Ermənistan sürətlə silahlanır: revanşist niyyətlər İrəvana nə vəd edir? Dünya
Son zamanlar Ermənistanın 78 ədəd ATAGS yedəkli artilleriya sisteminin alması ilə bağlı danışıqlar apardığı fikirləri səsləndirilir. Bu barədə Ermənistan mətbuatı da məlumat yayıb. Həmin silahlar Ermənistanı nə qədər gücləndirə bilər və bunun Azərbaycan üçün nə kimi təhlükələri var? Eləcə də bu silahların Ermənistanda olması danışıqlar prosesində Ermənistan mövqelərini gücləndirə bilərmi? Bu barədə hərbi eskpertlər və politoloqlar fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüb.
Siyasi şərhçi Şakir Ağayev qeyd edib ki, Ermənistan Hindistandan, həmçinin Fransa, ABŞ və digər ölkələrdən silahlar aldığına görə sülh prosesini bilərəkdən uzadır: “Ermənistan sülh müqaviləsinin şərtlərini ona görə qəbul etmir ki, 44 günlük müharibədə darmadağın olmuş ordusunu yenidən bərpa etsin: “Ermənistan militarist siyasətlə məşğuldur, güclü silahlanma və ordu qüvvələrini bərpa etməyə çalışmaqla sübut etməyə çalışır ki, onların da mövqeləri güclənib. O, sülh prosesində də bundan istifadə etmək istəyir. Təbii ki, Azərbaycan da boş dayanmır. Ermənistan silahlanmanı əgər dilənə-dilənə həyata keçirirsə, Azərbaycanın iqtisadi vəziyyəti imkan verir ki, o, öz hərbi potensialını daha müasir tələblərə uyğun qursun. Hesab edirəm ki, Ermənistanın bu düşüncələri onların sülh müqaviləsi bağlamasında hər hansı bir şərt qoyulması üçün əsas verə bilməz. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün şərtini irəli sürüb. Qəti mövqe ondan ibarətdir ki, Ermənistan konstitusiya dəyişikliyinə getməlidir. Təbii ki, Ermənistan bunu qəbul etmək istəmir. Sürətlə silahlanır və istəyir ki, Azərbaycan mövqeyindən geri çəkilsin. Amma Azərbaycan haqlı mövqeyindən geri çəkilməyəcək”.
“Hindistan Ermənistan üçün aparıcı silah tədarükçüsünə çevrilir”
Hərbi jurnalist Anar Şuşalı bildirib ki, bunu regionda balansın pozulması və yenidən müharibəyə hazırlıq kimi də qiymətləndirmək olar. O, əlavə edib ki, Azərbaycan istənilən hücum və təhdidlərin qarşısını almağa qadirdir: “Azərbaycan günü-gündən arsenalını yeniləyir və güclənir. Ölkəmiz regionun lideri və ən güclü dövlətidir. Bunu 2016 və 2020-ci illərdə bir daha gördük. Ermənistan istənilən ölkədən silah tədarükü etsə də, bizim üçün qorxusu yoxdur. Müzəffər Ali Baş komandan İlham Əliyevin apardığı siyasət ölkəmizi daha da qüdrətli edir. Ermənistan mediasının yalan yazılarına gəldikdə isə Ermənistan aldığı ATAGS haubitsaları yerli dil interfeysinə malik ballistik kompüterlərlə təchiz olunub. Bu fərdiləşdirmə, erməni artilleriya ekipajlarının əməliyyatlarını sadələşdirir, təlim vaxtını və səhv ehtimalını azaldır. Ballistik kompüterlər Ermənistanın quru naviqasiya sistemləri ilə də inteqrasiya halında işləyir. Bu, inteqrasiya haubitsanın döyüş meydanında ümumi effektivliyini artırır və hədəf seçməyə imkan verir. Xatırladaq ki, Hindistan ATAGS haubitsalarının 6 ədədlik ilk partiyasını 2023-cü ilin avqust ayında Ermənistana təhvil verib. Hindistan Cənubi Qafqazdakı strateji müttəfiqi Ermənistana yeni silah partiyası tədarük etməyi düşünür”.
