

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə görkəmli alim, akademik Siddiqə Məmmədovanın anadan olmasının 100 illiyinə həsr olunmuş "Bitki mühafizəsi: müasir çağırışlar, problemlər və həlli yolları" mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, kənd təsərrüfatı, biologiya və ekologiya sahəsində fəaliyyət göstərən alimlər, mütəxəssislər, elmi-tədqiqat institutlarının və ali təhsil müəssisələrinin əməkdaşları iştirak etmişlər.
Konfransı giriş sözü ilə professor İbrahim Cəfərov açaraq akademik Siddiqə Məmmədovanın Azərbaycan elminə verdiyi böyük töhfələrdən danışıb. O, xüsusilə bitki mühafizəsi sahəsində apardığı elmi tədqiqatların bu gün də aktual olduğunu və bu sahədə çalışan alimlər üçün mühüm örnək təşkil etdiyini vurğulayıb.
Daha sonra bitki mühafizəsi və bu sahədə aktual problemlərə, elmi əsaslarla həll yollarına toxunub. Professor Cəfərov qeyd edib ki, qlobal iqlim dəyişikliyi, intensiv təsərrüfatçılıq, torpaqların deqradasiyası və zərərvericilərin yeni formalarının yayılması bitki mühafizəsi sahəsində yeni yanaşmalar tələb edir.
AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev kənd təsərrüfatı sahəsində Azərbaycan elminin qarşısında duran əsas problemlərdən danışıb. O, iqlim dəyişiklikləri, kənd təsərrüfatında yeni patogen və zərərvericilərin yayılması, eləcə də bioloji mübarizə vasitələrinin tətbiqindəki çətinlikləri müasir dövrün əsas məsələləri kimi qeyd edib. Akademik, həmçinin davamlı və ekoloji cəhətdən zərərsiz metodların tətbiqi, kadr hazırlığı və innovativ texnologiyaların transferinin bitki mühafizəsində mövcud problemlərin həllində əsas istiqamətlərdən biri olduğunu vurğulayıb.
Plenar sessiyada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, elmi-tədqiqat institutlarının rəhbərləri və nümayəndələri müasir çağırışlar və problemlərin həllinə yönəlik təkliflər irəli sürüblər. Onlar kənd təsərrüfatında dayanıqlı inkişaf üçün strateji yanaşmalar və innovativ texnologiyalar barədə fikirlərini bölüşüblər.
Plenar iclasın sonunda institutun gənc tədqiqatçılarının birgə müəllifliyi ilə hazırlanmış “Dənli-taxıl və texniki bitkilərin zərərvericiləri” adlı kitabın təqdimatı keçirilib. Kitabda Azərbaycan şəraitində müşahidə olunan əsas zərərverici növlər, onların biologiyası, təsnifatı və onlara qarşı mübarizə tədbirləri haqqında sistemləşdirilmiş məlumatlar yer alıb. Nəşr mütəxəssislər və alimlər tərəfindən yüksək qiymətləndirilib.
Konfrans plenar iclasdan sonra əvvəlcədən müəyyən edilmiş seksiyalar üzrə fəaliyyətini davam etdirmişdir. 11–12 iyun tarixlərində keçirilən tədbir 12 əsas istiqamət üzrə təşkil olunmuşdur. Seksiyalar çərçivəsində kənd təsərrüfatı bitkilərində zərərvericilərin və xəstəliklərin idarə olunması, alaq otları ilə mübarizə, bitki immuniteti və davamlılığı, orqanik əkinçilik, ətraf mühitin qorunması, pambıq sortlarının introduksiyası və toxumçuluğun bərpası kimi aktual mövzular üzrə məruzələr təqdim olunmuşdur.
Konfransın sonunda məruzə ilə çıxış edən tədqiqatçılara iştiraklarına görə sertifikatlar təqdim edilmişdir.
Qeyd edək ki, konfrans bölmələr üzrə işini bu gün də davam etdirəcək.
Cavid