NATO-Rusiya müharibəsi: Kremlə ciddi müttəfiqlər lazımdır Dünya

NATO-Rusiya müharibəsi: Kremlə ciddi müttəfiqlər lazımdır

Ukrayna Prezidenti Volomidir Zelenski Litvada “Buxarest doqquzluğu”nun (B9) sammitində çıxış edib. O, çıxışında deyib: “Öz kəşfiyyatınızdan soruşun ki, Rusiya bu yay Belarusda nə hazırlayır! Avropa artıq buna hazırlaşmalıdır”. Zelenski nəyə işarə edir, Rusiya-Avropa İttifaqı müharibəsi mümkündür? Bununla bağlı politoloqlar “Xalq Cəbhəsi”nə danışıblar.

“NATO və Rusiya arasında dolayısı yolla müharibə getməkdədir”

Politoloq Zaur Məmmədov bildirib ki, Rusiya və Avropa İttifaqı arasında müharibə mümkündürmü sualına birmənalı cavab vermək ona görə olmaz ki, birbaşa olaraq hərbi əməliyyatlar, bu, başqa mövzu, faktiki olaraq onlar arasında dolayısı yolla müharibə isə digər mövzudur: “Bu kontekstdə biz bu gün açıq şəkildə görürük ki, NATO və Rusiya arasında dolayısı yolla müharibə getməkdədir. Elə bu günlərdə baş verənlər Ukrayna ordusunun ciddi şəkildə silahlarla təchiz edilməsi, maliyyə yardımı da onu göstərir ki, NATO və Rusiya arasında 2022-ci ildən başlayaraq dolayısı ilə müxtəlif kəşfiyyat xarakterli, hərbi-texniki xarakterli bir qarşıdurma ən yüksək istiqamətdə davam edir”.

“Bu gün biz bunun tamamilə əksini görürük”

Onun sözlərinə görə, söhbət birbaşa müharibədən gedirsə, bu müharibə ehtimalını ciddi saymıram, əksinə, Rusiya-Ukrayna arasındakı müharibənin başa çatmasından sonra gözlənilən odur ki, Avropa ilə Rusiya arasında da münasibətlərdə yeni bir dönəmin əsası qoyulsun: “Hər bir halda bugünkü baş verənlər Avropanın təhlükəsizlik arxitekturası üçün ciddi çağırışdır. Eyni zamanda, Avropa və Rusiya arasındakı münasibətlərdə ciddi çağırışdır. Əgər Rusiya və Ukrayna arasında başlayan müharibəyə qədər Rusiya ciddi şəkildə Avropaya, ələlxüsus, enerji resursları istiqamətində inteqrasiya etmişdisə, bu gün biz bunun tamamilə əksini görürük”.

Z.Məmmədov əlavə edib ki, biz bu məsələlərə tarixi aspektdən baxsaq görmüş olarıq ki, heç zaman Almaniya və Rusiyanın birləşməsində ABŞ və Britaniya maraqlı olmayıb: “Hər zaman Almaniyanın, Fransanın Rusiya ilə yaxınlaşması fonunda onlar arasında problemlər yaradılırdı, elə ötən əsrdə baş verən dünya müharibələri də buna bir nümunədir”.

“Təlimlər bəhanəsi altında Rusiyanın Avropaya mümkün hücumuna işarə etdi”

Politoloq Sultan Zahidov qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenksi Litvada baş tutan B9 sammitində müxtəlif bəyanatlar səsləndirib: “Onlardan biri Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi məsələsidir, eyni zamanda, İstanbul danışıqlarına toxunub. B9 NATO-nun şərq qanadının ölkələrindən, o cümlədən NATO-ya yeni qoşulmuş şimali Avropa ölkələrini özündə ehtiva edir, yəni Rusiya ilə sərhəddə olan ölkələri. Onlar bu sammitdə əsasən Rusiya təhdidi məsələsini müzakirə etmək üçün toplandılar. Çünki Rusiya ilə birbaşa qonşuluqda yerləşdiklərinə görə Rusiyanın mümkün hücumundan ən çox narahat güclər də məhz bu dövlətlərdir. Buraya Polşa, Rumıniya, Baltikyanı ölkələri və s. aiddir. Zelenski qeyd etdi ki, Belarusda Rusiyanın hərbi təlimləri olacaq. O, bu təlimlər bəhanəsi altında Rusiyanın Avropaya mümkün hücumuna işarə etdi”.

“Yaxın zamanda NATO-ya hansısa bir hücum olacağını düşünmürəm”

