Makron: Fransa digər regionlarda hərbi bazalar yaratmağa çalışmır Dünya

Makron: Fransa digər regionlarda hərbi bazalar yaratmağa çalışmır

Fransa artıq dünyanın digər regionlarında, o cümlədən Afrikada hərbi bazalar yaratmaq niyyətində deyil. Bunun əvəzinə Paris yerli hərbçilərin təliminə diqqət yetirir və yalnız zərurət yarandıqda "müdaxilə edəcək".

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bəyanat verib.

"Biz artıq müəyyən bölgələrdə iri bazaların yerləşdirilməsi məntiqi ilə hərəkət etmirik: bu, artıq başa düşülmürdü və xüsusilə Rusiyanın ritorikası fonunda neomüstəmləkəçi alət kimi qəbul edilməyə başlanmışdı. Bu cür münasibətlər sağlam deyildi; onlara yenidən baxmaq lazım idi", — deyə o, Nayrobidə keçirilən "Afrika İrəli" sammiti münasibətilə Jeune Afrique jurnalına verdiyi müsahibədə bildirib.

Prezident əlavə edib ki, Fransa hakimiyyəti "digər ölkələrin ordularına təlim keçir, onları təchiz edir və strukturun təkmilləşdirilməsinə kömək edir". Fransa lideri qeyd edib: "Bəzən biz dövlətlərə dəstək məqsədilə müdaxilə edirik, lakin artıq orada daimi əsasda iştirak etmirik".

O, həmçinin xatırladıb ki, Fransa hərbçiləri Mali, Burkina-Faso və Nigeri birləşdirən Sahel Dövlətləri Alyansının ərazisində "onlardan xahiş olunduğu üçün" mövcud idilər. Hərbi çevrilişlərdən sonra fransız hərbçilərin iştirakı "arzuolunmaz" hala gəldikdə isə onlar bölgəni tərk etdilər.

"Bu, təhqir deyil, yaranmış vəziyyətə məntiqi bir cavab idi. Biz münasibətlərimizi yenidən nəzərdən keçirməyə, keçmişin zəncirlərindən qurtulmağa nail olduq və bundan sonra gələcəyə baxırıq", — deyə Makron əlavə edib.

Məryəm Quliyeva