"Hörümçək toru”nda ABŞ izi Gündəm

"Hörümçək toru”nda ABŞ izi

Rusiyanın qara günləri hələ qabaqdadır

Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nail olmaq məqsədilə tərəflər arasında iki dəfə İstanulda danışıqlar keçirilib. Amma bir nəticə əldə olunmadı. Əksinə qarşılıqlı hücumlar intensivləşdi. Xatırladaq ki, ikinci danışıqlardan bir gün əvvəl, yəni iyunun 1-də Ukrayna “Hörümcək toru” əməliyyatı həyata keçirdi. İyunun 6-da isə Rusiya qarşılıqlı cavab verdi. Britaniyalı politoloq Mark Qaleotti bununla Rusiya lideri Vladimir Putinin gücünü nümayiş etdirmək əvəzinə, yalnız zəifliyini vurğulayıb.
"Hörümçək toru” əməliyyatı zamanı 40-dan çox Rusiya təyyarəsinin məhv edilməsindən sonra rusiyalı təbliğatçılar Ukraynaya qarşı “cavab zərbəsi” tələb etməyə başladı. Putin əvvəlcə Rusiya aerodromlarına edilən hücuma məhəl qoymaya bilərdi, lakin “cavab” vermək qərarına gəldi. Ukraynanın uğurlu xüsusi əməliyyatı ilə müqayisədə bura hücum yalnız Kreml rəhbərinin məhdudiyyətlərini göstərdi",- o bildirib.
Xatırladaq ki, həmin gün Rusiya qüvvələri növbəti dəfə Ukraynanın şəhər və qəsəbələrinə irimiqyaslı pilotsuz təyyarə hücumu həyata keçirib, səmadakı təhlükəli hədəflər hava hücumundan müdafiə vasitələri ilə vurulub. Dron qrupları Bryansk və Kursk istiqamətindən Suma daxil olub.
Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, tarixdə əksər müharibə qarşılıqlı etimad olmadan başa çatıb və Rusiyanın Ukraynaya qarşı müharibəsi də istisna deyil.
"Tarixən əksər müharibələr tərəflər bir-birinə güvənməyə başlamazdan əvvəl bitərdi. Vasitəçilər, şərtlər, üçüncü ölkələrin sağlam düşüncəsi, dünyanın əksəriyyəti və yardım edəcək qüvvələr... Hamı başa düşürdü ki, müharibə təkcə başlamaq və bitirmək deyil",- o bildirib.
Prezidentin sözlərinə görə, müharibə bitdikdən sonra da "böyük quyruq" qalacaq: "Müharibə sadəcə bitmir. Bir çox müxtəlif ölkələrə və istiqamətlərə təsir göstərir: digər ölkələrin iqtisadiyyatı, enerjisi, təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və s.
Ona görə də dünya müharibənin bitməsində maraqlı olmalıdır".
Zelenski həmçinin qeyd edib ki, Rusiya iqtisadiyyatı neft və enerjidən asılıdır, ona görə də bu sahələrə qarşı sanksiyaların mümkün qədər tez tətbiq edilməsi lazımdır.
Onun fikrincə, Rusiyanı müharibəni dayandırmağa məcbur edə biləcəyimiz məqama çox yaxınlaşmışıq.
"Biz bunu hiss edirik. ABŞ-ın köməyi olmasa, Rusiyanın qələbə şansı daha yüksəkdir, Ukrayna isə daha böyük itkilərə məruz qalacaq", - o bildirib.
Məlum hadisələri analiz edən politoloq Çingiz Şahbazi “Xalq Cəbhəsi”nə deyib ki, Ukraynanın Rusiyaya qarşı son uğurlu hərbi əməliyyatları dünyanın siyasi dairələrində birmənalı olaraq qəbul edilmədi. Bu xüsusilə də ABŞ-da, Tramp hökumətində ciddi narahatçılıq doğurdu. Trampın bununla bağlı verdiyi açıqlamada açıq şəkildə Ukrayna hökuməti tənqid edildi və Rusiyanın müdafiə edilməsi demək olar ki, hər kəsdə nə baş verir, sualı yaratdı. ABŞ Prezidenti Trampın bu qədər sərt şəkildə Ukraynaya qarşı çıxış etməsi, nə qədər təəccüblü görünsə də, eynilə, və xüsusilə də “Hörümçək toru” əməliyyatının arxasında olanların izini itirmək məqsədi daşıya bilər. Rusiya-Ukrayna müharibəsi istiqamətində, ABŞ-ın yeni prezidenti Trampın yürütdüyü yeni strategiya və yeni siyasət, əslində göründüyü kimi olmadığını demək olar. Ən çox diqqəti cəlb edən məqamlardan biri də budur ki, ABŞ və Avropa İttifaqı Ukraynaya daha çox siyasi və digər vasitələrlə dəstək və yardım etdikləri dönəmlərdə Ukrayna indiki qədər müvəffəqiyyət qazana bilmirdi. Ukraynanın indiki vaxtda ard-arda bu qədər uğurlu əməliyyatlar həyata keçirdiyi bir vaxtda isə qəribədir ki, Ukrayna dəstək aldığı xüsusilə də ABŞ tərəfindən tənqid edilir və üstəlik Prezident Tramp tərəfindən Rusiyanın müttəfiqi kimi təhdid olunur: “Nəzərə alsaq ki, Ukraynanın bir qism torpaqları Rusiya tərəfindən işğal edilib və bu işğal daha da böyük ziyanlar verərək davam etməkdədir və belə bir vəziyyətdə Ukrayna, öz torpaqlarında baş verənlərə qarşı uğurlu əməliyyatlar həyata keçirir və nəzərə alsaq ki bu onun haqqıdır, beynəlxalq və suveren hüququdur, belə bir vəziyyətdə ABŞ-ın Ukraynaya qarşı çıxış etməsi, tənqid etməsi və Rusiyanın işğalçı siyasətinə don geydirməsi heç bir halda qəbul edilə bilməz və bu inandırıcı görünmür. Digər tərəfdən Trampın, Putin qarşısından bu dərəcədə qaçması və geri çəkilməsi, özüylə bir çox şübhəli məqamları ortaya qoyur. Qərb mətbuatda Trampla bağlı Putinin əlində olan tutarlı təhdidlər olduğu iddia edilir və Tramp bu səbəbdən Ukraynaya yenidən sülh və əmin-amanlığı təmin etmək üçün Putinin istədiyi şəkildə bunu həll etməyə cəhdlər edir. Hətta ABŞ Senatının Rusiyaya qarşı hazırladığı yeni sanksiya paketini “Sərt paket” lahiyəsi kimi qələmə verməsi, deməyə əsas verir ki, Tramp bu sanksiya paketinə veto hüququndan istifadə edərək yox, deyəcək.
Trampın, Ukrayna hökumətinə, “siz Rusiyanın sizə qarşı ciddi cavab verəcəyinə və bu cavabın gecikməyəcəyinə zəmin yaratdınız” deməsi, heç də bu haqda Ukrayna hökumətinin düşünmədiyi anlamına gəlmir. Əksinə ABŞ-la danışıqlara getmək istəməyən Rusiyaya qarşı Ukraynanın həyata kecirdiyi “Hörümçək toru” əməliyyatı ən məqbul cavab olaraq qəbul etmək olar və Rusiyaya, ABŞ-la belə davranış qaydaları sənə çox ağır başa gələ bilər, mesajı verildi”.
Ç.Şahbazinin fikrincə, Rusiyanın sərt şəkildə adekvat cavablar verməsi, əslində ABŞ-ın ssenarisinə uyğun olaraq öncədən bilinən məsələdir. Bütün bu olub bitənlər Rusiyanı daha çox çıxılmaz duruma salmaqdadır. Rusiya Ukraynaya qarşı sərt zərbə endirə bilər, amma, arxasında duran qüvvələrə heç bir şey etmək gücündə deyil. Aydın məsələdir ki, Ukrayna uğurlu əməliyyatları tək başına həyata keçirilməsi mümkün deyil və bu baxımdan Ukrayna dəstək alacaq və nəticədə, artıq Rusiyanın “öz dilində” anladığı siyasət, masada nəticə verməlidir: “Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Ukrayna hərbiçilərinin son vaxtlar həyata keçirdiyi uğurlu əməliyyatlar müharibənin gedişinə ciddi təsir göstərib və Kremldə sarsıntı yarada bilib . Bu da öz növbəsində danışıqlar prosesində reallığı dəyişmək imkanı deməkdir və Rusiya məhz danışıqlar prosesinə bir o qədər də ciddi şəkildə diqqət yetirməsə də, Türkiyənin vasitəçiliyində danışıqlar prosesini davam etdirmək təklifi ilə çıxış edib və kritik vəziyyətlərdə özünü qorumaq imkanı qazanıb, vaxt qazanıb və sairə. Əslində bütün bunlar Rusiyanın özgüvəninin olmadığını sübut edən amillərdir. Rusiya artıq tərəddüd edir və bu Putin hakimiyyəti üçün son dərəcə təhlükəli ola bilər. Bir daha qeyd etmək istəyirəm ki, artan təzyiqlər və Ukraynanın son vaxtlar uğurlu əməliyyatları Putini daha da ağır silahlardan istifadə etməyə məcbur edə bilərmi? Əyər bu baş verərsə, ABŞ hansı addımları ata bilər?

