Putin Trampa dair iddiaları “cəfəngiyyat” adlandırıb Dünya

Putin Trampa dair iddiaları “cəfəngiyyat” adlandırıb

Rusiya prezidenti Vladimir Putin Moskvanın prezident seçilmiş Donald Trampa dair kompromata malik olması barədə iddiaları "tam bir cəfəngiyyat" adlandırıb.
Putin deyib ki, Rusiya kəşfiyyat orqanlarının Trampı izləməsinə heç bir ehtiyac yox idi, çünki 2013-cü ildə Nyu York milyarderi hələ siyasətə gəlməmişdi.
O Rusiyaya və Trampa qarşı iddiaları irəli sürənləri "fahişədən pis" adlandırıb.
ABŞ kəşfiyyatının təqdim etdiyi dosyedə Trampın seçki komandası ilə Rusiya arasında sıx təmasların olması iddia olunurdu.
Bu da iddia edilirdirdi ki, Rusiya kəşfiyyatının ixtiyarında Trampı şantaj etməyə əsas verən video və başqa materiallar var.
İddialar əsas etibarilə guya 2013-cü ildə Trampın Moskvada keçirdiyi Miss Universe gözəllik yarışı zamanı Ritz-Carlton otelində çəkilmiş video barədə idi.
Donald Tramp Britaniya kəşfiyyatçısı tərəfindən hazırlandığı deyilən dosyeni "saxta məlumatlar" kimi rədd edib.
Moskvada keçirilən mətbuat konfransında danışan Putin Trampa aid iddiaları əks etdirən hesabatı saxta adlandırıb və deyib ki, bütün bunlar "prezident seçilənin legitimliyinə zərbə vurmaq məqsədi daşıyır".
"Tramp Moskvaya gələndə siyasi fiqur deyildi. Biz hətta onun siyasi ambisiyalarından da xəbərsiz idik, - deyib Putin, - Doğrudanmı kimsə inanır ki, bizim məxfi xidmətlərimiz hər Amerika milrayarderinin dalınca düşür. Əlbəttə yox. Bu tam bir cəfəngiyyatdır".
Rusiya prezidenti Putin deyib ki, gözəllik yarışı təşkil edən "dünyanın ən gözəl qadınları ilə görüşən" Tramp Moskvada fahişələrlə görüşməyə niyə can atmalıydı?
"Mənə təsəvvür etmək çətindir ki, o hotelə bizim "sosial məsuliyyəti aşağı olan" qızlarımızla görüşmək üçün gəlib… Hərçənd, əlbəttə onlar dünyanın ən yaxşısıdılar. Amma mən inanmıram ki, Tramp buna gedəydi" - deyib Rusiya prezudenti.
Putin habelə Rusiya hakerlərinin ABŞ seçkisinə müdaxilə etdiyi barədə xəbərləri "saxta" adlandırıb, lakin bunun ardınca deyib ki, hakerlər kim olursa olsunlar, özlərindən heç nə düzəltməyiblər və yalnız olanın üstünü açıblar.