20 Aprel 11:34
1 358![]()
İsrail polisi İranın xeyrinə casusluq etməkdə şübhəli bilinən iki gənci həbs etdiyini açıqlayıb. Onlardan birinin xaricdə təlim keçməyi planlaşdırdığı iddia edilir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail polisi məlumat yayıb.
Polisin məlumatına görə, Nes-Siona şəhərindən olan 19 yaşlı Saqi Hayk mart ayındakı həbsindən bir neçə ay əvvəl İran agenti ilə təmasda olub.
"İstintaq zamanı müəyyən edilib ki, Hayk bir neçə ay ərzində internet üzərindən İran agenti ilə əlaqə saxlayıb və bu çərçivədə özünün, habelə ailə üzvlərinin şəxsi məlumatlarını açıqlayıb. Həmçinin məlum olub ki, o, ərəb ölkələrindən birində hazırlıq keçməyə razılıq verib və tapşırıqları yerinə yetirmək üçün digər şəxslərin cəlb edilməsi barədə göstərişlər alıb", — deyə polisin bəyanatında bildirilir.
Hakimiyyət orqanlarının məlumatına görə, o, həmçinin ailə üzvlərinin şəxsi məlumatlarını paylaşıb ki, sonradan həmin ailə üzvləri ehtimal olunan kuratordan hədə-qorxu dolu mesajlar alıblar.
Polis bildirir ki, dindirilmə zamanı Hayk digər şübhəli şəxsə — Beyt-Oved sakini, 21 yaşlı Assaf Çetritə kömək etdiyini etiraf edib və o da həbs olunub.
Polisin məlumatına görə, hər iki şübhəliyə qarşı ittihamlar bazar ertəsi günü dairə məhkəməsində irəli sürüləcək.
Məryəm Quliyeva