İran nə zaman İsrailə hücum edəcək? Dünya
Tehran ciddi hazırlıq görür
İyulun 31-də İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Tehranda olan HƏMAS-ın lideri İsmayıl Haniyənin İsrailin hücumu nəticəsində öldürülməsi Yaxın Şərqdə vəziyyəti daha da pisləşdirdi.
Elə həmin gün İranın ali rəhbəri Ayətullah Əli Xameneyi deyib ki, Haniyə səhər tezdən hava hücumu nəticəsində öldürülüb, lakin hücumun təfərrüatları hələlik məlum deyil.
HƏMAS-ın qrupun Teleqram kanalında açıqladığı bəyanatında bildirilir ki, Haniyə İran paytaxtında iqamətgahında öldürülüb.
İranın İnqilab Keşikçiləri Korpusu səhər erkən saatlarda baş verən hücumda Haniyənin mühafizəçilərindən birinin də öldürüldüyünü və hadisənin araşdırıldığını bildirib.
Xameneyi qisas alacağına söz verərək, İsrailin “özü üçün ağır cəza hazırladığını” deyib.
Xameneyi rəsmi internet saytında verdiyi açıqlamada “biz onun qisasını borcumuz hesab edirik” deyərək, Haniyənin “evimizdə əziz qonaq olduğunu” qeyd edib.
İsrail tərəfindən şərh verilməyib. Lakin HƏMAS-ın silahlı qanadı olan İzzəddin əl-Qəssam Briqadaları da cavab tədbirləri görəcəyinə söz verib və Yaxın Şərq üçün “ağır nəticələr” barədə xəbərdarlıq edib.
Haniyənin ölümü İranın dəstəklədiyi HƏMAS-ın İsrailin cənubuna 1200 nəfərin ölümü və 250-yə yaxın insanın girov götürülməsi ilə nəticələnən hücumundan təxminən 10 ay sonra baş verib.
İsrail hücuma Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, Qəzzada 39,400-dən çox fələstinlinin ölümünə səbəb olan hərbi kampaniya ilə cavab verib. Səhiyyə Nazirliyinin açıqladığı rəqəmlər mülki şəxslər və döyüşçüləri əhatə edir.
Haniyə 2017-ci ildə HƏMAS-ın siyasi bürosunun rəhbəri olmuşdu. O, 2019-cu ildə Qəzzanı tərk etdikdən sonra Qətərdə mühacirətdə yaşayırdı.
Qətər, Misir və ABŞ aylardır İsrail və HƏMAS arasında atəşkəs barədə danışıqlar aparır, lakin bu proses çərşənbə günü ciddi suallarla qarşılaşıb.
ABŞ dövlət katibi Antoni Blinken Sinqapurda keçirilən tədbirdə deyib: “Hazırda sizə deyə biləcəyim odur ki, mən atəşkəsə nail olmağın əhəmiyyətini azaldan heç bir şeyin olmadığını düşünürəm”.
“Mən hər hansı bir hadisənin buna hansı təsir göstərə biləcəyi ilə bağlı fikir söyləmək niyyətində deyiləm,” Blinken deyib. “Mənim bildiyim odur ki, atəşkəsə nail olmaq daimi imperativdir və biz bunun üçün hər gün işləməyə davam edəcəyik,” ABŞ dövlət katibi əlavə edib.
ABŞ-ın müdafiə naziri Lloyd Austindən Tehranda hücumun arxasında İsrailin olub-olmadığını və İsrailin ABŞ-ı xəbərdar edib-etmədiyini təsdiq edə biləcəyini soruşulduqda, o, Filippində jurnalistlərə belə cavab verib: “Bu barədə sizə verə biləcəyim heç bir məlumatım yoxdur”.
Austin İsrail-Livan sərhədində vəziyyətin narahatlıq doğurduğunu və İsrailin müdafiə naziri Yoav Qallant və regionun əsas liderləri ilə əlaqə saxlayacağını bildirib.
“Biz vəziyyətin bütün regionda daha böyük münaqişəyə çevrilməsinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik,” Austin deyib.
İran prezidenti Məsud Pezeşkian X səhifəsində ölkəsinin ərazi bütövlüyünü, şərəfini və qürurunu müdafiə edəcəyini və İsraili “qorxaq əməlinə görə” peşman edəcəyini bildirib.
Fələstin prezidenti Mahmud Abbas ofisindən verilən bəyanatına əsasən, Haniyənin öldürülməsini “qorxaq hərəkət və ciddi eskalasiya” adlandırıb.
