Ukrayna Rusiyaya güc göstərir Dünya

Ukrayna Rusiyaya güc göstərir

Rus separatçılarına qarşı hərbi əməliyyatlar davam etdirilir, Luqansk vilayətinin şimalı terrorçulardan təmizlənib

Cavid

Ukraynanın şərqində ordu ilə separatçılar arasında davam edən qarşıdurmalar getdikcə daha da şiddətlənir.
Separatçıların Slavyansk və Luqanskdakı güclü müqavimətini qırmağa çalışan Ukrayna ordusu hərbi aviasiyanın köməyindən istifadə edir.
Ötən gecə isə separatçılar Luqanskdakı hərbi hissələrdən birinə hücum ediblər. Səhərə qədər davam edən atışmada xeyli sayda insan həlak olub. Separatçı qüvvələrin nümayəndəsi Luqanskda yerləşən hərbi hissəni ələ keçirdiklərini bəyan edib.
"RİA Novosti"nin verdiyi xəbərə görə, məlumata əsasən, hərbi hissədə olan bütün hərbçilər təslim olub. "Hərbçilərin hamısı təslim olub. Hazırda onları hərbi hissənin təlim meydanında sıraya düzmüşük, onların barəsində hansı addımların atılacağına dair müzakirə aparılır", deyə mənbə bildirib.
Separatçının sözlərinə görə, əsgərlər arasında çoxlu sayda yaralı var.
"UNN" agentliyi separatçılar arasında da itkilərin olduğunu bildirib. Ukrayna Milli Qvardiyasının məlumatına görə, separatçılar arasında 10-dək silahlı yaralanıb, bir neçə nəfəri öldürülüb.
Qeyd edək ki, 300-dək silahlı separatçı Ukrayna Milli Qvardiyasının milis alayını mühasirəyə alaraq hərbçilərdən təslim olmalarını tələb ediblər. Hərbçilərin etirazına cavab olaraq separatçılar hərbi hissəni qumbaraatan, minaatan, pulemyot və avtomat silahlardan atəşə tutublar. Bir neçə saat davam edən qızğın döyüş zamanı hərbi hissədə güclü yanğın baş verib.
Slavyansk, Qırmızı Liman və Kramatorsk şəhərlərində terror əleyhinə aparılan əməliyyatlar davam etdirilir. Bu barədə Donetsk Vilayət Dövlət administrasiyasının mətbuat xidməti xəbər yayıb.
Qırmızı Liman şəhərində separatçıların müdafiə nöqtələri məhv edilib.
Vilayət Dövlət administrasiyasının məlumatlarına əsasən, Brusovka yaxınlığında atışma davam edir. Müəssisələrin fəaliyyəti qismən dayandırılıb. Bu gecə Kramatorsk şəhərindəki hərbi hissənin yaxınlığında da döyüşlər gedib. Hərbi əməliyyatlar nəticəsində yarımstansiya dağıdılıb. Hərbi hissə tamamilə iflic vəziyyətdədir.
Bu şəhərlərin sakinlərindən evdə qalmaları xahiş olunur. Dünən isə Qorlovka şəhərində Ukrayna ordusunun qırıcı təyyarələri görünüb.
Donetsk şəhərindəki vəziyyət sabit olaraq qalır. Antiterror əməliyyatının fəallaşmasına cavab olaraq, "Donetsk Xalq Respublikasının" üzvləri öz hərbi dəstələrinin rotasiyasını keçirirlər. Bu məlumatı Vilayət Dövlət Administrasiyası açıqlayıb.
İki od arasında qalan bölgə sakinləri isə olduqca çətin durumdadır. Onlar faktiki olaraq Rusiyadan göndərilən silahlı terrorçuların girovuna çevriliblər. Slavyansk və Luqanskda ciddi ərzaq, içməli su və dərman qıtlığı yaranıb. İnsanlar gecəni sığınacaqlarda keçirirlər. "Biz sülh istəyirik, müharibə istəmirik. Sizə yalvarırıq, bizə kömək edin. Donbas xalqını qoruyun", - deyə vətəndaşlardan biri "Euronews"a bildirib.
