Türkiyə - Rusiya yaxınlaşması Dünya

Türkiyə - Rusiya yaxınlaşması

Ərdoğanın ABŞ-ın yeni prezidenti Donald Trampa ümidləri...
"The Economist" özünün son sayında yazır ki, Türkiyənin Rusiyaya "sığınmasının" acınacaqlı nəticəsi ola bilər, çünki Putin və Ərdoğan tamamilə fərqli və bir-birinə zidd məqsədlər güdürlər. Məqalədə deyilir ki, prezident Rəcəp Tayyip Ərdoğanın İstanbuldakı iqamətgahının lap yaxınlığında yerləşən "Dəniz donanması muzeyinin" hər güşəsində geosiyasi düşmənçiliklərin təsvirini görmək olar.
Burada əlcəzairli Hasan paşanın da büstü var. Bu həmin admiral Hasan paşadır ki, onun komandanlığı altında türk donanmasını Rusiya donanması son gəmisinədək yandıraraq məhv edib. Yaxud sultanların gəzdiyi Mahmudiyyə gəmisinin qalıqları da buradadır. Bu gəmi 18-ci əsrdə baş vermiş Krım müharibəsində Sevastopolun blokadasında iştirak edib. Hərçənd burada Türkiyənin 2015-ci ildə vurub saldığı Rusiya təyyarəsinin qalıqları yoxdur, yazır "The Economist".
Məqalədə deyilir ki, həmin təyyarənin vurulması 18-ci əsrdəki kimi müharibəyə səbəb olmayıb, sadəcə qarşılıqlı təhqir və sanksiyalarla nəticələnib. Sonra isə, ötən ilin iyununda Erdoğan Putindən üzr istəyib. İki ölkə barışıblar, köhnə layihələri bərpa ediblər və ikitərəfli ticarətlərini 5 dəfə artıraraq, ildə 100 milyard dollara çatdırmağa söz veriblər. Məqalədə deyilir ki, bundan da heyrətamiz olanı iki ölkə liderlərinin ötən il dekabrda Suriyanın Hələb şəhəri uğrunda döyüşlərdə atəşkəs barədə razılaşma əldə etməsidir.
"Öz çəkişmələrinin kəllə-çarxında Putin və Ərdoğan bir-birlərini İslam Dövlətini dəstəkləməkdə ittiham edirdilər, indi isə iki avtokrat Suriyada bu təşkilata qarşı hava zərbələrini koordinasiya edirlər" - deyilir məqalədə.
"The Economist" yazır ki, iki ölkənin yaxınlaşma sürətini hətta ötən dekabrda Rusiyanın Türkiyədəki səfirinin Ankarada qətlə yetirilməsi də səngitməyib. Bütün bunlara baxmayaraq, bu yaxınlaşmadan iki tərəfin gözləntiləri müxtəlif və daban-dabana ziddir. "Belə görünür ki, cənab Erdoğan Putinlə münasibətlərindən öz Qərb müttəfiqlərindən güzəştlər qoparmaq üçün istifadə edir. Putinin məqsədi isə NATO-nun ən zəif həlqəsini - yəni Türkiyəni bir az da boşaltmaqdır. Onların ikisindən biri sonunda pərt qalacaq" - yazır məcmuə.
Ərdoğanın Putinlə dostlaşmasının səbəblərindən biri də, onunla düşmənçiliyin çox ağrılı olması idi. Türkiyə Rusiyanın təyyarəsini vurub salandan sonra Putin Türkiyənin Yaxın Şərqə bütün yollarını kəsdi. Rusiyanın təyyarələri Suriya ərazisində Türkiyənin, etnik əmoğluları da daxil, əlaltılarını, cazasızlıq şəraitində vurmağa başladı. Rusiyanın raketdən müdafiə sitemləri Türkiyə təyyarələrini Suriya səmalarına həsrət qoydu. Rusiyanın sanksiyaları Türkiyəyə ticarət və turizm sahəsində azı 10 milyard dollara oturdu. Rusiya hazırda daha mökəm partnyordur. Ərdoğan hökuməti Türkiyənin ilk atom stansiyasının tikilməsini Rusiyanın Rosatom şirkətinə həvalə edib.
Ən başlıcası isə Ərdoğan özünün ən böyük xəyalından - qan içində üzən Suriya prezidentinin devrilməsi fikrindən əl çəkib. Bunların əvəzində Rusiya Türkiyəyə Suriyanın içərisində bufer zonası yaratmaq izni verib. Türkiyə İŞİD-i onun sərhədboyu son istehkamlarından məhrum edib, amerikalıların dəstəklədiyi kürd YPG qüvvələrinin üstünə yeriyib. Lakin Putin başqa məsələlərdə səxavətli olmağa elə də tələsmir. Türkiyənin ərzaq məhsulları üzərinə qoyulmuş sanksiyalar hələlik qüvvədə qalır.
"The Economist" yazır ki, Türkiyə əlbəttə, NATO üzvlüyünü Rusiya ilə müttəfiqliyə dəyişmək niyyətində deyil. Amma buna baxmayaraq, Türkiyə bir etibarlı müttəfiq kimi Qərbin gözündən düşməkdə davam edir. Belə şayiələr də dolaşır ki, Ərdoğanın hakim AK partiyasındakı yaxın yoldaşları bəzi NATO öhdəliklərindən çəkinməyi düşünürlər. Eyni narahatlıq ordu ilə bağlı da mövcuddur. İyul çevriliş cəhdindən sonrakı repressiyalarda bir çox qərbyönlü zabitlərin həyat və karyeraları alt-üst olub.
Moskva Universitetindən Kerim Has "The Economist" məcmuəsinə bildirib ki, repressiyalar Türkiyə ordusu və polisində Amerika nüfuzuna güclü zərbə vurub. Məqalədə deyilir ki, hazırda Türkiyədəki antiqərb şivəni bir qədər azalıb. Buna səbəb Ərdoğanın ABŞ-ın yeni prezidenti Donald Trampa ümidlər bəsləməsidir. Ərdoğan inanmaq istəyir ki, Tramp Fəthullah Güləni ekstradisiya edəcək və ABŞ kürdlərin YPG qüvvələri ilə bütün əlaqələrini kəsəcək.
Amma Tramp bu gözləntiləri doğrultmasa, onda Putin və Ərdoğan bir qədər də yaxınlaşacaqlar. Türkiyə Rusiayaya anti-Əsəd qüvvələri danışıqlar masasına gətirmək üçün lazımdır. Türkiyənin isə turistlərə, qaza ehtiyacı var... Lakin əgər yeni bir böhran qopsa, Putin Türkiyə ilə NATO arasındakı uçurumu bir az da dərinləşdirəcək. "The Economist" Türkiyənin keçmiş prezidentlərindən birini iqtibas edib: "Böyük dövlətlərlə münasibətlər qurmaq ayı ilə bir yatağa girmək kimidir". "Əgər bu ayı Rusiyadırsa, oyaq qalmaq məsləhətdir" - yazır "The Economist".