Rusiya Yaponiyaya kəskin etiraz edib Dünya

Rusiya Yaponiyaya kəskin etiraz edib

Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın Moskvadakı səfirliyinə Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin ABŞ Silahlı Qüvvələrinin “Resolute Force Pacific” (“Qətiyyətli Sakit Okean Qüvvələri”) adlı genişmiqyaslı hərbi təlimlərində iştirakı ilə bağlı kəskin etiraz edib.

Bu barədə “Report” Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.

Qeyd edək ki, manevrlər iyulun 9-dan avqustun 4-dək, o cümlədən Rusiya Federasiyasının Uzaq Şərq sərhədlərinə yaxın ərazidə yerləşən hərbi təlim bazalarında keçirilir.

“Manevrlərin elan edilmiş məqsədi döyüşə yaxın şəraitdə Vaşinqton və Tokionun əməliyyat uyğunluğunu artırmaq, çəkindirmə və cavab tədbirləri potensialını inkişaf etdirməkdir. Eyni zamanda Özünümüdafiə Qüvvələri komandanlığı birbaşa eyham vurub ki, bu təlimlərin keçirilməsi zərurəti Rusiyanın müdafiə qabiliyyətinin gücləndirilməsi üzrə tədbirlərinin artırılması ilə diktə edilib”, - qurumun saytında bildirilib.

Moskva bu cür fəaliyyəti məsuliyyətsizlik və silahlı münaqişəyə hazırlıq əlamətlərini göstərən bir hərəkət kimi qiymətləndirib. Rusiya tərəfi bəyan edib ki, bu cür hərəkətlər milli təhlükəsizliyə potensial təhdid yaradır və qaçılmaz olaraq adekvat əks tədbirlərin görülməsinə səbəb olacaq.