
Son günlər beynəlxalq gündəmdə müzakirə olunan mövzulardan biri də Rusiyanın Polşaya qarşı mümkün hücum ehtimalıdır. Qeyd edilir ki, Rusiya Polşanın kritik infrastruktur obyektlərini raket və ya dronlarla hədəfə ala bilər. Bu nə dərəcədə realdır? Rusiya Polşaya hücum edə bilər?
“Xalq Cəbhəsi” mövzunu politoloqlarla müzakirə edib.
Politoloq Elman Telmanoğlu deyib ki, ABŞ-nin Polşaya yönəlik belə bir xəbərdarlığı ilk dəfə deyil və əsas məqsədi mümkün risklərə qarşı müttəfiqlərin hazırlığını artırmaqdır: “Lakin bu cür xəbərdarlıqlar Rusiyanın mütləq şəkildə Polşaya hücum edəcəyi anlamına gəlmir. Hazırkı mərhələdə Rusiyanın NATO üzvü olan Polşaya açıq hərbi hücum etməsi aşağı ehtimallı ssenari hesab olunur. Çünki Polşaya birbaşa silahlı hücum NATO-nun Vaşinqton Müqaviləsinin 5-ci maddəsinin işə düşməsinə və bunun nəticəsində Rusiya ilə bütün alyans arasında genişmiqyaslı qarşıdurma riskinin yaranmasına səbəb ola bilər. Bu isə Moskva üçün olduqca ağır hərbi, siyasi və iqtisadi nəticələr doğurar. Amma bu o anlama gəlmir ki, risk tamamilə istisna edilmir. Əgər hər hansı təxribat baş versə, onun daha çox hibrid xarakter daşıması, kritik infrastrukturun hədəfə alınması, kiberhücumlar, GPS siqnallarının pozulması, sərhəd bölgələrində gərginliyin artırılması və ya mənşəyi dərhal müəyyən edilməyən məhdud insidentlər formasında olması daha real görünə bilər”.
“Polşaya hücum yüksək ehtimal deyil”
E.Telmanoğlu əlavə edib ki, belə hadisələrin əsas məqsədi NATO-nun birlik və qətiyyətini sınaqdan keçirmək, müttəfiqlər arasında fikir ayrılığı yaratmaq və Ukraynaya göstərilən dəstəyi zəiflətmək ola bilər: “Bununla belə, indiyədək Rusiyanın Polşaya qarşı yaxın zamanda genişmiqyaslı hərbi əməliyyata hazırlaşdığını təsdiqləyən açıq və qəti sübutlar mövcud deyil. Ona görə də hazırkı vəziyyətdə ən əsas nəticə budur ki, təhlükəsizlik riskləri nəzərə alınsa da, Rusiyanın Polşaya birbaşa hərbi hücumu qaçılmaz və ya yüksək ehtimallı hadisə kimi qiymətləndirilmir. Bu sadəcə yoxlanış siqnalı kimi dəyərləndirilə bilər”.
“Bu xəbərdarlıq təsadüfi xarakter daşımır”
Politoloq Aytən Qurbanova söyləyib ki, ABŞ-nin Polşanı Rusiyanın mümkün silahlı təxribatı ilə bağlı əvvəlcədən xəbərdar etməsi Avro-Atlantik təhlükəsizlik məkanında formalaşan yeni geosiyasi reallığın mühüm göstəricisidir: “Rəsmi Vaşinqtonun kəşfiyyat qiymətləndirmələrinə görə Moskva NATO-nun kollektiv müdafiə mexanizminin dayanıqlığını sınaqdan keçirmək məqsədilə Polşanın kritik infrastrukturunu raket və ya pilotsuz uçuş aparatları ilə hədəfə ala biləcək məhdud miqyaslı təxribat ssenarilərini nəzərdən keçirə bilər. Bu xəbərdarlıq təsadüfi xarakter daşımır. Əksinə, o Rusiya-Qərb qarşıdurmasının artıq yalnız Ukrayna cəbhəsi ilə məhdudlaşmadığını, bütövlükdə Avropa təhlükəsizlik sistemini əhatə edən daha mürəkkəb və çoxşaxəli geosiyasi mərhələyə daxil olduğunu göstərir. Ukraynada davam edən müharibə beynəlxalq münasibətlər sistemində qüvvələr nisbətini əhəmiyyətli dərəcədə dəyişdirib. Soyuq müharibədən sonra Avropada formalaşmış nisbi təhlükəsizlik mühiti faktiki olaraq aradan qalxıb, NATO isə yeni çağırışlara uyğun olaraq müdafiə strategiyasını yenidən formalaşdırmağa məcbur olub”.
