Ukraynın şərqində qızğın döyüşlər Dünya

Ukraynın şərqində qızğın döyüşlər

Rusiya ilə elan olunmamış müharibənin miqyası böyüyür
Belorus prezidenti baş verənlərdən narahatlığını açıqladı, Donetsk və Luqanskdəki referendumları tanımadığını bəyan etdi

Ukraynanın şərqində - rus terrorçularının fəal olduğu Donetsk bölgəsində qarşıdurmalar daha da şiddətlənib. Ötən gün Volnovax rayonu ətrafınla keçirilən antiterror əməliyyatları zamanı Ukrayna güc strukturları 13 nəfər itki verib, daha 30 nəfər isə yaralanıb.
Bu barədə Ukrayna Hərbi-siyasi Təhqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk öz Facsebook səhifəsində məlumat yayıb. Onun bildirdiyinə görə, vilayətin daha bir rayonunda - Rubejneqo yaxınlığında da terrorçularla şiddətli atışma baş verib.
O qeyd edib ki, bu məntəqələr əsas "terror yuvaları"ndan kifayət qədər uzaq məsafədə yerləşir.
Ukrayna Müdafiə Hazirliyinin mətbuat xidməti də Volnovax məntəqəsində hərbçilər arasında itkilər barədə məlumatı təsdiqləyib. Məlumata görə, şəhərin yaxınlığında hərbçilər müxtəlif istiqamətlərdən atəşə tutulub, onlara qarşı tank əleyhinə qumbaraatanlardan və minaatanlardan istifadə olunub.
Dünən səhərdən isə Lisiçansk şəhəri istiqamətdə ağır döyüşlər başlayıb. Ukrayna Daxili İşlər Hazirliyinin Luqansk vilayət idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Tatyana Poqukay bildirib ki, Severskiy Donets istiqamətində körpü partladılıb. Şəhərdə həyəcan siqnalı verilib, əhaliyə evlərindən çıxmamaq xəbərdarlığı edilib.
Şiddətli döyüşlərin gün ərzində davam etdiyi xəbər verilir. Ukrayna Milli Qvardiyasının və cənub-şərq ordu birləşmələrinə aid hərbçilər rus terrorçuların müqavimətini qırmağa çalışıblar. Bu istiqamətdə 4 nəfərin yaralandığı barədə xəbərlər yayılıb.
Ukraynanın Luqansk vilayətində daha bir silahlı insident Rusiya ilə sərhəddə baş verib. Silahlı terrorçular Ukrayna dövlət sərhədindən qanunsuz keçməyə cəhd göstəriblər.
Lakin ukraynalı sərhədçilər hücumun qarşısını alıblar. Atışma nəticəsində sərhədçilər arasında yaralananlar olub.
Həmçinin bildirilir ki, hücum edənlərin iki snayper nöqtəsi məhv edilib.
Ukraynada Slavyansk şəhərinin mərkəzi də döyüş meydanına çevrilib. Terrorçuların möhkəmləndikləri şəhər Ukrayna hərbçiləri tərəfindən artilleriya atəşinə tutulub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Antiterror əməliyyatlarının genişləndirilməsinə çavab olaraq, özünü "Luqansk xalq respublikası" elan etmiş rus separatçıları vilayətdə hərbi vəziyyətin elan olunması haqqında qərar verib.
Qondarma respublikanın rəhbəri, "xalq qubernatoru" Valeri Bolotov bildirib ki, Ukrayna hakimiyyətinin hərbi əməliyyatları aktivləşdirməsi bu qərara əsas verib: "Bizim adamlarımızı öldürməyə başlayıblar".
"Xalq meri" vilayətdə səfərbərlik elan olunduğunu da qeyd edib: "Bizim məlumatlarımıza görə, Luqanska Ukraynanın hərbi birləşmələri göndərilib, ona görə də biz hərbi qanunlarla yaşamalıyıq".
"Xalq meri"nin əmrinə görə, dünən səhərdən Luqanskda komendant saatının tətbiqinə başlanılıb.
Son məlumatlara Luqanska doğru hazırda Ukrayna Milli Qvardiyasının 200-dək tank, BMP, BTR və özüyeriyən artilleriya qurğularından ibarət hərbi kolonu hərəkətə gətirildib.
Qeyd edək ki, srağagün Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov ölkənin şərqini terrorçulardan tamamilə təmizləmək üçün xüsusi əməliyyatların final mərhələsinin başlandığını elan edib.
