İranda metanol yüklü gəmidə partlayış: 3 ölü, 10 yaralı Dünya

İranda metanol yüklü gəmidə partlayış: 3 ölü, 10 yaralı

İranın Buşehr əyalətinə bağlı Deyr limanında metanol yüklü bir gəmidə baş verən yanğın və ardınca yaşanan partlayış faciəyə səbəb olub. Hadisə nəticəsində 3 nəfər həyatını itirib, 10 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xalqcebhesi.az xəbər verir ki, Buşehr Valiliyinin Krizis İdarəetmə Baş İdarəsinin rəhbəri Koruş Dehfan hadisə ilə bağlı açıqlamasında bildirib ki, insident yerli vaxtla saat 11:05-də Deyr Limanında yerləşən Kaveh Metanol Şirkətinə məxsus iskələdə qeydə alınıb. Onun sözlərinə görə, gəmidə işçilər tərəfindən aparılan qaynaq işləri zamanı qəfil yanğın başlayıb, daha sonra isə partlayış baş verib.

"İlkin məlumata əsasən, hadisə nəticəsində 10 nəfər yaralanıb, 3 nəfər isə hadisə yerində dünyasını dəyişib," – deyə Dehfan qeyd edib.

Yanğının söndürülməsi istiqamətində təcili tədbirlər görülür, hadisə ilə bağlı araşdırma aparılır.

Məryəm Quliyeva