“Rusiya artıq yalnız regional təhlükə deyil”
A.Qurbanovanın sözlərinə görə, Alyansın son illərdə qəbul etdiyi strateji konsepsiyalar da təsdiq edir ki, Rusiya artıq yalnız regional təhlükə deyil, Avro-Atlantik məkanının təhlükəsizlik arxitekturasına yönəlmiş uzunmüddətli strateji çağırış kimi qiymətləndirilir: “Məhz bu baxımdan yanaşdıqda, Polşanın xüsusi geostrateji əhəmiyyəti diqqətdən kənarda qalmamalıdır. Şərqi Avropa ilə Qərb arasında əsas tranzit məntəqəsi olan Polşa Ukraynaya hərbi və humanitar yardımların çatdırıldığı ən mühüm logistika platformasıdır. Eyni zamanda, NATO-nun şərq cinahında yerləşən ən böyük hərbi infrastruktur məhz bu ölkədə cəmləşib. ABŞ hərbi kontingentinin, müasir hava və raketdən müdafiə sistemlərinin, çoxmillətli döyüş qruplarının və strateji sursat ehtiyatlarının Polşada yerləşdirilməsi bu ölkəni Alyansın çəkindirmə strategiyasının əsas dayaqlarından birinə çevirib. Təsadüfi deyil ki, mümkün təxribat ssenarilərində Polşanın adı ön sırada çəkilir. Bununla belə, Rusiyanın Polşaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlaması mövcud geosiyasi şəraitdə yüksək ehtimallı ssenari hesab edilmir. Belə bir addım NATO-nun kollektiv müdafiə prinsipini işə sala və nəticədə Rusiya ilə Alyans arasında birbaşa hərbi qarşıdurmaya səbəb ola bilər”.
“Kreml hibrid təsir alətlərinə üstünlük verir”
O əlavə edib ki, nüvə silahına malik tərəflər arasında belə bir eskalasiyanın doğura biləcəyi nəticələr isə qlobal təhlükəsizlik üçün son dərəcə ağır risklər yaradır: “Ona görə də rəsmi Kremlin hazırkı mərhələdə NATO ilə açıq müharibədən daha çox hibrid təsir alətlərinə üstünlük verməsi daha real görünür. Müasir münaqişələrin xarakteri də bunu təsdiqləyir. Artıq dövlətlər klassik hərbi əməliyyatlardan daha çox kiberhücumlar, kritik infrastrukturun sıradan çıxarılması, peyk naviqasiya sistemlərinin pozulması, informasiya manipulyasiyaları, dezinformasiya kampaniyaları və pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilən məhdud təxribatlardan istifadə edirlər. Bu cür hibrid fəaliyyətlər bir tərəfdən siyasi təzyiq vasitəsi rolunu oynayır, digər tərəfdən isə qarşı tərəfin hərbi cavab verməsini hüquqi və siyasi baxımdan mürəkkəbləşdirir. Rəsmi Moskvanın mümkün strategiyası da məhz bu məntiqə əsaslana bilər. Əsas məqsəd NATO ilə birbaşa müharibəyə başlamaq deyil, Alyansın qərarvermə mexanizmini sınaqdan keçirmək, müttəfiqlər arasında fikir ayrılığı yaratmaq və Ukraynaya göstərilən hərbi-siyasi dəstəyi zəiflətməkdir”.