Hərbi jurnalist eləcə də qeyd edib ki, Hindistan əvvəllər Ermənistana xaricə ilk dəfə satılan öz inkişafı olan 214 mm-lik “Pinaka” yaylım atəşli reaktiv sistemlərini, həmçinin tank əleyhinə raketlər və sursat partiyası verib: “Silahlar İran ərazisindən keçən nəqliyyat dəhlizi vasitəsilə çatdırılıb. Hindistanın “Bharat Forge” müdafiə şirkəti 155,5 milyon ABŞ dollarlıq müqavilə çərçivəsində 6 ədəd yedəyə alınan 155 mm-lik ATAGS haubitsasını Ermənistana təhvil verib. Onu da deyim ki, müqavilə üç il ərzində bu tipli 90 artilleriya qurğusunun tədarükünü nəzərdə tutur. Bunlardan başqa, Ermənistan Hindistana 155 mm çaplı MArG 155-BR özüyeriyən artilleriya qurğusu da sifariş verib. Qeyd edim ki, Ermənistan Hindistandan 155 mm çaplı haubitsalar alması barədə xəbərlər ilk dəfə geniş ictimaiyyətə 2022-ci ilin noyabr ayında məlum olub. 2020-ci ilin əvvəlində isə Ermənistan artilleriya mövqelərini aşkar etmək üçün Hindistanla dörd ədəd “Swathi Weapon Locating Radar” yerüstü radiolokasiya stansiyasının alınması barədə təxminən 40 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb. Yuxarıda qeyd olunlara baxsaq onu deyə bilirək ki, Hindistan Ermənistan üçün aparıcı silah tədarükçüsünə çevrilir”.
“Ermənistanın aqressiv ritorikasını davam etdirməsi sülh prosesini ləngidir”
A.Şuşalı Ermənistanın siyasi hakimiyyətinin 44 günlük Vətən müharibəsi və anti-terror əməliyyatları zamanı kifayət qədər canlı və silah-sursat, texnika itkiləri ilə üz-üzə qaldığını xatırladaraq bunun da bir dövlətin kəskin şəkildə zəifləməsi və gücsüzləşməsi demək olduğunu bildirib: “Bütün bunlar Ermənistan ordusunun arsenalına yeni texnikaların cəlb olunmasına gətirir çıxarır. Çünki kasıb bir dövlətin tədarükə ehtiyacı olur”.
Ekspert eləcə də deyib ki, bunların nəticəsində Ermənistanın sürətlə silahlanaraq, aqressiv ritorikasını davam etdirməsi sülh prosesinə də təhdid törədir: “Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən kifayət qədər addımlar atılıb. Ermənistan tərəfindən isə son dövrlərdə daha intensiv xarakter alan siyasi və hərbi təxribatlar, bu ölkənin sürətlə silahlanaraq aqressiv ritorikasını davam etdirməsi sülh prosesini ləngidir. Ermənistanın hərbi büdcəsini kəskin artırması, həm ənənəvi, həm də yeni təchizatçılardan külli miqdarda hücum silahları alması, keçmiş münaqişəyə əsaslanan tezisləri və strukturları saxlamaq cəhdləri ilə birlikdə konstitusiya dəyişikliklərinin həyata keçirilməsi xüsusunda səhlənkarlığı normallaşma prosesinə xələl gətirir”.
“Ermənistan təxribat həyata keçirmək üçün plan qurur”
Hərbi ekspert Azər Bayramov qeyd edib ki, Ermənistan və ona silah tədarük edən ölkələrin hərbi siyasi rəhbərliyi açıqlamalarında Ermənistana ötürülən silahların müdafiə xarakterli olduğunu deyərək beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar: “Ancaq bu gün onların əsl xisləti bəlli olur. Ermənistana tədarük edilən silahlar hər hansısa bir müdafiə yox, məhz hücum təyinatlı silahlardır. Sözügedən haubitsaların taktiki-texniki xüsusiyyətlərində daha uzaq məsafəni vura biləcəyi göstərilir. Söhbət 45-50 kilometrə yaxın məsafədən gedir. Bu da onu deməyə əsas verir ki, məhz Ermənistan gələcəkdə təxribat həyata keçirmək üçün plan qurur. Xüsusilə də tədarük edilən haubitsaların Ermənistana ötürülməsi Ermənistanı gələcəkdə revanşa daha da həvəsləndirir. Əlbəttə, məhz Ermənistana ötürülən bu silahlar onlara hər hansısa bir üstünlük qazandırmayacaq. Çünki İkinci Qarabağ müharibəsinə qədər Ermənistanın arsenalında yetərincə sözügedən haubitsanın analoqu olan arteriya silahları və sistemləri mövcud idi. Amma bu, Ermənistana heç bir halda kömək etmədi. Müasir cari dövrdə də Azərbaycan ordusunun arsenalında elə yüksək dəqiqlikli silahlar var ki, məhz məsafə və dəqiqlik baxımından Ermənsitana ötürülən silahlardan qat-qat üstün və keyfiyyətlidir. Biz bunu İkinci Qarabağ müharibəsində, eləcə də anti-terror tədbirlərində müşahidə etdik”.
