İran prezidentinin qardaşı həbs edildi Dünya

İran prezidentinin qardaşı həbs edildi

Həsən Ruhanini Donald Trampla birləşdirən nədir?


İranda prezident seçkilərindən cəmi iki ay sonra Həsən Ruhaninin qardaşı həbs olunub.
Dövlət televiziyası mühakimə sistemi başçısının müavini Qulamhüseyn Möhseni Ejeiyə istinadla xəbər verib ki, Ruhaninin məsləhətçisi və protokol şöbəsinin rəhbəri Hüseyn Firudunun şübhəli maliyyə əməliyyatlarında ittiham edilir.
Şənbə günü bununla bağlı istintaqa çağırılan H.Firudun daha sonra həbs olunub.
"Bu şəxslə bağlı çoxsaylı araşdırmalar aparılıb, eləcə də digər adamlar həbsxanada sorğulanıblar. Dünən ondan girov məbləği istənilib. Amma ödəyə bilmədiyi üçün həbsxanaya göndərildi", – Ejei bildirib.
Strateq yazır ki, bəzi Ruhani tərəfdarları baş verənləri dərhal dövlət başçısına təzyiq kimi dəyərləndirdi. Lakin 2015-ci ildə nüvə razılaşmasına gətirib çıxaran danışıqlarda iştirak edən yüksək səviyyəli diplomata qarşı irəli sürülən ittihamlar mühafizəkar düşərgəni təəccübləndirmədi.
Hüseyn Firudunun bankdan sıfır faizlə kreditlər götürməsi və böyük məbləğdə maaş alması, habelə digər şübhəli məqamlar ona və dövlət başçısı olan qardaşına qarşı çoxdan gündəmdən düşməyən mövzulardır.
İranda 19 May seçkilərindən xeyli əvvəl icra strukturları, parlament, məhkəmə hakimiyyəti və media Həsən Ruhani hökumətində korrupsiya qalmaqalına baş qatmışdı. Bunu seçkiönü mübarizənin çaları hesab edənlər indi məsələnin ciddiliyinə varırlar.
Hüseyn Firudun kimdir?
Xatırlamaqda fayda var: Həsən Ruhani kimi, Simnanda doğulmuş 53 yaşlı H.Firudun bir müddət Nişapur və Kərəcin valisi, sonralar Malayziyada səfir olub. Daha sonralar İran prezidentinin xüsusi köməkçisi kimi Lozanna və Vyanada ölkəsinin nüvə proqramı ilə bağlı danışıqlarda təmsil edib. "5+1" sazişinin hazırlanması prosesində H.Firudun xarici işlər naziri Məhəmməd Cavad Zəriflə tez-tez yan-yanaşı dururdu.
Düzü, İranda korrupsiya qalmaqalının təməli hələ ötən il qoyulub – Ayətullah Xamneinin bir çıxışı ilə. Ölkənin beynəlxalq sanksiyalardan əziyyət çəkdiyi dövrdə hökumətdəki bəzi nazirlərin yetərindən artıq yüksək məvacib almasına dair xəbərdarlıq dərhal eşidildi. "Vahid xütbə"dəki bu tezis indi də cümə namazlarında tez-tez səslənirdi.
Həsən Ruhani hökuməti korrupsiya ittihamlarına sipər çəkməyə çalışırdı. Həm sağdan, həm də soldan zərbələr alan prezidentin müdafiə dəlilləri elə də güclü deyildi.
Onun rəqibləri arasında İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsi Partiyasını xüsusi qeyd etməyə dəyərdi. Mühafizəkar qanadın "Xalq Cəbhəsi"nin rəhbəri Məhəmməd Həsən Rəhimian prezidentin iqtisadi siyasətinin əsas tənqidçilərindən biri idi. "İcraedici hakimiyyətimiz həmişə cəmiyyətin müşküllərini həll etməyə qabil olub. Amma bəzi məmurlar cah-calallı həyata və sərvət yığmağa meyillənib", – deyən M.Rəhimianın sözlərini təkrarlamağa hazır olan adamlar hazırda da İranda çoxluqdadır. O cümlədən qanunverici hakimiyyətdə və hakimiyyətin üçüncü qolunda – məhkəmə hakimiyyətində.
