13:09
588
“ABŞ ilə İran arasında danışıqlar qaçılmaz ola bilər, amma uzunmüddətli və ya dayanıqlı sülhdən nəyinki indiki məqamda, hətta gələcəkdə söz gedə bilməz. ABŞ-nin atəşkəslə bağlı istəkləri sırf ordunun bölgədə daha da möhkəmləndirilməsinə xidmət edir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Elnur Ənvəroğlu deyib.
O qeyd edib ki, fevralın 28-dən başlayan müharibə rəsmi Vaşinqton üçün ürəkaçan olmadığından bu istiqamətdə tədbirlər daha da genişləndirilə və konkret hədəflər müəyyən edilə bilər: “Çünki nəticə etibarilə İrana yetərli sayda zərbələr vurulsa da, onun strateji obyektləri sıradan çıxarılsa da, bölgədəki strateji üstünlüyü hələ də öz yerindədir. ABŞ artıq İrana qarşı savaşındakı strateji yanlışlıqlarının fərqindədir. Hətta daxildə artıq Trampla da bağlı gərgin anlar təzahür etməkdədir və bu sonda Konqresin qərarı ilə aydın ola bilər”.
Siyasi şərhçinin sözlərinə görə, İrana gəlincə isə artıq görünən budur ki, nə ABŞ-nin sanksiyaları, nə də hərbi üstünlüyü rəsmi Tehranı yolundan döndərə bilmir: “İran öz neftinin təxminən 90%-ni Çinə ixrac edir və gəlirlərinin çox hissəsi bu və digər İranla ticari əlaqələri olan ölkələrdən gəlir. Müharibə dayanarsa İran özünü müəyyən zaman ərzində bərpa edə bilər və bu səbəbdən də atəşkəs və danışıqlar Tehran üçün də bir növ nəfəslik rolunu oynayır. Bu səbəbdən də hər iki tərəf danışıqlara ortaq maraqlardan yanaşır, amma ortada sülh yaratmaq və uzun müddət bölgədə sabitliyin yaranması istiqamətində addımlar atılmır. Bir sözlə, tərəflər bir-birilə barışmaz və olduqca gərgin mövqedə qalmaqdadır”.
Röya İsrafilova