Zelenski: Macarıstan Qərbi Ukraynaya sülhməramlı yeritmək üçün kəşfiyyat aparıb Dünya

Zelenski: Macarıstan Qərbi Ukraynaya sülhməramlı yeritmək üçün kəşfiyyat aparıb

Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstanı Qərbi Ukraynanın Zakarpatiya bölgəsinə sülhməramlı qüvvələr göndərmək məqsədilə yerli əhalinin reaksiyasını öyrənmək üçün məlumat toplamaqda ittiham edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, Macarıstanın Válasz Online nəşrinə verdiyi müsahibədə bildirib.

Zelenskinin sözlərinə görə, 2024–2025-ci illərdə hərbi xarakterli suallar verilib və son informasiya mübadiləsi bu ilin 25 martında baş tutub. O qeyd edib:

“Ukrayna ilə Macarıstan sərhədi boyunca yerləşən regionda bizim zəif nöqtələrimizi niyə axtarırdılar? Niyə bizim hava hücumundan müdafiə sistemimizin – S-300 – harada yerləşdiyini öyrənmək istəyirdilər? Onlar həm də Karpat bölgəsinin sakinlərinin Macar sülhməramlılarının varlığına necə reaksiya verəcəyilə maraqlanırdılar. Habelə bizim hərbi hissələrimizin dislokasiya yerlərini öyrənməyə çalışıblar.”

Zelenskinin bu bəyanatından əvvəl, 9 may tarixində Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdəki Ukrayna səfirliyində diplomatik status altında fəaliyyət göstərən iki Ukrayna casusunun ölkədən çıxarıldığını açıqlayıb.

Həmin gün Ukrayna Təhlükəsizlik Xidməti (SBU) isə bəyan edib ki, ölkədə ilk dəfə olaraq Macarıstanın hərbi kəşfiyyatının agent şəbəkəsi ifşa olunub. SBU iki casusu – əvvəllər orduda xidmət etmiş kişi və qadını saxladığını bildirib. Onların vəzifələrindən biri Zakarpatiya vilayətindəki vəziyyət və hava hücumundan müdafiə sisteminin zəif yerləri ilə bağlı məlumat toplamaq olub.

Məryəm Quliyeva