ABŞ Avropaya “sarsılmaz NATO zəmanəti” verir Dünya

ABŞ Avropaya “sarsılmaz NATO zəmanəti” verir

ABŞ-ın müdafiə naziri Ceyms Mattis vəzifəsinə başladığı ilk gündə Avropa müttəfiqlərinə zəmanət verərək bəyan edib ki, ölkəsinin NATO qarşısında öhdəliyi "sarsılmazdır". Pentaqonun sözçüsü deyib ki, Mattis NATO-nun baş katibi Cens Stoltenberg və Britaniyanın müdafiə naziri Micael Fallonla yanvarın 23-də söhbət edib və ABŞ prezidenti Donald Trampın NATO-nu "köhnəlmiş" adlandırmasından doğan narahatlıqları cavablandırıb.
"Mattis Birləşmiş Ştatların NATO-ya sarsılmaz sədaqətini bir daha təsdiqləyib" – deyib Pentaqonun sözçüsü, kapitan Ceff Davis.
Stoltenberglə telefon söhbətində "iki rəsmi ortaq dəyərlərin mühümlüyünü müzakirə ediblər və ABŞ naziri deyib ki, bu dəyərlərin müdafiəsi üçün müttəfiqlərə köməkdə Birləmiş Ştatlar üçün başlanğıc nöqtə həmişə Avropadır".
"Hər iki rəsmi qarşıdan gələn aylarda müzakirələri davam etdirəcəklərini və NATO müdafiə nazirlərinin fevralda keçiriləcək müşavirəsində şəxsən görüşəcəklərini bildiriblər" – deyib Davis. Fallonla söhbətində Mattis Birləşmiş Ştatlar və Birləşmiş Krallıq arasında xüsusi münasibətlərin mövcudluğunu təsdiq edib və deyib ki, iki ölkə arasında hərbi bağlar ABŞ təhlükəsizliyinin məhvəridir.