Ərdoğan Qazaxıstana səfər edir Dünya

Ərdoğan Qazaxıstana səfər edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Qazaxıstana rəsmi səfər edəcək, ölkə rəhbərliyi ilə danışıqlar aparacaq və Türk Dövlətləri Təşkilatının (TDT) zirvə toplantısında iştirak edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Astanada Ərdoğan Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev ilə görüşəcək, daha sonra liderlər Türkiyə–Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını keçirəcəklər.

Gözlənilir ki, tərəflər genişləndirilmiş strateji tərəfdaşlıq formatında ikitərəfli münasibətlərin möhkəmləndirilməsini, həmçinin enerji layihələri də daxil olmaqla iqtisadi əməkdaşlığı müzakirə edəcəklər. Ölkələr arasındakı ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması hədəfinə xüsusi diqqət yetiriləcək.

Danışıqların yekununda bir sıra sazişlərin imzalanması və liderlərin işgüzar dairələrin nümayəndələri ilə biznes-forumda iştirakı planlaşdırılır.

Astana proqramından sonra Türkiyə Prezidenti Türkistan şəhərinə yollanacaq və orada TDT-nin qeyri-rəsmi sammitində iştirak edəcək. Görüşün gündəliyində regional və beynəlxalq məsələlər, o cümlədən Yaxın Şərqdəki vəziyyət, habelə üzv ölkələrin liderləri ilə ikitərəfli məsləhətləşmələr yer alır.

Məryəm Quliyeva