Litva ABŞ-dan ikinci "HIMARS" batareyası alacaq Dünya

Litva ABŞ-dan ikinci "HIMARS" batareyası alacaq

ABŞ hökuməti və Litva Müdafiə Nazirliyi yanında Müdafiə Resursları Agentliyi ikinci "HIMARS" yüksək mobil reaktiv yaylım atəşi sistemləri batareyasının alınmasına dair əlavə razılaşma imzalayıblar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.

Yenilənmiş müqaviləyə əsasən, Litva Silahlı Qüvvələri üçün əlavə buraxılış qurğuları, döyüş və təlim sursatları, idarəetmə və rabitə sistemləri, habelə logistik dəstək paketləri və personalın təlimi nəzərdə tutulub.

Litvanın müdafiə naziri Robertas Kaunas bildirib ki, ABŞ ilk batareyanı artıq bu il tədarük etmək öhdəliyi götürüb. Onun sözlərinə görə, yeni satınalmalar ölkənin müdafiə qabiliyyətini gücləndirmək, çəkindirmə tədbirlərini artırmaq və NATO-nun şərq cinahında müttəfiqlərlə birgə fəaliyyət imkanlarını yüksəltmək məqsədi daşıyır.

"HIMARS" tədarükü ilə bağlı ilk saziş 2022-ci ildə imzalanmışdı. Həmin vaxt sistemlərin NATO-nun raketdən müdafiə arxitekturasına inteqrasiyası və şəxsi heyətin hazırlanması da nəzərdə tutulmuşdu.

Birinci və ikinci batareyalar üzrə müqavilələrin ümumi dəyəri təxminən 778 milyon dollar qiymətləndirilir. İcraçı tərəf Amerikanın "Lockheed Martin" şirkətidir.

Tədarükləri gözləyərkən, Litva hərbçiləri artıq ölkədə yerləşən ABŞ-ın "HIMARS" bölməsinin iştirakı ilə hazırlıq keçiblər.

Məryəm Quliyeva