ABŞ-ın ştat liderləri paytaxt Vaşinqtonda bir araya gəlib Dünya

ABŞ-ın ştat liderləri paytaxt Vaşinqtonda bir araya gəlib

ABŞ-ın ştat liderləri paytaxt Vaşinqtonda bir araya gəlib. Milli Qubernatorlar Assosiasiyasının tədbiri prezident Trampın 11 milyon qanunsuz mühacirə qarşı kəskin ölçülər götürdüyü vaxt keçirilib. Bunun bir hissəsi olaraq sığınacaq yerləri olan şəhərlərin fondları ixtisar edilib. Trampın planlarına yerli hüquq-mühafizə agentlərinə mühacirət agentləri kimi fəaliyyət göstərmələri də daxildir. "Amerikanın Səsi"nə danışan bəzi ştatların qubernatorları yeni həyat sorağında olan mühacirlər və qaçqınları Amerikada görmək istədiklərini deyib.
Milli Qubernatorlar Assosiasiyasının rəhbəri və Virciniya qurbernatoru Terri Makollif yeni ölçüləri mənəviyyatsız və qanunsuz adlandırıb. O deyib ki, mühacirlər və qaçqınlar Virciniya ştatında təhlükəsizdirlər. "Biz insanların gəlməsini, biznes qurmasını, ailələrini dolandırması və həyat standartlarını yaxşılaşdırmasını istəyirik. Virciniyada biz mülki azadlıqlar və vətəndaş hüquqlarını müdafiə edirik" - deyə qubernator bildirib.
Oreqon qubernatoru Keyt Braun da "Amerikanın Səsi"nə deyib ki, Oreqon mühacir və qaçqınlar da daxil edilməklə, hər bir kəsin müvəffəq olduğu bir yerdir. Arkanzas qubernatoru Asa Hitçinson ştatının çoxsaylı Vyetnam, Meksika və Mərkəzi Amerika ölkələrindən olan insanlara malik olduğunu bildirib.
Yeri gəlmişkən, ABŞ prezidenti Donald Tramp qaçqın və miqrantlarla bağlı yeni qadağanı martın 1-də imzalayacaq. Bu haqda "The Associated Press" agentliyi adının çəkilməsini istəməyən administrasiya rəsmisinə istinadən məlumat yayıb. Prezidentin miqrantların ABŞ-a girişini yasaqlayan əvvəlki qərarını Federal Məhkəmə ləğv edib. D.Tramp isə buna cavab olaraq yeni sərəncam imzalayacağını bəyan etmişdi.
Ağ evin sözçüsü Sean Spicer keçən həftə demişdi ki, yeni sərəncamın gecikməsinə səbəb prezidentin sənədin mükəmməlliyinə əmin olmaq istəyidir. D.Tramp hesab edir ki, terrorçuların ABŞ-a girişini önləməkdən ötrü miqrantların axını dayandırılmalı, miqrantlara sığınacaq prosedurları çətinləşdirilməlidir. Öncəki qərar 7 müsəlman ölkəsi, özəlliklə də Suriyadan gələn qaçqınların ABŞ-a buraxılmasını müvəqqəti qadağan edirdi.