“Bu, Ermənistanın riyakar niyyətindən xəbər verir”
A.Bayramov Ermənistan tərəfinin İkinci Qarabağ müharibəsindən sonra dildə sülhdən danışsa da, əməli olaraq tam əksinə onun daha sürətli şəkildə silahlanmasının müşahidə olunduğunu deyərək əlavə edib ki, baş havadar Fransa və onun vasitəçiliyi ilə Hindistan kimi ikinci dövlətlər tərəfindən bu fəaliyyətin daha da genişləndirilməsi Ermənistanın riyakar niyyətindən xəbər verir.
O vurğulayıb ki, birmənalı olaraq Ermənistana tədarük olunan istənilən silah Azərbaycan üçün təhlükə və təhdid yaradır: “Cari dövrdə Ermənistana tədarükü planlaşdırılan ATAGC haubitsaların bundan öncə 6 ədədi Ermənistana tədarük edilmişdi və onların Ermənistanda sınaqlardan keçirildikdən sonra daha 78 ədədinin də göndəriləcəyi artıq məlum olub. Həmin o haubitsaların Ermənistan silahlı qüvvələrinin tələblərinə və təkliflərinə uyğun olaraq Ermənistan ordusuna uyğunlaşdırılması prosesinin də yekunlaşdırıldığı bildirilir. Burada bir çox texniki və eyni zamanda, hesablama planşetinin də məhz erməni dilinə uyğunlaşdırıldığı deyilir. Bu da ondan xəbər verir ki, Ermənistan və onun havadarları Azərbaycana qarşı riyakar mövqelərində dayanaraq fərari Ermənistan ordusunu gücləndirməyə çalışırlar”.
“Ermənistanı müharibəyə hazırlayırlar”
Politoloq Elşad Həsənov Ermənistanın son 2 ildir ciddi şəkildə silahlandığını və bununla hərbi büdcəsini dörd dəfədən çox artırdığını deyib: “Ermənistan, son illər Hindistandan hücum silahları alır. Həmçinin Fransa da silahlar verib. Eyni zamanda, bir neçə il bundan öncə Rusiyaya ödədikləri pulun müqabilində də müəyyən silahlar alıblar. Ermənistan hər zaman deyir ki, biz müdafiə üçün silahlar alırıq. Lakin son dövrlər aldıqları silahlar müdafiə deyil, əksinə, hücum silahlarıdır”.
O, Qərbin Ermənistana dəstək olaraq silahlanmasına səbəb olduğunu vurğulayıb...
“Cənubi Qafqaza sülh lazımdır”
E.Həsənov Ermənistanın silahlanması onların danışıqlar zamanı hər hansısa bir üstün mövqeyə malik olmasına gətirib çıxarmayacağını qeyd edib: “Çünki ortada konkret maddələr var. Sülh danışıqları ilə bağlı maddələri erməni qoşunlarını darmadağın edən Azərbaycan ortaya qoyub. Bunların ətrafında da danışıqlar gedir”.
O bildirib ki, Azərbaycanın irəli sürdüyü maddələrin çoxu həll olunub, razılaşdırılıb: “Ermənistanın öz konstitusiyasının preambulasında Azərbaycana qarşı torpaq iddiasından əl çəkməsi, yəni həmin mətni oradan ləğv etməsi prosesi qalıb: “Hazırda bu, gündəmdədir. Hesab edirəm ki, ermənilər bunu da etməlidirlər. Çünki Cənubi Qafqaza sülh lazımdır. Artıq ermənilər də, Qərb dünyası da, ABŞ də başa düşür ki, sülhün olması üçün sülh müqaviləsi bağlanmalıdır. Bu müqavilənin bağlanması da bizim irəli sürdüyümüz haqlı tələbdən, obyektiv fikirdən irəli gəlir”.
Röya İsrafilova