Trampın yaxın adamları həbs oluna bilər Dünya

Trampın yaxın adamları həbs oluna bilər

"The Guardian" yazır ki, xüsusi prokuror Robert Muellerin Rusiyanın ABŞ-da president seçkisinə müdaxiləsi ilə bağlı ilk həbs orderlərini imzaladığı barədə yayılan xəbərlərin ardınca Donald Tramp qəzəb püskürən tvit hücumuna başlayıb. O yazıb ki, Mueller "mövcud olmayan Tramp-Rusiya sövdələşməsi məsələsini" araşdırır. Prezident bunun əvəzində diqqətin Hillari Klintonla bağlı qalmaqalların üzərində cəmləşməsini istəyir və "nə isə edin" yazır. Tramp özünün son tənqidləri ilə Muellerin qərəzsizliyinə şübhə yaratmağa çalışıb.
Bu arada New Jersey qubernatoru Kris Kristie ABC kanalına verdiyi müsahibədə deyib ki, Rusiyanın ABŞ seçkisinə müdaxiləsini araşdıran böyük andlılar heyətinin qərarları məxfi qalmalıydı. Kristie və Trampın öz qəzəblərini Muellerin üzərinə yağdırdığı bir vaxtda xüsusi prokurorun sanksiyası ilə ilk həbslərin həyata keçirləcəyi gözlənir.
CNN, Reuters və "Wall Street Journal" yazırlar ki, xüsisi prokurorun göstərişi ilə elə bu bazar ertəsi bir və ya daha çox həbs ola bilər. Tramp həbs sanskiyalarının üstünü vurmadan qəzəbli tvitlər yazıb. O bəyan edib ki, "indiyədək görünməmiş qəzəb və həmrəylik nümayiş etdirən respublikaçılar Hillari Klinton məsələsinin araşdırılmamasından narahatdırlar". Prezidentin tvitində deyilir ki, "Rusiya və uran sazişi, 33 min silinmiş e-mail və Komey məsələsi araşdırılmalıdır".
"Əvəzində onlar mövcud olmayan saxta Tramp-Rusiya məsələsini araşdırırlar. Demokratlar bu dəhşətli (və ölkəmiz üçün çox ziyanlı) əcinnə ovundan şər siyasəti üçün istifadə edirlər. Demokratların və Klintonun o qədər günahı var ki… Amma respublikaçılar misilsiz bir qəzəblə buna qarşı çıxırlar". O bu bəyanatının sonunda bildirir ki, "bütün bu Rusiya söz-söhbəti" respublikaçıların "tarixi vergi ixtisarları və islahatları həyata keçirmək istədikləri vaxt baş verir".
Mümkün həbslər barədə xəbərlərin bir neçə mediada yayılmasından sonra davakar Kristie Muellerin komandasını "cinayətkar xəbər sızdırmasına" görə ittiham edib.
O, CBS-in Face the Nation proqramına deyib ki, "bütün araşdırma məxfi olmalı idi". Kristie bildirib ki, böyük andlılar heyətinə aid məlumatın məxfilyini tələb edən qanunlar var və bu xəbərlərin CNN-ə sızdırılması cinayət sayıla bilər. ABC-nin This Week proqramında çıxış edən Kristie ümid etdiyini bildirib ki, bu sızmaların Muellerin komandasından qaynaqlanmadığına ümid etmək istərdi. O bildirib ki, bir keçmiş prokuror kimi belə sızdırmalara görə cimayət məsuliyyətinin daşındığını yaxşı bilir.
Mueller tərəfindən barələrində cinayət işi qaldırılanalrın adları bazar günü sirr olaraq qalırdı, amma bəzi mənbələr söhbətin nisbətən "xırda fiqurlardan" getdiyini bildirirdilər. Rusiyanın 2016-cı ilin ABŞ seçkisinə müdaxiləsi məsələsi Trampın prezdentliyinə lap əvvəldən kölgə salıb. Yanvar ayında ABŞ kəşfiyyat orqanalrı bildirmişdilər ki, Rusiya Trampın Klinton üzərində qələbəsini təmin etməkdən ötrü sosial mediada təbliğat kampaniyası aparıb.
Xüsusi prokuror Mueller Trampın seçki kampaniyası komandasının Rusiya ilə mümkün sövdələşməsini araşdırır. Bəzi xəbərlərə görə Muellerin araşdırdığı məsələlər arasında həm də çirkli pulların yuyulması və vergidən yayınma da var. Bu arada Trampın düşərgəsində olan respublikaçılar xüsusi prokurorun istefasına çağırıblar. Lakin Muellerin vəzifəsindən kənarlaşdırılması Konqresdə prezidentə qarşı hərəkətlərin başlanmasına səbəb ola bilər.