
ABŞ-nin Los-Anceles şəhərində daimi sərgisi fəaliyyət göstərən azərbaycanlı rəssam Nazim Hacıyev AZƏRTAC-ın suallarını cavablandırıb.
- Rəssamlıq həyatınıza necə daxil oldu və yaradıcılığınız hansı fəlsəfə üzərində qurulub?
- Rəssamlıq mənim həyatımda sonradan seçilmiş bir peşə deyil, mənim varlığımdır. Uşaqlıqda yaşadığım bir hadisə yaddaşıma silinməz şəkildə həkk olunub. Mən sanki yox olmuşdum. Xəzərin sularında, Şüvəlan tərəfdə, “Şimalı GRES” adlanan ərazidə boğulmuşdum. Bədənim tam ortadan vertikal şəkildə iki rəngə ayrılmışdı: arxada qalan məkan tərəfim tünd mavi, ön tərəfim isə işıqlı, şəffaf firuzəyi və qızılı çalarlarda idi. O şəffaflığın içində müxtəlif qanadlı və qanadsız varlıqlar suların altında uçuşurdu. Bu görüntü mənim üçün sadəcə xatirə deyil, şüurun başqa bir qatına keçid idi.
Məni həyata qaytaran atam oldu. O, məni sahilə çıxarıb ciyərlərimdəki suyu əllərinin hərəkəti ilə xaric etməyi bacardı. Bu, mənim üçün yalnız fiziki xilas deyil, ikinci doğuluş idi. Bəlkə də, o andan etibarən dünyanı artıq başqa gözlə görməyə başladım.
Yaddaşıma həkk olunan ikinci hadisə isə sənətlə bağlıdır. Atam məni “Bacarıqlı əllər” verilişinin aparıcısı Məsumə müəllimənin yanına apardı. Daha sonra məni ozamankı “Qaqarin” adına Pionerlər Evinə yönləndirdilər. O kursa cəmi üç dəfə getdim. Açığı sıxıldım. Amma orada deyilən bir cümlə həyatımın mənasına çevrildi: “Dayandığın yerdən davam edəcəksən”. 56 il əvvəl deyilmiş bu cümlə bu gün də mənim sənət həyatımın lokomotividir.

Bu arada bir mühüm məqamı da qeyd etmək istərdim. Əmim Böyükağa Hacızadə (burada söhbət Xalq rəssamından getmir) böyük sənətkar Səttar Bəhlulzadənin ilk müəllimi olub. Bu fakt mənim üçün sadəcə ailə məlumatı deyil, sənət məsuliyyətidir. Varlığımı müəyyən mənada o xəttin davamçısı hesab edirəm. Sənət damarlarla ötürülmür, amma ruhla davam edir. Mən də əmimin zamanla dərinləşən yolunun davamçısıyam.
İllər keçdi və 8 avqust 2008-ci ildə, 47 yaşımda yaradıcılığımın fəlsəfi adı formalaşdı. Həmin gün bir söz doğuldu: Ezoterikizm. Xüsusilə qeyd edirəm: ezoterizm deyil, ezoterikizm. Bu termini özüm yaratdım. Çünki mövcud anlayış mənim hiss etdiyim mahiyyəti tam ifadə etmirdi.
Ezoterikizm mənim üçün algılar üstü fəlsəfədir - qəbul olunmuş bütün anlayışların, kainatın, planetlərin, dünyanın, meşələrin, okeanların və bildiyimiz hər şeyin üzərində mövcud olan enerji qatıdır. Bu, spiral kimidir - başlanğıcı və sonu olmayan bir hərəkət. Rəsmlərimdə zaman-zaman o sonsuz enerjini anlıq olaraq “dayandırmağa” çalışıram. Sanki hərəkətdə olan kosmik axından bir fraqmenti tutub kətan üzərində sabitləyirəm. Enerji dayanmır. Amma sənət vasitəsilə onun titrəyişini görünən hala gətirmək mümkündür.