Politoloq indiki halda Rusiya-NATO müharibəsinin baş tutacağını düşünmədiyini bildirib: “Belarusdan hara hücum baş verə bilər? Ya Polşaya, ya da Baltikyanı ölkələrə. Bunların hər biri NATO üzvləridir və NATO Nizamnaməsinin 5-ci maddəsində qeyd olunub ki, bir üzv ölkəyə qarşı hücum bütün üzvlərə hücuma bərabərdir. Ona görə Rusiya bunlardan hansısa birinə hücum etsə, birbaşa NATO-nun 32 üzvü ilə müharibəyə başlayacaq. İndiki halda da Rusiyanın buna imkanları yoxdur. Yəni tək Ukrayna ilə hələ 3 ildir bacara bilməyib, ABŞ başda olmaqla 32 ölkə ilə necə bacaracaq? Ona görə də Rusiyanın NATO ilə müharibəyə daxil olması üçün ona ciddi müttəfiqlər lazımdır. Burada söhbət Şimali Koreya və İrandan getmir. Onların yardımı kifayət deyil, ən azı Çin kimi bir ölkəni öz tərəfinə çəkməlidir ki, NATO ilə birbaşa hərbə daxil olsun. Ona görə də indiki halda mən bunun baş verəcəyini düşünmürəm. Bu, qeyri-praqmatik addım olardı. Sadəcə Belarusiyada hərbi təlimlər həyata keçirməklə Rusiya öz çəkindirici gücünü nümayiş etdirmək istəyir. Yəni bir növ Qərbə mesaj ötürür ki, əgər Belarusiyaya qarşı hansısa bir hücum olarsa biz onu qorumağa hazırıq. Bundan əlavə mən yaxın zamanda NATO-ya hansısa bir hücum olacağını düşünmürəm”.

“Ukraynanın arxasından çəkilə bilərlər”

Politoloq Asif Nərimanlı diqqətə çatdırıb ki, Ukrayna Prezidenti Volomidir Zelenskinin açıqlamasının əsas məqsədi Avropanın ictimai rəyini Rusiyaya qarşı mübarizəyə kökləməkdir: “Çünki Avropada Rusiya-Ukrayna məsələsində Ukraynanı dəstəkləmək hələ də var və bu, bir çox halda Avropa İttifaqının yekdil qərarlar qəbul etməsini çətinləşdirir. Digər tərəfdən proseslərin inkişafında Avropa İttifaqının əsas ölkələrindən biri Fransa və Almaniyanın belə prosesin inkişafına uyğun addım atdığı bəllidir. Əgər Rusiya Ukrayna məsələsində Rusiyanın mövqeyi daha ön plana çıxacaqsa, Avropa üzrə əsas ölkələr də öz maraqlarını qorumaq üçün Ukraynanın arxasından çəkilə bilərlər. Yəni bu ehtimallar var. Ən mühüm məqam isə əgər mümkün sülh razılaşması olacaqsa, bundan sonra Ukraynanın təhlükəsizliyinin necə qorunması məsələsidir”.

“Rəsmi Kiyev bunu istəyir”

A.Nərimanlı əlavə edib ki, təbii ki, Ukrayna NATO-ya qəbul olmaq istəyir, amma bu, mümkün olmasa belə istəyir ki, Avropa qoşunları ərazisində yerləşsin: “Yəni rəsmi Kiyev bunu istəyir. Bu məsələdə belə Avropa İttifaqında yekdil mövqe yoxdur. Hesab edirəm ki, Zelenski məsələni bu kontekstdə qoymaqla bildirir ki, Rusiya Avropaya qarşı müharibəyə hazırlaşır və bunun yeganə çıxış yolu Rusiyaya qarşı bütövlükdə kollektiv olaraq birləşməkdir. Zelenski daha öncə də bu cür açıqlamalar vermişdi. Zelenskinin bu fikirlərinin fonunda Avropa İttifaqı və Rusiya arasında hərbi toqquşmanın olması ehtimalı da istisna edilməməlidir. Xüsusən son proseslər bu təhlükəni getdikdə daha da artırır. Ən çox da ötən il Rusiyanın nüvə doktrinasını yeniləməsindən sonra bu təhlükə artıb. Bu doktorina ilə Rusiya Ukraynanı dəstəkləyən ölkələrə birbaşa hərbi zərbələr endirmək hüququnu özünə verir”.

“Ukraynaya hücumlarda dəstək olan konkret ölkələr var”

Onun sözlərinə görə, digər tərəfdən Ukraynanın xüsusən son hücumu da göstərir ki, Ukraynaya bu hücumlarda dəstək olan konkret ölkələr var: “Rusiya məsələni bu kontekstdə qoyub Avropa İttifaqının ölkələrindən hər hansısa birinə hücum edə bilər. Təbii ki, bu hücum daha genişmiqyaslı müharibə deməkdir və xüsusən NATO-nun prosesə qoşulması deməkdir. Ancaq mövcud vəziyyətdə Tramp administrasiyasının mövqeyi Rusiyaya imkan verir ki, qısa müddətdə də olsa Avropa İttifaqının hər hansı bir ölkəsinə hücum etməklə Ukrayna məsələsində həm də Qərb qarşısında irəli sürdüyü tələblərin qəbul edilməsinə nail olsun. Bayden administrasiyası dövründə bunu etmək çətin olacaqdı. Çünki bu, bütövlükdə NATO ilə müharibə demək idi, lakin indiki halda Rusiya tərəfindən belə bir hücum olarsa bu, NATO daxilində də Rusiyaya qarşı vahid mövqeyin olmaması ilə nəticələnə bilər. Yəni belə görünür ki, Rusiya bu imkanları dəyərləndirir. Bu kontekstdə, dediyim kimi, xüsusən Ukrayna son hücumdan sonra belə bir risk daha da gündəmə gəlib, daha çox artıb”.

Röya İsrafilova