12:32
266
Azərbaycanda sertifikatlı yerli toxum istehsalının artırılması və özəl sektorun toxumçuluq sahəsində fəaliyyətinin genişləndirilməsi hədəflənir.
“APA-Economics” xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova yeni qəbul olunmuş “Toxumçuluq haqqında” Qanunla bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, toxumçuluq sahəsində edilən dəyişikliklərin əsas istiqamətlərindən biri özəl sektorun bu sahədə iştirak imkanlarının genişləndirilməsidir.
Nazir müavini qeyd edib ki, ölkədə müxtəlif bitkilər üzrə məhsuldarlığın artırılması qarşıya qoyulan əsas hədəflərdəndir və bu məqsədə çatmaq üçün istifadə olunan toxum materialının keyfiyyəti mühüm rol oynayır.
“Əsas məqsədlərdən biri fermerlərin sertifikatlı toxumlardan istifadəsinin genişləndirilməsi, ölkədə sertifikatlı toxum istehsalının artırılması və yerli toxumun keyfiyyətinə inamın yüksəldilməsidir”, – İlhamə Qədimova bildirib.
O əlavə edib ki, hazırda istehsalda həm idxal, həm də yerli toxumlardan istifadə olunur. Yeni yanaşma yerli toxum istehsalının artırılması ilə yanaşı, bazarda mövcud olan toxumların keyfiyyətinə nəzarətin gücləndirilməsini də nəzərdə tutur.
İlhamə Qədimovanın sözlərinə görə, bu məqsədlə monitorinq və məsafədən nəzarət mexanizmlərinin tətbiqi də genişləndiriləcək.