Kreml Rusiyada hökumətin mümkün istefası ilə bağlı yayılan məlumatlara münasibət bildirib Dünya

Kreml Rusiyada hökumətin mümkün istefası ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Kreml Rusiyada iqtisadi vəziyyətə görə hökumətin mümkün istefası ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

APA-nın Moskva bürosu xəbər verir ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov belə xəbərlərə inanmamağa çağırıb.

O, belə xəbərlərin “Telegram” kanallarının ənənəvi əyləncəsi olduğunu qeyd edib.

"Bu, “Telegram” kanallarının ənənəvi əyləncəsidir, buna inanmayın."

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin 15 apreldə keçirilən iqtisadi müşavirədə Rusiyanın ÜDM-sinin 2026-cı ilin yanvar-fevral aylarında 1,8% azaldığını və hazırkı rəqəmlərin Rusiya Mərkəzi Bankının və hökumətin proqnozlarına uyğun gəlmədiyini bildirib. Prezident Mərkəzi Bankdan və hökumətdən makroiqtisadi göstəricilərin gözləntilərdən niyə geri qaldığını izah etmələrini tələb edib.

Dövlət Dumasında Kommunist fraksiyasının lideri Gennadi Züqanov da hökuməti tənqid edib. Ölkə iqtisadiyyatının bərbad vəziyyətdə olduğunu, əgər belə davam edərsə, hökumət lazımi tədbirləri görməzsə, 1917-ci il hadisələrinin təkrarlanacağı barədə xəbərdarlıq edib.