Rəssamlıq mənim üçün təsvir deyil. O, enerjinin vizual qeydə alınmasıdır. O, ikinci doğuluşdan başlayan və bu günə qədər davam edən bir hərəkətdir.

- Siz, həmçinin biri “Emmy” mükafatı almış film olmaqla 11 filmdə iştirak etmisiniz. Bu barədə geniş danışmağınızı istərdim.
- Öncədən bir məqamı dəqiqləşdirmək istəyirəm: mən bu filmlərdə nə rəhbər, nə də rejissor olmuşam. Mən bu layihələrdə rəssam olaraq çalışmışam - quruluşçu rəssam və dekor rəssamı kimi. Kino fəaliyyətim “Bəyin oğurlanması” filmi ilə başlayıb. Daha sonra “Qəm pəncərəsi”, “Cin mikrorayonda”, “Şeytan göz qabağında”, “Çox cansıxıcı əhvalat”, “Lətifə”, “Afroditanın qolları”, “Xüsusi yer” və “Yaramaz” filmlərində çalışmışam. Bu filmlərin əksəriyyəti “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Türkiyədə isə “Kar Zamanı” və beynəlxalq layihə olan “Arabian Nights” üzərində çalışmışam. Bu layihə Almaniya, İngiltərə, Amerika və Türkiyə istehsalı idi (“Golden Horn” platforması çərçivəsində). “Arabian Nights” qısa serial formatında hazırlanmış, “Emmy” mükafatına namizəd olmuş və nəticədə mükafatı qazanmış layihədir. Bu film üzərində işləyərkən iki böyük sənətkarla - holland rəssam Ben van Os və “Ulduz Müharibələri”nin baş rəssamlarından biri olan Toni Burrou ilə əməkdaşlıq etmişəm. Filmin rejissoru isə Stiv Barron idi. Həmin layihədə həm zaman, həm də iş yükü baxımından ən çox çalışanlardan biri mən olmuşam. Lakin heç vaxt ad-san axtarmamışam. Maraqlıdır ki, həmin filmin televiziya “Oskarı” sayılan “Emmy” mükafatı qazandığını 25 il sonra təsadüfən Amerikada öyrəndim.
Bu anlamda “Yaramaz” filmi də xüsusi yer tutur. Film beynəlxalq festivallarda çoxsaylı mükafatlar qazanıb və adı Bernardo Bertoluççinin kinematoqrafiya ensiklopediyasında yer alıb. Orada iki quruluşçu rəssam idik - mən və yaxın zamanda dünyasını dəyişmiş memar Rafiq Nəsirov. Filmin rejissoru Vaqif Mustafayev çəkilişlər bitdikdən sonra mənə dedi: -Rafiq Nəsirovun adını titrlərdən çıxaraqmı? Qəti şəkildə etiraz etdim. Dedim ki, silməyə ehtiyac yoxdur. Nə dəyişəcək ki? Sənət kollektiv ruhla yaranır.
Bu gün 300 milyonluq Türk dünyası içində bir ilk olaraq “Hollivud”da, kino və sənət mühitinin mərkəzində daimi muzeyim açılıb. Keçici sərgi deyil, daimi muzey. Açılıbsa, açılıb. Mənim üçün əsas olan işin özüdür, titul deyil.
Rejissorluğa isə sonradan, mövzunun dərinliyi və miqyası məni cəlb etdiyi üçün maraq göstərdim. “Hattuşalı Adam” layihəsi bunun nümunəsidir. Romanın müəllifi, arxeologiya professoru və Antalya Arxeologiya Muzeyinin direktor müavini olan dostum Ahmet Çelik bir gün söhbət zamanı bu əsərin gil tabletlərdən ilhamlanaraq yazıldığını dedi. Kitabı oxuduqdan sonra mövzunun miqyasını anladım. Hadisələr eramızdan əvvəl təxminən 1450-ci illərdə baş verir. Güclü Hitit İmperiyası dövrü, Tutanxamonun ölümü ilə bağlı tarixi hadisələr və Anadolu sivilizasiyasının dramatik mərhələləri əks olunur. Layihə iki hissəli film və 32 bölümlük serial formatında nəzərdə tutulub. Təxminən 130 illik dünya kinematoqrafiya tarixində struktur və məzmun baxımından bir ilk olacaq. Hazırda ssenari üzərində ciddi iş gedir. Hazırlıq mərhələsindəyik. Komandada çox tanınmış və peşəkar isimlər var. Qalan detalları isə hələlik sirr olaraq saxlayım.
