“ABŞ-ın İran sazişində qalacağına dair “siqnallar” almışıq” Dünya

“ABŞ-ın İran sazişində qalacağına dair “siqnallar” almışıq”

Avropa İttifaqının xarici işlər komissarı deyib ki, ABŞ millət vəkilləri Birləşmiş Ştatların 2015-ci il İran nüvə sazişində qalacağına dair işarə veriblər.
Vaşinqtonda jurnalistlər qarşısında çıxış edən Federika Moqherini ABŞ Konqresindən keçəcək qanunvericilik aktının İran sazişinə təsir edib-etməyəcəyinə dair şərh verməkdən imtina edib.
Konqresdə müzakirəsi hazırlanan qanunvericilik aktı İranın sanksiyalardan azad edilməsi üçün əlavə şərtlər irəli sürür.
Lakin Moqherini deyib ki, "o Birləşmiş Ştatların İran sazişində qalmaq niyyətində olduğunun aydın əlamətlərini görüb".
ABŞ prezidenti Donald Tramp ötən ay İranın nüvə sazişinin şərtlərinə əməl etdiyinə dair şəhadətnaməni imzalamaqdan imtina edib.
2015-ci il sazişi özünün nüvə proqramını məhdudlaşdırması hesabına Tehrana beynəlxalq sanksiyalardan azad olmaq imkanı verir.
Oktyabrın 13-də etdiyi çıxışında Tramp Tehranı nüvə sazişinin "ruhunu" pozmaqda ittiham etmişdi.
Bunu deməklə prezident İranın ballistik raket sınaqları keçirməsini nəzərdə tuturdu.
Tramp Konqresə İran üzərinə sanksiyaların təkrar qoyulmasını sürətləndirə biləcək qanunun gücləndirilməsi üçün müraciət edib.
Bundan başqa ABŞ prezidenti qanundan müddət bəndlərinin çıxarılmasına çalışır. Bu maddələrdə İran üzərindəki bəzi məhdudiyyətlətin qaldırılması üçün dəqiq müddət göstərilib.
O habelə Birləşmiş Ştatların tələbləri yerinə yetirilməzsə, Vaşinqtonun bu sazişdən çıxacağı ilə hədələmişdi.
Avropa İttifaqı və İran sazişinin tərəfləri olan Rusiya, Britaniya, Çin, Fransa və Almaniya Trampı ABŞ-ı bu sazişdən çıxarmamağa çağırmışdılar.
İran nüvə sazişinin əsas danışıqçılarından biri olmuş Moqherini deyib ki, ABŞ millət vəkillərini bu sazişin Avropa İttifaqı üçün təhlükəsizlik baxımından nə qədər mühüm olduğuna inandırmağa çalışıb.
Moqherini habelə bəyan edib ki, bu saziş təkrar danışıqların predmeti ola bilməz.
O deyib ki, bu sazişin hər hansı bir hissəsi yenidən müzakirəyə qoyulsa, onda bütün sənəd yenidən müzakirə olunmalı olardı.