“NATO şərq cinahının müdafiəsini gücləndirib”
A.Qurbanova eləcə də bildirib ki, rəsmi Kreml üçün strateji üstünlük hərbi qələbədən daha çox Qərbin siyasi həmrəyliyinin sarsıdılması ilə ölçülür: “ABŞ-nin Polşaya ünvanladığı xəbərdarlıq da məhz bu kontekstdə qiymətləndirilməlidir. Vaşinqton mümkün təhlükəni əvvəlcədən ictimailəşdirməklə həm müttəfiqlərin hazırlıq səviyyəsini artırmağa, həm də potensial təxribatın çəkindirilməsinə çalışır. Beynəlxalq təhlükəsizlik praktikasında qabaqlayıcı xəbərdarlıq mexanizmi yalnız informasiya mübadiləsi deyil, eləcə də effektiv strateji çəkindirmə vasitəsi hesab olunur. Mümkün hücumun əvvəlcədən ifşa edilməsi belə addımın siyasi və hərbi qiymətini artırmaqla yanaşı, onun həyata keçirilməsi ehtimalını da azaldır. Digər tərəfdən isə NATO son illərdə şərq cinahının müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirib. Polşa, Rumıniya və Baltik ölkələrində hərbi infrastrukturun genişləndirilməsi, yeni hava və raketdən müdafiə sistemlərinin yerləşdirilməsi, yüksək hazırlıqlı qüvvələrin sayının artırılması və mütəmadi keçirilən birgə hərbi təlimlər Alyansın çəkindirmə potensialını nəzərə çarpacaq dərəcədə yüksəldib. Bu isə Rusiyaya açıq mesaj verir ki, istənilən hərbi avantüra əvvəlki dövrlərlə müqayisədə daha ağır siyasi, hərbi və iqtisadi nəticələr yarada bilər…”.
“Bu qorxunc xəbərlər ilk dəfə deyil”
Politoloq Tofiq Abbasov qeyd edib ki, Vaşinqton və NATO rəhbərlərinin Rusiya ilə bağlı belə qorxunc xəbərlər yaymaqları ilk dəfə deyil: “Xüsusilə Rusiya ilə həmsərhəd və ya coğrafi baxımdan ona yaxın olan Baltikyanı ölkələr, Polşa və eləcə də digər ölkələrlə bağlı tez-tez risklər və mümkün təhlükələr barədə xəbərdarlıqlar səsləndirilir. Amma əslində bir neçə dəfə olub ki, Polşaya və digər yaxın ölkələrə guya Rusiya tərəfindən dronlar uçub, təhdid törədib. Hətta onların təxribatların arxasında dağıdıcı planlar gördükləri ilə bağlı iddialar da var. Bir neçə belə hadisədə vurulan dronların qalıqları ekspertiza olunub. Araşdırma zamanı onların daxilində istifadə edilən SİM kartların Rusiya istehsalı olmadığı, əksinə, xarici ölkələrdə, xüsusən İsveçdə istehsal edildiyi müəyyən edilib və onlarla da guya Rusiya tərəfindən gələn dronlar təchiz edilib”.
“Qərb ciddi cəhdlə çalışır ki...”
T.Abbasov diqqətə çatdırıb ki, Qərb ciddi cəhdlə çalışır ki, bir çox ölkələri Rusiyaya qarşı qaldırsın, onları Ukrayna kampaniyası ətrafında səfərbər etsin ki, Rusiyanın cəbhə xəttində çox ağır vəziyyət yaransın: “Qərb həmişə bu texnologiyalardan istifadə edib. İrana və digər ölkələrə qarşı da istifadə ediblər ki, ətraf ölkələrin hamısını düşmən saydıqları məmləkətə qarşı qoysunlar və burada ciddi bir böhranlı vəziyyət yaratsınlar. Mən belə xəbərlərin həqiqətə uyğun olduğuna inanmıram. Əksinə, onlar görürlər ki, Rusiya daxildə səfərbərlik elan etməyə çalışır. Ona görə də tələsik şəkildə istəyirlər ki, anti-Rusiya koalisiyasını möhkəmlətsinlər və onu qətiyyətlə təmin etsinlər. Qətiyyət də oradan irəli gəlir ki, əgər risklər varsa, qətiyyət yaranır. Odur ki, bu risklərin bir çoxu uydurmadır və təxribat yönlüdür”.
Röya İsrafilova