ABŞ İraqa 800 milyon dollarlıq helikopter satışını təsdiqləyib
ŞƏT ölkələri İranın suverenliyini dəstəklədiklərini bildiriblər
Prezidentin sosial şəbəkə hesablarında “ŞƏT plyus" sammitində iştirakı ilə bağlı paylaşım edilib
Bişkekdə dövlət və hökumət başçılarına Qırğızıstan Prezidenti adından ziyafət verilib
“Azərbaycan və Qırğızıstan münasibətlərini daha da gücləndirib”
11:45
315
“Prezident İlham Əliyevin Qırğızıstana səfəri Azərbaycanla Qırğızıstan arasında münasibətlərin inkişafı baxımından mühüm hadisədir. Səfər zamanı keçirilən görüşlər iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bir daha göstərdi. Bişkekdə aparılan müzakirələrdə siyasi münasibətlərlə yanaşı, iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət, nəqliyyat, enerji və humanitar əməkdaşlıq məsələləri də önə çıxır. Azərbaycan və Qırğızıstan son illərdə münasibətlərini daha da gücləndiriblər. Bu baxımdan belə görüşlər mövcud əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına imkan yaradır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
A.Hüseynov vurğulayıb ki, səfərin digər mühüm tərəfi Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin daha da möhkəmlənməsidir: “Azərbaycan həm coğrafi mövqeyinə, həm də nəqliyyat imkanlarına görə Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin inkişafında mühüm rol oynaya bilər. Bakı ilə Bişkek arasında əməkdaşlığın genişlənməsi də bu prosesin bir hissəsidir. Şanxay Əməkdaşlıq Təşkilatı baxımından da Azərbaycanın rolu diqqət çəkir. Təşkilat Asiya məkanında böyük siyasi və iqtisadi çəkisi olan ölkələri bir araya gətirir. Azərbaycan üçün bu platforma Mərkəzi Asiya və digər Asiya dövlətləri ilə əlaqələri genişləndirmək baxımından əlavə imkan yaradır”.
Deputatın fikirlərinə görə, Azərbaycanın ŞƏT-ə marağı siyasi, iqtisadi və regional əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edir: “Burada nəqliyyat dəhlizləri, ticarət, enerji təhlükəsizliyi və regional əlaqələrin inkişafı kimi məsələlər də mühüm yer tutur. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarında iştirakı ölkənin bu təşkilat üçün əhəmiyyətini artıran əsas amillərdəndir. Ümumilikdə, Prezident İlham Əliyevin Qırğızıstana səfərini Azərbaycanın Mərkəzi Asiya siyasətinin davamı kimi qiymətləndirmək olar. Bakı Bişkeklə münasibətləri inkişaf etdirməklə yanaşı, region ölkələri ilə daha sıx əməkdaşlığa çalışır. Bu proses Azərbaycanın həm Mərkəzi Asiyada, həm də daha geniş Avrasiya məkanında mövqelərinin güclənməsinə xidmət edir”.
Röya İsrafilova