“Yeni soyuq rəqabət..” Gündəm

“Yeni soyuq rəqabət..”

“Dünyada formalaşan geosiyasi münasibətlər getdikcə daha gərgin və təhlükəli mərhələyə daxil olur”.

Bunu politoloq Azad Məsiyev “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

O qeyd edib ki, hazırda qlobal siyasətdə iki əsas güc mərkəzi arasında açıq rəqabət müşahidə edilir: “Bu gün faktiki olaraq ABŞ ilə Rusiya arasında iqtisadi, siyasi və hərbi müstəvidə ciddi qarşıdurma mövcuddur. Bu proses yalnız iki ölkə ilə məhdudlaşmır, eyni zamanda onların müttəfiqlərini də əhatə edib. Qərb blokunun siyasətində Rusiyaya qarşı sərt xətt açıq şəkildə görünür. Başda ABŞ olmaqla NATO bloku Rusiyanı əsas təhlükə kimi təqdim edir və onu beynəlxalq sistemdə təcrid etmək istiqamətində strateji addımlar atır. Bu yanaşmanın kökləri Varşava Müqaviləsi Təşkilatı dağıldıqdan və Sovetlər birliyi süqut etdikdən sonrakı dövrə gedib çıxır. Həmin mərhələdən etibarən NATO-nun genişlənməsi Rusiyanın sərhədlərinə doğru istiqamətlənib və bu, Moskva tərəfindən təhlükəsizlik riski kimi qəbul olunub”.

Onun fikrincə, regionda baş verən bir çox proseslər də bu geosiyasi rəqabətin tərkib hissəsidir: “Rusiya ətrafında gərginlik ocaqlarının formalaşdırılması, bəzi ölkələrdə rəngli inqilablar fonunda hakimiyyət dəyişikliklərinin baş verməsi böyük güclər arasında mübarizənin elementləri kimi qiymətləndirilə bilər. Burada əsas məqsəd Rusiyanın hərbi və iqtisadi potensialını zəiflətməkdir”.

Günel Elxan