“Söhbət təkcə regiondan yox, dünyadan gedir”
8 May 19:52

“Ermənistanda seçkilər yaxınlaşdıqca rəqibləri gözdən salmaq, yürüdülən öncəki siyasətləri tənqid etmək, habelə cəmiyyəti özünə daha da yaxınlaşdırmaq üçün populist ifadələrə və açıqlamalara yer verilir. Alen Simonyanın Belarusiya ilə bağlı səsləndirdiyi fikri də məhz bu kontekstdə şərh edərdim. Guya ki, Ermənistan müstəqil siyasət yürüdürmüş. Şübhəsiz ki, Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın bir zamanlar Rusiya peyki olması fikri də məhz bu amala xidmət edir. Yəni Makron əsas və mahiyyət etibarilə Nikol Paşinyanın öz sələflərindən fərqlənərək siyasət yürütməsini diqqətə çatdırmaqla həm də Nikol Paşinyanın daxildəki nüfuzunu artırmağa çalışır ki, seçkilərdə səs çoxluğu qazansın”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova söyləyib.
Ş.Həsənova deyib ki, Belarusiya məsələsinə gəldikdə Belarusiya ilə Ermənistan arasındakı fikir ayrılıqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində baş verib: “Nikol Paşinyan bildirmişdi ki, nə qədər ki, Lukaşenko hakimiyyətdədir o zaman Ermənistandan heç kim Belarusiyaya səfər etməyəcək. İlk növbədə Belarusiya ilə Ermənistana iqtisadi baxımdan yanaşmalıyıq ki, bu ölkə Ermənistandan iqtisadi baxımdan kifayət qədər uğurlu ölkədir. Ermənistanın sərhədləri bu gün də Rusiya hərbçiləri tərəfindən qorunur. Rusiyanın Ermənistanda hərbi baza qismində mövcudluğu var. Bu, kifayət qədər ciddi məsələdir. İqtisadi əlaqələrin sıx durumu isə bəllidir. Bu baxımdan hansısa populist fikirlərin səsləndirilməsi şübhəsiz ki, cəmiyyəti ələ almaq üçün oynanılan kartdır. Amma o reallığı da inkar etmək olmaz ki, Nikol Paşinyan Qərbin dəstəyi ilə hakimiyyətə gəldiyindən Rusiya orbitindən uzaqlaşmaq meylini tutur”.
Politoloq əlavə edib ki, Paşinyan dərk etməmiş deyil ki, bu indiki məqamda risklidir, habelə yaxın gələcəyin işi deyil: “Buna görə də bu kimi fikirlərin səsləndirilməsi daha çox daxili auditoriyanı ələ almaq cəhdidir. Həm də erməni cəmiyyətində belə bir fikir formalaşmışdı ki, Rusiya dəstək olmadığı üçün Azərbaycanla müharibədə uduzdu. Bir amili məhz bu məqamda vurğulamalıyıq ki, Fransa Prezidenti Emmanuel Makronun açıqlamaları həm də ondan xəbər verir ki, deməli, Ermənistan heç bir zaman müstəqil xarici siyasət yürüdə bilməyib. Ya Rusiyanın, ya da Qərbin diktəsi ilə addımlar atıb. UNESCO-nun Azərbaycana real qiymətləndirmə üçün missiya göndərməməsini də bununla əlaqələndirərdim. Çünki məhz Fransanın “böyüklük” etməsi, Ermənistana dəstək göstərərək müştərək addımlar nəticəsində UNESCO Azərbaycana gələ bilmədi. Xarici İşlər Nazirliyinin açıqlamasında da bir daha bildirildi ki, UNESCO-nun özü də bu faktı təsdiq edib. Deməli Makron Qərb Ermənistanın indiki Baş naziri Nikol Paşinyanın seçilməsi istiqamətində addımlar atırlar. Bu rəqib qüvvələrin gözdən salınmasına, Nikol Paşinyanın isə nüfuzunun artırılmasına yönəlmiş addımlardır”.
Röya İsrafilova