09:30
1 190
İsrail Hərbi Hava Qüvvələrinin iki texnikinə İrana casusluq etdikləri üçün rəsmi ittiham irəli sürüləcək. İstintaqın məlumatına görə, onlar "Şirin nəriltisi" əməliyyatı zamanı məxfi sənədləri ötürüblər.
Xalqcebhesi.az xəbər verir ki, "The Jerusalem Post" qəzetinin verdiyi məlumata görə, bu barədə çərşənbə günü İsrailin "KAN" dövlət teleradio şirkəti xəbər yayıb.
Şübhəli şəxslər Aşdod yaxınlığındakı "Tel-Nof" aviabazasında xidmət ediblər. İş materiallarına əsasən, F-15 qırıcıları ilə işləyən texniklər mühərriklərin eskizlərini, həmçinin təlimatçı-pilotun üzünün əks olunduğu fotoları İran tərəfinə ötürüblər ki, bu da hərbi senzura qaydalarının birbaşa pozulmasıdır.
Bundan əlavə, kuratorların onlara SAXAL-ın keçmiş Baş Qərargah rəisi, istefada olan general-leytenant Hertsi Ha-Levi və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir haqqında məlumat toplamaq tapşırığı verdiyi bildirilir.
Hakimiyyət texniklərdən biri üçün ittihamı ağırlaşdırmağı nəzərdə tutur: casusluq maddəsi əvəzinə ona dövlətə xəyanət maddəsi ilə ittiham verilə bilər.
KAN-ın məlumatına görə, bazanın daha səkkiz hərbçisi yoldaşlarının hərəkətlərindən xəbərdar olmaqda, lakin bu barədə rəhbərliyə məlumat verməməkdə şübhəli bilinir. Hadisədən sonra "Tel-Nof" aviabazasının komandiri (adı məxfi saxlanılan briqada generalı) şəxsi heyətlə təhlükəsizlik üzrə brifinq keçirib. O, tabeliyində olanlara baş verənlərlə bağlı izahat vermək üçün Şin-Bet-ə (İsrailin Ümumi Təhlükəsizlik Xidməti) çağırıldığını bildirib.
Məryəm Quliyeva