Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək
Koşta: Aİ-nin İrəvandakı sammiti Azərbaycan və Ermənistan arasında razılaşma sayəsində mümkün olub
Ukrayna dronu Moskvanın mərkəzində yaşayış binasına düşüb - FOTO
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda müəyyənləşir
11:11
567
“Müasir dövrdə təhsil sistemi yalnız bilik ötürən mexanizm kimi deyil, eyni zamanda şəxsiyyət formalaşdıran əsas institut kimi çıxış etməlidir”.
Bunu Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Xalqcebhesi.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, milli dəyərlərlə müasir biliklərin sintezi təhsilin qarşısında duran ən vacib çağırışlardan biridir: “Bu yanaşma keçmişin zəngin irsi ilə gələcəyin innovativ düşüncəsini bir araya gətirən körpü rolunu oynayır. Biz milli dəyərləri statik və dəyişməz bir anlayış kimi deyil, ‘canlı irs’ kimi təqdim etməliyik. Yəni bu dəyərlər müasir elmin və texnologiyanın dili ilə şərh olunmalı, gənclərə daha anlaşıqlı və cəlbedici formada çatdırılmalıdır. Bu istiqamətdə tədris metodlarının yenilənməsi xüsusi əhəmiyyət daşıyır. Məsələn, memarlıq tariximizi müasir mühəndislik prinsipləri ilə izah etmək, xalçaçılıq sənətindəki ornamentləri riyazi modellər və alqoritmlərlə əlaqələndirmək gənclərdə həm milli kimlik hissini gücləndirir, həm də analitik düşüncəni inkişaf etdirir. Bu yanaşma nəticəsində milli mənsubiyyət müasir elmin ayrılmaz tərkib hissəsinə çevrilir”.
Ekspert vurğulayıb ki, təhsil proqramlarının effektivliyini artırmaq üçün ənənəvi passiv öyrənmə modelindən imtina edilməlidir: “Bu gün insanlar yalnız dinləyici olmaq istəmir, onlar prosesin aktiv iştirakçısına çevrilmək istəyirlər. Bu baxımdan interaktiv, vizual və rəqəmsal hekayəçilik elementləri ilə zənginləşdirilmiş proqramlar daha böyük təsir gücünə malikdir. Xüsusilə gamifikasiya üsullarının tətbiqi həm uşaqların, həm də böyüklərin öyrənməyə marağını artırır”.
Ə.Həsənli əlavə edib ki, təhsil məzmununun cəmiyyətlə səsləşməsi də vacib şərtlərdəndir: “Proqramlar insanların gündəlik həyatına, real ehtiyaclarına uyğun qurulmalıdır. Milli kimliyimizi müasir etik dəyərlər, ekoloji məsuliyyət və qlobal rəqabət mühiti ilə uzlaşdıran yanaşma daha dayanıqlı nəticələr verir. Əgər gənclər öz milli dəyərlərində müasir dünyanın tələblərinə cavab tapa bilirsə, bu, uğurlu inteqrasiyanın göstəricisidir”.
Sonda o bildirib ki, bu prosesin effektiv təşkili üçün dövlət, media və vətəndaş cəmiyyəti arasında koordinasiyalı əməkdaşlıq vacibdir: “Rəqəmsal platformaların imkanlarından maksimum istifadə olunmalı, hazırlanmış proqramlar hər bir vətəndaşa, hər bir evə və hər bir smartfona çatdırılmalıdır”.
Günel Elxan