Milli QHT Forumu Rusiyada azərbaycanlıların qətl və zorakılığa məruz qalmasına dair bəyanat yayıb Cəmiyyət

Milli QHT Forumu Rusiyada azərbaycanlıların qətl və zorakılığa məruz qalmasına dair bəyanat yayıb

Azərbaycan Milli QHT Forumunun Rusiyada azərbaycanlıların etnik mənsubiyyətinə görə qətl və zorakılığa məruz qalmasına dair bəyanat yayıb.

Xalqcebhesi.az bəyanatı təqdim edir:

"Biz - Azərbaycan vətəndaş cəmiyyətinin səsi olaraq, son zamanlar Rusiyada azərbaycanlıların etnik mənsubiyyətinə görə qətl və zorakılığa məruz qalmasının sistemli xarakter aldığını müşahidə edir, bunu hiddətlə qarşılayırıq.

2025-ci il iyunun 27-də Yekaterinburq şəhərində azərbaycanlılara qarşı məhkəmə mühakiməsi olmadan törədilmiş qətl və zorakılıqlar etnik və dini dözümsüzlük, irqi ayrı-seçkilik və faşizm nümunəsidir.

Faktlar, obyektiv təhlillər və çoxsaylı sübutlar göstərir ki, azərbaycanlılara qarşı bu cür cinayətlər çox vaxt rəsmi Moskvanın ən azı səssiz razılığı ilə sanksiyalaşdırılır.

Azərbaycan Respublikası hər zaman Rusiya ilə mehriban qonşuluq, dostluq və tərəfdaşlıq siyasətinə sadiqliyini nümayiş etdirib. Bu mövqe ölkəmizdə dövlət təhsil müəssisələrində rus bölmələrinin mövcudluğunu saxlaması, Rusiya ilə güclü mədəni əlaqələrin inkişafı, rus məktəbləri, teatrları, mədəniyyət mərkəzlərinin sərbəst fəaliyyəti, Azərbaycanda rus icmasına göstərilən xüsusi diqqət və qayğı, eləcə də qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi ilə təsdiqlənir. Biz Azərbaycanın Rus İcmasının Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləməsini də təqdir edirik.

Biz Azərbaycan dövlətini çağırırıq ki, Rusiya Federasiyası tərəfindən azərbaycanlılara qarşı təhdid, hədə-qorxu və şantaj siyasətinin davam etdiyi indiki şəraitdə bu ölkə ilə bütün sahələrdə əməkdaşlıq və münasibətlər yenidən nəzərdən keçirilsin. Bu baxımdan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərini, o cümlədən konsertləri, festivalları, tamaşaları, sərgiləri ləğv etməsini təqdir edirik.

Ötən ilin sonu Rusiya səmasında vurulmuş AZAL təyyarəsi ilə əlaqədar bu günə qədər də günahkarların müəyyən edilərək mühakimə edilməməsi göstərir ki, Rusiya hakimiyyəti bu dəhşətli cinayətlərin açılmasında maraqlı tərəf deyil. Biz şəffaflıq, ədalət, qarşılıqlı hörmət tələb edirik.

Yekaterinburq şəhərində baş vermis sonuncu cinayət əməli də yalnız Səfərovlar ailəsini deyil, bütün Azərbaycanı sarsıdır. Hər birimiz özümüzü səfərovlardan biri hesab edirik".