlarını ölkənin hazırkı vəziyyətində məsuliyyətli olmağa çağırıb: "Dərhal növbədənkənar iclasa yığışaraq Ali Baş Komandan Turçinovu dəyişmək lazımdır. Güc strukturlarının rəhbərlərini dinləməyə ehtiyac yoxdur, buna zərurət də qalmayıb. İndi rəhbər vəzifələrə məsuliyyətli qərarlar qəbul etməkdən qorxmayan insanlar təyin olunmalıdır. Deyirlər ki, atları döngədə dəyişməzlər. Düzdür, lakin eşşəkləri dəyişmək olar və lazımdır".
Qeyd edək ki, Ukrayna vətəndaşları sosial şəbəkələrdə ölkənin şərqində yaranmış vəziyyətə hakimiyyətin zəif reaksiyasını çox sərt tənqid edirlər. Aleksandr Turçinov və onun ətrafındakı şəxslər acizlik və qorxaqlıq nümayiş etdirməkdə ittiham olunur. Qəzəbli ukraynalılar açıq təhqirlər yazmaqdan da çəkinmirlər. Hazırda hakimiyyətdə təmsil olunan şəxslərin əksəriyyəti "Batkivşina" (Vətən) Partiyasını təmsil etdiyi üçün bu partiyanın lideri Yuliya Timoşenkonun reytinqi ciddi şəkildə aşağı düşüb.
Bu arada separatçılar Luqanskda DİN İdarəsinin binasını ələ keçiriblər. Bu barədə "RİA Novosti"yə "xalq icmasının" əlaqələndiricisi Oleq Dereko bildirib.
"Biz artıq DİN-i ələ keçirmişik, hazırda polisi tərksilah edirik", deyə o bildirib.
UNİAN-ın məlumatına görə, Rusiya yönümlü fəallar binanın üzərinə bu ölkənin bayrağını ucaldıblar.
Bundan əvvəl Luqansk vilayəti üzrə Ukrayna DİN Baş İdarəsinin rəisi istefa raportu verib.
Qeyd edək ki, separatçılar Luqanskda, həmçinin, vilayət prokurorluğu binasını və televiziya mərkəzini ələ keçiriblər.
Separatçılar nəzarətə aldıqları binaların qarşısında silahlı postlar qurub. Məlumata görə, etirazçılar vilayət prokurorluğu binasının üzərində dalğalanan Ukrayna bayrağını yandırıblar.
Separatizmə qarşı mübarizədə passivlik nümayiş etdirdiyinə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin "Alfa" xüsusi təyinatlı dəstəsinin bəzi komandirləri vəzifədən kənarlaşdırılıb və onlar haqqında cinayət işi qaldırılıb.
Ukrayna Prezident Administrasiyası rəhbərinin səlahiyyətlərini icra edən Sergey Paşinski deyib ki, Baş Prokurorluq antiterror əməliyyatı zamanı əmrləri yerinə yetirməkdən və atəş açmaqdan imtina edən "Alfa"nın 3 komandirinə qarşı cinayət işi açıb. O, "Alfa"nın bütün rəhbərliyinin işdən uzaqlaşdırıldığını və onlar barəsində xidməti təhqiqat aparıldığını söyləyib.
S. Paşinski hazırda Daxili İşlər Nazirliyi sistemində rotasiya həyata keçirildiyini qeyd etsə də, təəssüflə vurğulayıb ki, Donetsk və Luqansk vilayətlərində çalışan, əksəriyyəti qeyri-peşəkar olan və korrupsiyaya qurşanmış 4 min milisin tezliklə dəyişdirilməsi mümkün deyil. Bu səbəblə ölkənin bütün vilayətlərində (27) ərazi müdafiə taborları yaradılması qərara alınıb. Hazırda separatçıların ən aktiv olduğu Donetsk və Luqansk vilayətlərində bu taborlar 3 min nəfərdən ibarət olacaq. Taborlar Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərəcək və Baş Qərargaha, eləcə də yerli vilayətlərin rəhbərlərinə tabe olacaq.
Qeyd edək ki, Ukrayna təhlükəsizlik orqanlarında və orduda çoxlu sayda Rusiya casusunun fəaliyyət göstərdiyi güman olunur. Ukraynanın baş naziri Arseni Yasenyuk Yanukoviçin hakimiyyəti dövründə Ukraynada təhlükəsizlik sisteminin və Silahlı Qüvvələrin məqsədyönlü şəkildə dağıdıldığını bəyan edib.