Türkiyə Haniyənin “utancverici sui-qəsdi” adlandırdığı hadisəni pisləyib. Türkiyə Xarici İşlər Nazirliyi açıqladığı bəyanatda bildirib ki, “bu hücum həm də Qəzza müharibəsini regional miqyasda genişləndirmək məqsədi daşıyır”.
Rusiya da Haniyənin öldürülməsini pisləyib və bunu “qəbuledilməz siyasi sui-qəsd” adlandırıb.
Artıq həm ABŞ, həm İsrail İranın hücumunun qarşısını almaq üçün planlar hazırlayıb. İranın İsrailə nə vaxt zərbə endirəcəyi vaxt dəqiq bilinməsə də, bunun yaxın günlər və hətta saatlarda baş verəcəyi proqnozlaşdırılıb.
Politoloq Elşən Manafov qəzetimizə bildirib ki, İran, habelə onunla bağlı proksi qüvvələrin İsrailə qarşı hərbi əməliyyatlara keçəcəyi birmənalıdır.
Elşən Manafovun sözlərinə görə, rəsmi Tehran İsrailə zərbə endirəcəyi ilə baglı mövqeyini izhar etsə də, bu zərbənin nə vaxt və necə olacağı ilə bağlı suallar açıq qalır: “İsrail İranda HƏMAS liderini qətlə yetirməklə siyasi qətl həyata keçirib. HƏMAS Qəzza əhalisinin Fələstin hökumətindəki qanuni və legetim təmsilçisidir. Bunu İsrail və Qərbin qəbul etməsindən asılı olmayaraq, İran, Rusiya, Çin və bir sıra ərəb ölkələri kimi Türkiyə də haqlı olaraq HƏMAS-I terrorçu deyil, siyasi və legetim təşkilat kimi qəbul edir. HƏMAS liderini İranda öldurməklə İsrail suveren dövlətə qarşı təcavüz aktını həyata keçirmiş oldu. Onu təhdid və təhqir etdi. Bu mənada İsrailə cavab vermək İran üçün bir şərəf işidir. Çünki İranın təhlükəsizliyində kövrək nöqtələrin olduğu amilini İsrail qabarda bilib və ABŞ üçün bir növ təftiş işini həyata keçirib.
Netanyahu hökuməti bilərəkdən eskalasiyanın gücləndirilməsi istiqamətində addım atıb. HƏMAS-ın müqavimətini qıra bilmədiyindən o bir tərəfdən daxildə etiraz elektoratı və müxalifətin haqlı ittihamları ilə üzbəüz qalıb. Digər tərəfdən HƏMAS liderinə qarşı terror aktını həyata keçirməklə Netanyahu ABŞ-ni regional müharibəyə cəlb etmək və müttəfiqindən daha böyük həcmdə maliyyə və hərbi dəstək almağı planlaşdırıb.
Böyük ehtimalla zərbələr İranla bağlı proksi qüvvələr tərəfindən endiriləcək. Burada isə əsas zərbə qüvvəsi kimi Livanda Hizbullah, Suriyada SEPAH-ın tabeliyində olan ələvilər, Yəməndə husilər çıxış edəcəklər. General Qasiminin qətlindən sonra olduğu kimi əvvəlcədən endiriləcək zərbələrin hədəfləri barədə qarşı tərəfin məlumat əldə edəcəyini istisna etmək olmaz.
İran və İsrail arasında birbaşa hərbi əməliyyatların gərgin fazaya keçmə riskinə qlobal güclər imkan versələr, bu halda lokal şəkildə başlanmış münaqişənin qısa zamanda qlobal müstəviyə keçmə ehtimali yüksəkdir. Bu isə mübarizənin regional xarakterinin dünya nizamina təsirinin artması demək olacaq”.
E.Manafov onu da vurğulayıb ki, İsrailin HƏMAS liderini aradan göturməsi bu hərbiləşmiş siyasi təşkilatın ona qarşı müqavimət əzmini qıra bilməyəcək, əksinə daha da şiddətləndirəcək, Netenyahu bunu bilməmiş deyildi, deməli İsrail hökuməti eskalasiyanın daha da artmasında maraqlı olub, sifarişçi kimi isə ABŞ çıxış edib, Ag evin İsraili Refahda dinc əhaliyə qarşı hərbi əməliyyatları "dayandırmaq tələblərinin" müqabilndə Təl-Əvivin əsl qətliam siyasətini davam etdirməsi belə düşünməyə əsas verir.
