“ABŞ və İran arasında qarşılıqlı etimad çox zəifdir” Dünya

“ABŞ və İran arasında qarşılıqlı etimad çox zəifdir”

“Əgər Trampın İranın danışıqlar zamanı nüvə silahı əldə etmək cəhdlərindən imtina etməyə razılaşdığını deməsi real siyasi razılaşmanın konturlarını əks etdirirsə, bu, Yaxın Şərqdə gərginliyin müəyyən qədər azalmasına səbəb ola bilər. Çünki buna qədər Tramp İran barədə müsbət nəticələr barədə yalnız birtərəfli bəyanatlar verib, hətta onun oxşar bəyanatları iran tərəfindən ələ salınıb. Amma bu bəyanatın doğru olması baxımından yanaşdıqda, prosesin sabit və uzunmüddətli nəticə verməsi bir sıra mürəkkəb amillərdən asılı olacaq”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Elnur Ənvəroğlu deyib.

Onun fikrincə, ilk növbədə, əsas məsələ bəyanatın praktiki mexanizmlərlə müşayiət olunub-olunmamasıdır: “Çünki İran daha əvvəl də nüvə proqramının sülhməramlı xarakter daşıdığını bəyan edib, lakin Qərb dövlətləri xüsusilə uranın zənginləşdirilməsi səviyyəsi və beynəlxalq monitorinq məsələlərində Tehrana etimad göstərməyib. Buna görə də növbəti mərhələdə Beynəlxalq Atom Enerjisi Agentliyinin yoxlamaları, uran ehtiyatlarının məhdudlaşdırılması və sanksiyalarla bağlı texniki danışıqlar əsas gündəmə çevrilə bilər”.

E.Ənvəroğlu bildirib ki, əgər tərəflər mərhələli anlaşma modelinə keçsələr, bu halda regionda bir neçə mühüm dəyişiklik baş verə bilər və bunlardan biri Hörmüzdə sabitliyin əldə edilməsidir: “Bunun nəticəsi olaraq enerji bazarlarında da sabitlik yarana və neft qiymətləri üzərində təzyiq zəifləyə bilər. Bütün bunlar bir ehtimaldır, əlbəttə. Amma fikrimcə prosesin qarşısında ciddi maneələr də qalır. ABŞ və İran arasında qarşılıqlı etimad çox zəifdir. Xüsusilə Tramp administrasiyasının əvvəlki dövrdə nüvə sazişindən çıxması Tehranda Vaşinqtona qarşı dərin şübhə yaradıb. Digər tərəfdən, İran daxilində sərt xətt tərəfdarları ABŞ ilə geniş kompromislərə qarşı çıxa bilərlər”.

Siyasi şərhçi vurğulayıb ki, daha bir vacib məqam odur ki, nüvə məsələsi İran-Qərb münasibətlərindəki yeganə problem deyil: “İranın regional təsiri, proksi qüvvələrlə əlaqələri, ballistik raket proqramı və Yəmən, Suriya, Livan kimi bölgələrdə fəaliyyəti gələcək danışıqlarda əsas mübahisə mövzusu olaraq qalacaq. Ona görə də hazırkı mərhələni tam normallaşmadan çox, gərginliyin idarə olunan şəkildə azaldılması mərhələsi kimi qiymətləndirmək daha doğru olar. Əgər tərəflər texniki və siyasi detallarda ortaq nöqtə tapa bilsələr, bu, regionda daha geniş təhlükəsizlik dialoquna yol aça bilər. Əks halda, kiçik bir insident belə prosesi yenidən qarşıdurma mərhələsinə qaytara bilər”.

Röya İsrafilova