Ali Məhkəmə sədri Ayətullah Sadiq Laricani də Rəhimianın səsləndirdiyi ittihamları o vaxt təkrarladı və hökumət üzvlərini öz məvaciblərini açıqlamağa səslədi. H.Ruhani "Twitter" hesabı ilə buna hazır olduğunu bəyan etdi. Bircə şərtlə – məhkəmə hakimiyyəti üzvləri də öz məvaciblərinə şəffaflıq versin.
İndiyədək Laricaninin əlində yalnız bir "tutarlı" dəlil vardı: təxminən 3 milyard dollara qədər vəsaiti mənimsəməkdə təqsirli bilinən və edam cəzasına məhkum edilən Babək Zəncani 2013-cü ildəki son prezident seçkilərində H.Ruhaniyə maliyyə yardımı etməsini bildirmişdi. Bu bəyanat əsasında ittihama hələ şübhə ilə yanaşmaq olardı. Çünki müttəhim məhkəmədə özünümüdafiə üçün hər şey deyə bilər. Bu, boğulan adamın saman çöpündən yapışması kimi bir şeydir.
Söz düşmüşkən, Zəncaninin edamı xeyli vaxtdır ki, ləngiyir. İran mediasının bu barədə sualına Ejei və digər cəza qurumlarının rəhbərləri eyni cavabı verirlər: "Əsas məsələ mənimsənilmiş vəsaitin geri qaytarılmasıdır".
Hüseyn Firudunla bağlı ittihamlar isə əksinə, sənədli əsasa söykənirdi. Ödənilməmiş bank kreditləri, Birləşmiş Ərəb Əmirlikləri və Kanadadan şübhəli pul köçürmələri, Tehranın şimal hissəsindəki elit məhəllədə evlər…
Həmin dövrdə demək olar ki, bütün İran mediası prezidenti və qardaşını hədəfə almışdı. "Tasnim", "Fars" və "Mehr"də müntəzəm olaraq Hüseyn Firudunla bağlı yeni faktlar və sənədlər yayılırdı. Sonda hətta Rəsul Danyalzadə adlı şəxsin bank fırıldaqlarında adı hallanan H.Firudunun Məşhəd şəhərindəki İmam Rza (ə.) müqəddəs türbəsinin xidmətçiləri siyahısından çıxarılması da eşitdirildi. İranda böyük şərəf hesab edilən hərəm (ziyarətgah) xidmətçisi üzvləri siyahısında olan dövlət başçısının qardaşı 10 illik müddətə bu imtiyazdan məhrum oldu.
Məlumat sonradan ziyarətgahın ictimaiyyətlə əlaqələr şöbəsində də təsdiqləndi.
Xatırladaq ki, bank fırıldaqları ilə bağlı qalmaqlada Hüseyn Firudunun xanımı Azər Qəfuri və ailənin digər üzvü, qaynı Şəbdust Malmirinin adları da çəkilir.
Həm də maliyyə fırıldağında təkcə prezidentin qardaşı və ailə üzvləri təqsirkar bilinmir. Taha Haşimi – vitse-prezident Məsumə Ebtekarın oğlu barədə məhkəmə həbs orderi verib və o axtarışdadır (H.Firudunun yaxını Şəbdüst Malmiri də). Üstəlik İran mediası nə vaxtdır M.Ebtekarı oğlunun qaçışına kömək etməkdə ittiham edir.
Maliyyə fırıldaqları ilə bağlı təfərrüatlar çoxaldıqca, Həsən Ruhaninin bu qalmaqaldan təmiz nüfuzla çıxacağı ehtimalı azalırdı. 2017-ci il mayın 19-da prezident seçkilərində H.Ruhaninin ikinci dönəm üçün namizədliyinə sədlər artırdı.
Hazırkı dövlət başçısı ikinci dönəm mandatını qazandı. Lakin indi onun həyata keçirmək istədiyi islahatlar daha güclü müqavimətlə üzləşə bilər.
Bir çox analitiklər oxşar paralellərlə ABŞ prezidenti Donald Trampla Həsən Ruhaninin eyni aqibəti paylaşa biləcəyini iddia edir. Oğlunun Rusiyadakı şübhəli əlaqələri və qardaşının maliyyə fırıldaqları ilə küncə sıxılmış bir-birinə düşmən iki prezidentin durumunda bənzərlik həqiqətən var. Lakin ABŞ-İran ölkədaxili siyasət və qarşılıqlı münasibətlərdə yaradacağı təsir zamanın ixtiyarındadır.