İsrail hökuməti HƏMAS liderini qətlə yetirməklə əvvəla İrana meydan oxudu, onun təhlükəsizlik sahəsində Axilles dabanının olduğuna eyham etdi, ABŞ-ı buna inandırmağa cəhd göstərdi, ondan daha böyuk məbləğdə maliyyə və hərbi dəstəyə ehtiyac olduğuna işarə vermiş oldu: “Münaqişənin dərinləşməsi ABŞ başda olmaqla kollektiv Qərbi Yaxın Şərqdə ABŞ-ın müəyyən etmək istədiyi yeni dünya nizami planına qarşı çıxan İran rejimi, habelə onun dəstək verdiyi proiksi qüvvələrə qarşı daha böyük masştabda tədbirlərin görülməsi üçün Qərb ictimaiyyətindən dəstək almağa da yönəldilib.
Suriyada Əsəd hakimiyyətini devirə bilməyən ABŞ yenidən qüvvələrini sinamaq istəyir, lazim gələrsə beynəlxalq terroçu təşkilatlar işə qarışacaq.
Ukraynadan nəzər diqqətin Yaxin Şərqə yönəldilməsi də Qərbin planlarına daxildir. Rusiya heç şübhəsiz burada öz müttəfiqini tək buraxmayacaq, İsgəndər raketlərinin artıq neçə gündür İrana daşınması buna dəlalət edir, rəsmi Tehran da məhz müttəfiqləri ilə müzakurələrdən sonra daha qəti qərarlar qəbul edəcək. Çin və Şanxay Əməkdaşlıq Təşkilatının Kollektiv Qərbi İrana hücumdan çəkindirmək üçün çagırışlar edəcəyi bəllidir.
Qərb və NATO isə əvvəlki kimi monolit təsir bağışlamır, Türkiyənin Netenyahuya ünvanlanmış tələbləri, habelə AB-nin bəzi ölkələrinin Fələstin müstəqilliyini tanıması bunu təsdiq edir. Ərəb dövlətlərinə gəlincə, onların xalqlarından fərqli olaraq ərəb siyasi dairələri fərqli geosiyasi maraqlara kökləndiklərindən umumərəb birliyi təmin edilməyəcək. Onların yeni Camal Əl Nasir və ya Muəmmar Qəddafiyə ehtiyacları var”.
Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, İsrailin Tehranda İsmayıl Haniyəni qaldığı evdə PUA və yaxud raketlə vurması, birbaşa Tehranın suverenliyini və təhlükəsizliyini təhdid etdi. Bu, İsrailin İrana müharibə elanıdir. Tehranın dəvət etdiyi ali qonağa qarşı hücum şərqdə yaxşı qarşılanmır.
İsrail İranın havadan müdafiə sistemlərini yarmaqla, ali qonağın iqamətgahına zərbə endirib. Görünür, İranın hava müdafiə sistemlərinə kiber müdaxilə edilməklə, sistem yararsız hala gətirilib: “Belə bir zərbələr İranın prezident sarayına və Ali dini rəhbərin iqamətgahına endirilən bilər. Göründüyü kimi, İranın fəxr etdiyi güclü təhlükəsizlik sistemi və havadan müdafiə imkanları çox zəifdir. Təbii ki, İsrail ABŞ razılığı olmadan belə bir əməliyyat keçirdi bilməzdi. Belə bir əməliyyat Hizbullah lideri Həsən Nəsrullahin aradan götürülməsi istiqamətində keçirilməsi istisna deyil.
İsrailin bu əməliyyatı İranın təhlükəsizlik orqanlarında boşluğun və agentura şəbəkəsinə malik olduğunu göstərir. Bununla, İranın hakimiyyət sisteminə və təhlükəsizliyinə nəzarət edən SEPAH nüfuzuna ciddi zərbələr dəyəcək. Prezidentin SEPAH və təhlükəsizlik orqanları işinə müdaxilə edə bilməməsi, bu qurumun özünü düzəltmək kimi islahatlara getməsi gözlənilmir. Artıq siyasi hakimiyyətdə güc strukturlarına inamsızlıq sindiromu yaranacaq.
İranın yeni prezidenti çətin sınaqlarla üz-üzədir. Bir tərəfdən ölkənin təhlükəsizliyi strukturlarında deqradasiyaya baş verib. Həmçinin İsraillə münasibətlər hərbi müstəviyə keçib. İsrailin Livanda Hizbullaha qarşı hərbi əməliyyatlari İsrail-İran müharibəsinin fitilini çəkə bilər. Prezident Pezeşkian ilk gündən çətin siyasi karyerası ilə üzləşib.
İranla İsrail arasında baş verəcək hər hansı bir qarşıdurmada Azərbaycan öz neytral mövqeyini davam etdirəcək”.
Cavid