- Siz həm Türkiyədə, həm də ABŞ-də fəaliyyət göstərirsiniz. Burada yaşamaq və fəaliyyət göstərmək nə kimi üstünlüklər verir? Qısa desək, burada həyat necə gedir?
- “Hollivud” kino və sənət dünyasının simvolik mərkəzidir. 21 dekabr 2025-ci ildə burada daimi muzeyimin açılması mənim üçün sadəcə şəxsi uğur deyil, mədəni hadisədir. Bu, 300 milyonluq Türk dünyası üçün də önəmli bir addımdır. “Hollivud” yalnız film istehsal olunan məkan deyil, qlobal mədəniyyətin istiqamətini müəyyən edən bir platformadır. Burada daimi muzey açmaq artıq sərgi keçirməkdən fərqli olaraq institusional mövcudluq deməkdir. Bu, sənətin müvəqqəti deyil, davamlı təqdimatıdır.
ABŞ-də fəaliyyət göstərməyin əsas üstünlüyü qlobal auditoriyaya birbaşa çıxışdır. Burada sənət sərhəd tanımır. Sistem işləkdir və ideya güclüdürsə, o, mütləq öz yerini tapır. Lakin harada olmağımdan asılı olmayaraq, mənim ruhumun mərkəzi ana vətənimdir. Növbəti böyük arzum muzeyimi öz ana vətənimdə açmaqdır. Çünki sənətin kökü torpaqda olur. Mən o kökü heç vaxt unutmadım.

- ABŞ-də Azərbaycan incəsənətini tanıtmaq istiqamətində fəaliyyətinizdən danışmağınızı istəyərdim.
- Təkcə ABŞ-də deyil, mən dünyanın harasında oluramsa olum, Azərbaycanı hər yerdə təbliğ edirəm. Bu, mənim üçün layihə deyil, mövqedir. Harada sərgi açıramsa, harada film üzərində çalışıramsa, hansı memarlıq və ya mədəni layihədə iştirak edirəmsə, orada Azərbaycan ruhu var. Buna konkret nümunə olaraq Antalya şəhərində reallaşdırılan “Azərbaycan–Türkiyə Kültür Parkı” və “Expo 2016” layihələrini göstərə bilərəm. Bu cür layihələr təkcə estetik məkan deyil, həm də mədəni körpüdür. Mən inanıram ki, sənət diplomatiyadan daha güclü vasitədir. Siyasət sərhəd çəkə bilər, amma sənət sərhədi aşır. Mənim imzamın altında hər zaman Azərbaycan dayanır.
- Növbəti illər üçün planlarınız nədir?
- O qədər plan var ki, sözün açığı, necə deyərlər, “başımı qaşımağa belə vaxt olmur”. Amma bu, sadəcə iş çoxluğu deyil, ideyaların çoxluğudur.
Hazırda paralel şəkildə bir neçə yeni monumental əsərlər silsiləsi, beynəlxalq kino layihələri, muzey konsepsiyasının genişləndirilməsi və yeni mədəni platformaların yaradılması istiqamətində çalışıram. “Hattuşalı Adam” layihəsinin ssenari mərhələsi davam edir. Bununla yanaşı, ən böyük arzularımdan biri ana vətənimdə daimi muzeyimin açılmasıdır. Planlar çoxdur. Amma əsas plan dəyişmir: dayandığım yerdən davam etmək. Çünki illər əvvəl eşitdiyim o cümlə bu gün də mənim həyat prinsipimdir - dayandığın yerdən davam edəcəksən.
Şəkillər Qərbi Hollivud şəhəri tərəfindən təqdim olunub. Bəzi hüquqlar qorunur.
Foto: Alek Volvec.