Valeri Bolotov Rusiya prezidenti Vladimir Putinə müraciət edib. Bolotov Putindən "respublika" ərazisinə sülhməramlı qoşun yeridilməsini xahiş edib.
Müraciətdə deyilir: "Bu gün saat 04:00-dən etibarən Ukrayna ordusu mülki vətəndaşlara qarşı təcavüz həyata keçirib. Qeyri-legitim Kiyev hakimiyyəti Luqanskda cəza əməliyyatına başlayıb. Onun qoşunları respublikanın regionlarını işğal etməyə davam edir, vətəndaşların həyatına təcavüz edir".
Müraciətdə eyni zamanda qeyd edilib ki, "Luqansk respublikası"nın cəza əməliyyatını dayandırmaq üçün yetərincə qüvvəsi yoxdur. Bolotov ümid edir ki, "Rusiya regionda Ukrayna hakimiyyəti tərəfindən süni şəkildə yaradılmış humanitar fəlakət başlamamış sülhməramlı qoşunların yeridilməsi ilə bağlı qərar qəbul edəcək".
Ötən gün Kiyevin mərkəzində də silahlı diversantların bazası aşkarlanıb. Bu barədə özünün "Facebook" səhifəsində deputat Vladimir Aryev yazıb.
O bildirib ki, Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları əməliyyata başlayanda, diversantlar onlara atəş açıblar. Bununla belə diversantların hamısını tərksilah etmək mümkün olub.
Onların məskunlaşdığı mənzildən 40 ədəd "Kalaşnikov" avtomatı, partlayıcı maddələr və Rusiya bayraqları aşkarlanıb.
Rusiyanın ölkədə silahlı qarşıdurmanı nəinki stimullaşdırdığını, hətta yaxın günlərdə hərbi müdaxiləni reallaşdıra biləcəyini diqqətə alan Ukrayna rəhbərliyi təcili olaraq BMT Təhlükəsizlik Şurasına təcili toplaşmaq çağırışı ilə müraciət edib. Rəsmi Kiyev Ukraynanın Donbass vilayətində Rusiyanın iştirakını təsdiqləyən sübutları beynəlxalq ictimaiyyətə təqdim etməyə hazırdır.
Baş nazir Arseniy Yasenyuk bəyanatında bildirib: "Bizim sübutlarımız var ki, Rusiya məhz münaqişənin genişlənməsinə, qan tökülməsinə, Ukraynanın sərhəd məntəqələrinin ələ keçirilməsinə və prezident seçkilərinin pozulmasına çalışır. Biz həmçinin Ukraynaya qarşı Rusiya ərazisində qanunsuz hərbi birləşmələrin hazırlandığı barədə təkzibedilməz faktlara malikik".
Baş nazir onu da əlavə edib ki, Rusiya rəhbərliyinin rus qoşunlarının Ukraynanın şərq sərhədlərindən geri çəkilməsi barədə bəyanatları blefdən başqa bir şey deyil.
Onun sözlərinə görə, heç kim və heç nə Ukraynada mayın 25-də prezident seçkilərinin keçirilməsinə mane ola bilməyəcək: "Seçkilər mütləq keçiriləcək. Bizim Silahlı Qüvvələrimiz və ordumuz qanunçuluğu və sabitliyi bərpa edəcək. Ukraynaya qarşı müharibə elan edilib. Biz xəbərdarlıq edirik ki, Ukraynada seçkiləri pozmaq və ərazilərimizi işğal cəhdləri faydasızdır".
Qeyd edək ki, dünən Rusiya Federasiyasına aid olan hərbi helikopterlər Ukrayna sərhədini pozub. "Mi8" helikopterləri Ukraynanın şərq hissəsi boyunca ərazilərdə uçuşlar həyata keçirib. Onlar uçuşları yerə çox yaxın məsafədə həyata keçiriblər.
Qeyd edək ki, Rusiya dəfələrlə ordu birləşmələrini və hərbi texnikasını Ukrayna ilə sərhəd ərazidən çəkdiyini bildirsə də deyilənlərin hələ də öz təsdiqini tapmır.
Bu arada Belorus prezidenti Aleksandr Lukaşenko Ukraynada yaşananlarla bağlı bəyanatla çıxış edib: "Ukraynaya milli lider lazımdır. O, olmayan təqdirdə, Ukraynada hərc-mərclik hökm sürəcək".
Onun sözlərinə görə, qanun baxımından Donetsk və Luqansk bölgələrində keçirilən referendumun heç bir mənası yoxdur:
"Ukraynanın Donetsk və Luqansk ərazilərində keçirilən referendumun qanun baxımından mənası yoxdur. Hələ mən o refrendumun hansı şərtlər altında keçirilməsindən danışmıram... Hər bir referendum konstitusiyaya əsasında keçirilməlidir".

TURQUT