Düşünürəm ki, Rusiyanın belə bir addım ata bilməsi üçün kifayət qədər əlində əsası yoxdur və ABŞ isə öz növbəsində bu əsası ona vermək niyyətində deyil. Rusiyanın növbəti siyasi addımları içində, əyər Ukraynanın uğurlu əməliyyatları davam etdiyi təqdirdə Zelinskini prezident postundan uzaqlaşdırılması ilə bağlı addım ata bilər. İndiki durumda Zelinskinin prezident postundan uzaqlaşdırılması Rusiyaya o qədər də önəmli deyil. Zelinski ilk növbədə Trampla münasibətlərində səhvlər etməklə Rusiyaya şans verir və Zelinskini hər hansı bir məsələyə razı salmaq Tramp vasitəsilə mümkün olduğu üçün, Zelinskinin hazırkı dövrdə fəaliyyəti Putin hakimiyyəti üçün məqbul hesab olunur. Bütün bunların fonunda Ukraynada yeni prezident seçkilərinin keçirilməsi hər an mümkündür və bunun baş verməsi nəticəsində Ukraynada yeni dövrün tələblərinə uyğun bir liderin gətirilməsi hər an aktual olaraq qalır. ABŞ Prezidenti Trampın tez-tez Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparması və hər dəfə görüşdən sonra Ukraynaya qarşı yeni bir tənqidi fikir söyləməsi və işğalçılıq siyasəti aparan və onu de-fakto və de-yure həyata keçirən bir ölkəyə qarşı “tumarlayıcı” siyasətlə müamilə etməsi , əlbəttə ki Rusiya Prezidenti Vladimir Putini təhlükəli lider kimi qəbul etdiklərindən dolayı baş verir və həmçinin savaş meydanında Ukraynanın uğurlu əməliyyatları da məhz bu yürüdülən siyasətin nəticəsidir. Rusiyada əslində bu siyasəti başa düşürlər. “Hörümçək toru” əməliyyatının arxasında məhz ABŞ-ın olması da heç kimdə şübhə doğurmur. Amma, bütün bunlar tutarlı olmadığı üçün, heç bir əsası yoxdur. Məhz bu səbəbdən Rusiya tərəfi artıq ABŞ-la danışıqlara getmək istəmir və Trampın davamlı olaraq tez-tez dəyişən mövqeyi, ruslarda ABŞ-a qarşı inamı qırdı və Trampın yürütdüyü bu siyasətin mərkəzində kifayət qədər müəmmalı məqamların olduğunu artıq Kreml anlayıb. Bu mənada ki, yaxın gələcəkdə müharibənin dayandırılma ehtimalı çox azdır və bu da deməyə imkan verir ki, Rusiyanın qara günləri hələ qabaqdadır”.
Politoloq onu da qeyd edib ki, ABŞ Prezidenti Trampın sülh təşəbbüsü nəticə vermədi və daha doğrusu, Rusiya Prezidenti Vladimir Putin bu uzadılan əlin səmimiyyətinə inanmaq istəmədi. Belə olan təqdirdə Prezident Tramp, Rusiya və Ukrayna arasında sülh prosesində vasitəçilik təşəbbüskarlığını dayandırdığını bəyan etmək məcburiyyətində qaldı: “Əslində bu Rusiyanın əleyhinə olan addımdır və Rusiya belə bir vəziyyətdə önünə çıxmış olan bu şansdan yararlana bilmədi və Putinin səhvləri üzərinə daha bir yenisi əlavə edildi, deyə bilərik. Amma, Putin bu situasiyada boşluğu doldurmaq üçün İstanbulda danışıqlar prosesinə davam etməyi təklif edərək, Qərbin bu boşluqdan istifadə etməsinə mane oldu. Göründüyü kimi, müharibə hər iki sahədə, istər siyasi danışıqlar masasında, istərsə də savaş meydanında şahmat oyununda olduğu kimi, ona bənzər bir məcrada davam edir. Artıq ABŞ, Avropa İttifaqı və Böyük Britaniya Ukraynaya yardımlar etməkdən imtina edə bilmədikləri üçün, əslində Rusiya bundan başqa yol saxlamadığı üçün desək daha doğru olar, yaxın gələcəkdə müharibənin həm miqyası, həm də daha ağır texnikadan və silahlardan istifadə olunması qaçılmaz kimi görünür. Bu səbəbdən məhz Rusiyadan daha çox Ukrayna ordusunun hər kəsi təəccübləndirə biləcək əməliyatları hələ qabaqdadır. Əyər Rusiyanın daxilində baş verə biləcək ictimai narahatçılıq, əlbəttə ki müharibənin bu istiqamətdə davam etməsinə dözümlülük göstərə bilsə. Nəzərə alsaq ki, sürətlə silahlanmaya yönəlmiş Avropanın təhlükəsizlik tavanı arxitekturası da məhz Ukraynada gedən müharibənin nəticələrinə bağlıdır və bu səbəbdən Rusiya üçün hər an imkanlar və şərtlər dəyişə bilər, ehtimalı daha çox aktual olaraq qalır”.

Cavid