
ABŞ-ın İrana qarşı hərbi kompaniyasında NATO ölkələrinin ABŞ-a dəstək verməməsi və müttəfiqlik öhdəliyindən yayınmasının səbəbləri ilə bağlı müxtəlif versiyalar irəli sürülür.
Bunu xalqcebhesi.az-a politoloq Vüqar Dadaşov deyib.
"Birinci səbəbi kimi Tramp administrasiyasının müharibəni NATO ölkələri ilə razılaşdırmaması göstərilir. Trampın bu qərarı təkbaşına verməsi və məsuliyyəti bölüşməməsi NATO daxilində narazılıq yaratmaqla, müttəfiqlərin məsuliyyətdən yayınmasına gətirib.
İkincisi, Donald Trampın İsrailin Baş naziri Netanyahu ilə koordinasiyalı şəkildə müharibəyə girməsi, ABŞ-ı İrana qarşı hücuma İsrailin sövq etdiyi düşünülür və NATO ölkələrinin ehtiyatlı mövqe tutmasına səbəb kimi göstərilir" - politoloq deyib.
O qeyd edib ki, ən mühüm və səsləndirilməyən səbəblərdən biri Donald Trampın Kremlin təsiri altında olması ilə bağlı iddialardır. Keçmiş KQB əməkdaşlarının Trampın hələ 80-ci illərdən verbovka olduğu barədə açıqlamaları bu şübhələri daha da gücləndirib. Trampın NATO üzvlərini nəzərə almadan parçalanmaya səbəb ola biləcək qərarlar verməsi, Rusiya-Ukrayna müharibəsinə Trampın yanaşması, ABŞ-ın isə İrana hücumu Rusiyanın geosiyasi mövqelərini gücləndirən faktor kimi qiymətləndirilir. Müharibənin dünya enerji bazarında yaratdığı gərginlik Rusiyanın neft və qazına tələbatı artırmaqla yanaşı, sanksiyaların yumşaldılmasını gündəmə gətirib. İran səbəbindən Çinin Rusiyadan enerji asılılığının artması Pekinə çətinlik yaradır. Nəticədə, Rusiya bu müharibədə maraqlı tərəf kimi göründüyündən NATO ölkələrinin ABŞ-a etinasızlığı dərinləşir:
"Həmçinin, 28 fevral İrana hücuma qədər Donald Trampın NATO üzvü Danimarkaya qarşı Qrinlandiya iddiaları Avropada ABŞ-a etibarı sarsıdıb. Bu səbəbdən müttəfiqlər artıq Tramp administrasiyasını potensial risk mənbəyi kimi görür.
Belə bir qənaət də formalaşıb ki, əgər NATO ölkələri ABŞ-ın İrana qarşı müharibəsində Trampa istədiyi kimi dəstək versəydilər, bu onun ambisiyalarını daha da gücləndirə bilərdi. Bu isə Avropa üçün əlavə risklər yaradardı və nəticədə onlar bu ssenaridən uzaq durmağa üstünlük verdilər. NATO-nun 5-ci maddəsinə görə yalnız hücuma məruz qalan üzv müdafiə olunur; hücum edən tərəfə dəstək öhdəliyi yoxdur.
Donald Trampın Venesuela, Kuba, Kanada və digər ölkələrə qarşı təhdidləri onun beynəlxalq arenada qeyri-ciddi siyasətçi kimi qəbul olunmasına və qərarlarına etimadın zəifləməsinə səbəb olub.
Eyni zamanda, ABŞ-İran qarşıdurması qlobal enerji bazarına ciddi təsir göstərərək kəskin qiymət artımına, böhran riskinin yüksəlməsinə səbəb olub. Xüsusilə enerji asılılığı yüksək olan Avropa ölkələri üçün bu vəziyyət ciddi təhlükəyə çevrilib.
ABŞ İrana hücumla və eyni zamanda Ukraynaya dəstəkdə əngəllər yaratmaqla Avropanı bir növ Rusiya təhlükəsi ilə üz-üzə qoymaqla, Tramp hesab edirdi ki, Avropa ABŞ-a daha çox sığınacaq və asılılığı daha da dərinləşəcək.
Lakin Avropa fərqli gediş etdi və öz təhlükəsizliyini müstəqil şəkildə təmin etmək istiqamətində yeni ittifaqın formalaşdırılması prosesinə başladı. Almaniya bu prosesin önünə keçərək öz keçmiş qüdrətini bərpa etməyə başladı. ABŞ-ın isə Almaniyadakı hərbi qüvvələrini geri çəkmək niyyəti bu prosesləri daha da sürətləndirir".
Nəticə etibarilə, Donald Tramp administrasiyasının siyasəti təkcə mövcud dövrdə deyil, Trampdan sonrakı mərhələdə də NATO ölkələrinin ABŞ-a olan etimadını ciddi şəkildə sarsıtdı. Yəni, NATO müttəfiqlərinin Tramp administrasiyasına etimadsızlığı, müttəfiqlik öhdəliklərindən yayınması təkcə İranla bağlı məsələ yox, ABŞ-ın dünya enerji təchizatı da daxil olmaqla strateji planları ilə əlaqəli nəticədir, xüsusən də Çinlə bağlı və Tramp ABŞ dövlət siyasətindən kənara çıxa bilməz.
Cavid