“Praktik nəticələr üçün ABŞ və Rusiyanın razılığı kifayət etmir” Dünya

“Praktik nəticələr üçün ABŞ və Rusiyanın razılığı kifayət etmir”

“ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə söhbətdən sonra İran və Ukrayna ətrafındakı münaqişələrin “eyni vaxt çərçivəsində” bitə biləcəyini deməsi daha çox siyasi mesaj xarakteri daşıyır. Çünki İran və Ukrayna böhranları mahiyyət, tərəflər, maraqlar və regional təsir baxımından tamamilə fərqli geosiyasi dosyelərdir. Buna görə onların eyni zaman intervalında həll olunması nəzəri baxımdan mümkün görünsə də, praktik planda olduqca çətin və mürəkkəbdir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu deyib.

Politoloq qeyd edib ki, Ukrayna münaqişəsi əsasən Rusiya-Qərb qarşıdurmasının nəticəsidir və burada təhlükəsizlik arxitekturası, ərazi məsələləri, NATO-nun genişlənməsi və Avropadakı qüvvələr balansı əsas rol oynayır: “İran məsələsi isə nüvə proqramı, Yaxın Şərqdə nüfuz savaşı, İsrailin təhlükəsizlik narahatlıqları və ABŞ-İran münasibətlərinin gələcəyi ilə bağlıdır. Yəni birində Avropa təhlükəsizliyi, digərində isə Yaxın Şərq sabitliyi ön plandadır. Lakin Vaşinqton və Moskva arasında genişmiqyaslı strateji anlaşma olarsa, bu iki istiqamətdə paralel yumşalma prosesləri başlaya bilər. Məsələn, Ukrayna məsələsində atəşkəs və danışıqlar mexanizmi formalaşdırılarsa, bunun müqabilində İran mövzusunda diplomatik koordinasiya mümkündür. Xüsusilə Rusiya həm Tehran, həm də Kiyev məsələsində müəyyən təsir imkanlarına malik aktordur”.

O əlavə edib ki, bununla belə, “eyni vaxtda həll” ifadəsi daha çox siyasi ritorikadır: “Reallıqda isə bu cür mürəkkəb böhranların tam həlli deyil, yalnız eyni dövrdə gərginliyinin azaldılması və danışıqlar mərhələsinə keçməsi daha real ssenari hesab oluna bilər. Yəni Trampın mesajı diplomatik optimizm nümayişi kimi qiymətləndirilə bilər, amma praktik nəticələr üçün təkcə ABŞ və Rusiyanın razılığı kifayət etmir. Burada Avropa İttifaqı, Çin, İran, Ukrayna və regional güclərin mövqeyi də həlledicidir. Bu isə problemlərin sözlə deyiləcək qədər asan olmadığını, qəliz və çətin bir siyasi eskizdən ibarət olduğu deməkdir”.

Röya İsrafilova