Qeyd edək ki, "Batkivşina" fraksiyasının rəhbəri Sergey Sobolev Ali Radanın iclasında bildirib ki, Putin Ukrayna ərazisinin işğal edilməsi barədə əmrini verib. O, son zamanlar rus ordusunun silah dolu maşınlarının Ukrayna sərhədini daha tez-tez keçdiyini vurğulayıb: "Antiterror əməliyyatı başqa fazaya keçib. Çünki Putin bizim ölkəyə birbaşa işğal əmrini verib. Belə ki, Rusiya Federasiyasından tez-tez silah dolu yük maşınları Ukrayna sərhədini keçir".
Məlumatlara görə, son günlər Luqanskda gedən döyüşlərdə azı 59 ukraynalı hərbçi həlak olub.
Luqanskda Rusiya yönümlü üsyançılarla Ukrayna hərbçiləri arasında döyüş bazar ertəsindən başlayıb. Ukrayna Baş Prokurorluğundan verilən məlumata görə, döyüşlərdə azı 59 ukraynalı hərbçi həlak olub. Yaralı əsgərlər isə Kiyev hospitalına göndərilib.
Rusiyapərəst qruplaşmalar isə ölənlərin daha çox olduğunu deyir. Ərazidə qızğın döyüşlər getdiyindən məlumatları dəqiqləşdirmək mümkün deyil.
Gərginliyin yaranmasına səbəb separatçıların sərhəd qoşunlarına məxsus hərbi hissəyə hücumu olub. Son məlumatlara görə, mühasirəyə düşmüş sərhədçilərin köməyinə hava qüvvələrindən başqa heç bir qoşun göndərilməyib. Ukrayna hava qüvvələri eyni zamanda Slavyansk yaxınlığında Semyonovka və Çerevkovka kəndlərinə avizərbələr endirib. Yerli sakinlər qorxudan zirzəmilərdə gizlənmək məcburiyyətində qalıb.
Ölkədə münaqişənin getdiyi bir vaxtda Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroşenko ilk xarici səfəri çərçivəsində Polşaya gəlib. Varşavada Belveder Sarayında hələ ki vəzifələrinin icrasına başlamamış prezidenti Polşalı həmkarı Bronislav Komorovski qəbul edib.
O, həmçini ABŞ prezidenti Barak Obama və dövlət katibi Con Kerri ilə də görüşüb, regional məsələləri, o cümlədən Ukrayna böhranını müzakirə edibir.
Qeyd edək ki, Poroşenkonun inaqurasiya mərasimi şənbə gününə təyin olunub.
Təhlükəsizlik problemləri ucbatından ATƏT şərqdə müşahidəçilərinin sayını azaldır. Hələlik rəqəm açıqlanmayıb.
ATƏT-in baş katibi Lamberto Zannier isə deyib ki, Ukraynanın şərqində saxlanmış, ATƏT müşahidəçilərindən ibarət iki komanda "sağ-salamatdır".
Zannier jurnalistlərə deyib ki, ATƏT müşahidəçilərin buraxılması üçün fasiləsiz işləyir. O, detalları açıqlamayıb. Xatırladaq ki ATƏT-in 4 müşahidəçisi mayın 26-da Donetskdə saxlanıb. Daha 4 nəfər tərcüməçi ilə birlikdə 4 gün sonra Luqanskda oğurlanıb.
Pentaqon rəhbəri Çak Heygel isə Baltikyanı ölkələri Rusiyanın təcavüzündən qoruyacağını deyib. Bu barədə Pentaqonun mətbuat xidməti açıqlama yayıb.
Məlumatda bildirilir ki, Çak Heygel Brüsseldə Baltikyanı ölkələrin müdafiə nazirləri ilə görüşdə bildirib ki, ABŞ və NATO Latviya, Litva, Estoniyanı Rusiyanın istənilən təcavüzündən müdafiə edəcək.
Xatırladaq ki, Rusiya Krımı özünə birləşdirməsindən sonra ABŞ, NATO və bir sıra Avropa ölkələri rəsmi Moskvaya qarşı sanksiyalar tətbiq etdi. Avropada olan digər postsovet ölkələri də rəsmi Moskvanın aqressiv siyasətindən narahatdır.