Axios: ABŞ İrana qarşı "qısa və güclü zərbə" planı hazırlayıb Gündəm

Axios: ABŞ İrana qarşı "qısa və güclü zərbə" planı hazırlayıb

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper İranda potensial hərbi əməliyyatlar planını hazırlayıb və brifinq zamanı onu prezident Donald Trampa təqdim edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, plan ehtimal ki, İranın infrastrukturuna təsir edəcək “qısa və güclü zərbə dalğası”nı nəzərdə tutur. Gözlənilir ki, belə bir addım Tehranı danışıqlar masasına qayıtmağa və nüvə proqramı ilə bağlı güzəştlərə getməyə sövq edəcək.

Bundan əlavə, Kuper Trampa quru qoşunlarının iştirakını tələb edə biləcək Hörmüz boğazının mümkün ələ keçirilməsi, habelə ölkədəki yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarına qarşı xüsusi əməliyyat barədə məlumat verəcək.

Axios qeyd edir ki, gözlənilən brifinq ABŞ prezidentinin İranda hərbi əməliyyatları bərpa etmək niyyətinin ciddi olduğunu göstərir. Nəşrin qiymətləndirməsinə görə, məqsəd ya danışıqlarda Tehrana təzyiqi artırmaq, ya da münaqişə başa çatmazdan əvvəl həlledici zərbə endirməkdir. Admiral Kuper analoji brifinqi fevral ayındakı hərbi əməliyyatların başlamasından bir neçə gün əvvəl də keçirmişdi.

Məryəm Quliyeva